Məhkəmə qərarları › İş №2(103)-7766/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7766/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7766/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin e-2(001)-4712/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4712/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1494 (bir min dörd yüz doxsan dörd) manat məbləğində əsas borc, 140 (yüz qırx) manat məbləğində cərimə borcu və 35,30 (otuz beş manat 30 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1669,30 (bir min altı yüz altmış doqquz manat, otuz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçınə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verib, həmçinin müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərib ki, qətnamənin surəti ona poçt vasitəsilə göndərilsə də vaxtında almamışdır. Belə ki, o, qeydiyyatda olduğu ünvanda yaşamır və faktiki olaraq başqa ünvanda yaşayır. Bu səbəbdən də məktub ona xx.xx.2022-ci il tarixdə çatdırılıb, buna görə də vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Göründüyü kimi, qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəblərdən ötürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin e-2(001)-4712/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərardadı ərizənin təmin edilməməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4712/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş edib göstərir ki, məhkəmənin qərardadı ilə razılaşmaq olmaz, əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Qətnamənin surəti ona poçt vasitəsilə göndərilsə də vaxtında almamışdır. Belə ki, o, qeydiyyatda olduğu ünvanda yaşamır və faktiki olaraq başqa ünvanda yaşayır. Bu səbəbdən də məktub ona xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Qeyd edilən səbəbdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Göründüyü kimi qətnamədən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəblərdən ötürülmüşdür. Onun qeydiyyatda olduğu ünvanda yaşamaması, digər yerdə faktiki yaşaması səbəbindən qətnamə ona 11 avqust 2022-ci il tarixdə çatdırılmamışdır, gec məlumat almışdır. Göründüyü kimi tərəfindən prosessual müddət ötürülməmişdir, apellyasiya şikayəti vaxtında onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə olan halda qətnamə ona rəsmi qaydada 14 sentyabr 2022-ci il tarixdə təqdim edilmiş hesab olunur və apellyasiya şikayəti vermə müddəti də ötürülmüş hesab edilə bilməz. Bu amillər məhkəmə tərəfindən nəzərə alınmalı olduğu halda nəzərə alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin e-2(001)-4712/2022 saylı, 04 noyabr 2022ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iş materiallarında olan SS**********AZ saylı xəbərnamədən görünür ki, cavabdehin ünvanına göndərilmiş 04 avqust 2022-ci il tarixli məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə həmin ünvanda xəbərnamə “Ağayeva” tərəfindən imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin 2 saylı Poçt filialı tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, PF-2-2/238 №-li məktubdan görünür ki, SS**********AZ saylı sifarişli məktub 11 avqust 2022-ci il tarixdə vətəndaş Cavabdeh F-8 jurnalına imza olunmaqla təhvil verilmişdir. Belə olan halda, cavabdeh qətnamədən apellyasiya şikayətini ən geci 12 sentyabr 2022-ci il tarixdə verməli olduğu halda, sözügedən qətnamədən apellyasiya şikayətini 12 oktyabr 2022-ci il tarixdə vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Əvvəla, iş materiallarının 35-ci vərəqindəki iş materiallarında olan SS792852156AZ saylı xəbərnamədən görünür ki, cavabdehin ünvanına göndərilmiş 04 avqust 2022-ci il tarixli məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə həmin ünvanda xəbərnamə “Ağayeva” tərəfindən imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin 2 saylı Poçt filialı tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, PF-2-2/238 №-li məktubda SS**********AZ saylı sifarişli məktubun 11 avqust 2022-ci il tarixdə vətəndaş Cavabdeh F-8 jurnalına imza olunmaqla təhvil verildiyi göstərilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətini ən geci 12 sentyabr 2022-ci il tarixdə verməli olduğu halda 12 oktyabr 2022-ci il tarixdə vermişdir. Lakin cavabdehi qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitdikdən sonra, yəni 12 oktyabr 2022-ci il tarixdə apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni elektron kabinetdə yerləşdirmişdir. Göründüyü kimi, cavabdeh hər hansı bir üzrlü səbəb olmadan apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də əsas omadığından şikayət təmin edilə bilməz. Şikayətində göstərdiyi dəlillər isə, yuxarıda qeyd olunanlara əsasən təkzib olunur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin e-2(001)-4712/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin e-2(001)-4712/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar