Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7767/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vüqar Allahverdiyevin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair 2(006)-1864/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89387 “Samsung Galaxy A6” markalı telefon üçün 279 (iki yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, cəmi 306 (üç yüz altı) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Samsung LED” markalı televizor, “Epson” markalı printer, “Apple AirPods” markalı qulaqcıq üçün 695 (altı yüz doxsan beş) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat cərimə, cəmi 764 (yeddi yüz altmış dörd) manat, ümumilikdə 1070 (bir min yetmiş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1100 (bir min yüz) manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********89387 “Samsung Galaxy A6” markalı telefon və “Samsung LED” markalı televizor, “Epson” markalı printer, “Apple AirPods” markalı qulaqcıq almış və nəticədə 1070 (bir min yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********89387 Samsung Galaxy A6 markalı telefon üçün 306 manat olmaqla ondan, 279 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2484 manat (18 ay x 138 manat + 0 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor, “Epson” markalı printer, “Apple AirPods” markalı qulaqcıq üçün 764 manat olmaqla ondan, 695 manat ödənilməmiş hissə, 69 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2350 manat təşkil edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmaqla qanunları düzgün tətbiq etməmişdir. İşin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv araşdırılıb onlara hüquqi qiymət verilməməklə iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Belə ki, ilk öncə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus mağazadan bir neçə məhsul almışdır və məhsullara görə ödənişi bütövlükdə etmişdir. Aldığı məhsullara görə etdiyi ödənişlərdən sonra onun qalıq borcu cəmi 600 manat təşkil etsə də, məhkəmə ondan 1070 manat pul tutmuşdur. Göründüyü kimi, iddiaçının ondan tələb etdiyi məbləğ artıq dərəcədə şişirdilmişdir. Hesab edir ki, qətnamə qəbul edilmədən, mütləq qaydada mühasibatlıq ekspertizası keçirilməli idi və faktiki borc qalığı müəyyən olunmalı idi. Lakin məhkəmə bunu etməmiş və iddiaçının tələbini tam təmin etmişdir. Bununla yanaşı, məlum Covid-19 pandemiyası və maliyyə böhranından sonra bir çox vətəndaşda olduğu kimi, cavabdehin də ödəniş qabiliyyəti kəskin azalmış, yəni şərait əhəmiyyətli dərəcədə dəyişmiş və bu səbəbdən borcumu tam ödəyə bilməmişdir. Dəfələrlə iddiaçıya məsələdən çıxış yolu tapmaq üçün müraciət etsə də, heç bir cavab almamışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 00213090 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh satın aldığı məhsullara görə “xxxxxxxxxxx” MMC-yə 12 ay müddətinə 840 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 00358094 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satın aldığı məhsullara görə “xxxxxxxxxxx” MMC-yə 18 ay müddətinə 2484 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 279 manat əsas borc, 27 manat cərimə borcu olmaqla, ümumilikdə 306 manat, xx.xx.2018-ci tarixli müqaviləyə uyğun olaraq 695 manat əsas borc, 69 cərimə borcu olmaqla, ümumilikdə 764 manat olmaqla, cəmi 1070 manat borcu vardır. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh “xxxxxxxxxxx” MMCdən “Epson L 364”, “Apple AirPods White” markalı məhsulları, xx.xx.2018-ci il tarixli təhviltəslim aktına əsasən isə Cavabdeh “xxxxxxxxxxx” MMC-dən telefon quraşdırma xidməti, “Samsung Galaxy A6 2018 DS” markalı məhsulları təhvil almışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 600.1, 600.4, 601.1 və 739-cu maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmasında mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Satıcı qismində İddiaçı MMC həmin müqavilələrə uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və məhsulları alıcı olan Cavabdeh mülkiyyətinə vermişdir, bu hal təhvil təslim aktları ilə öz təsdiqini tapır və mübahisə olunmur. Lakin alıcının müvafiq müqavilələr üzrə öhdəliklərini lazımınca tam və vaxtında yerinə yetirməsi sübuta yetirilmir. Belə olan halda, alıcı Cavabdeh satıcı olan İddiaçı MMC ilə qarşısında müqavilə öhdəlikləri üzrə mülki hüquqi məsuliyyəti yaranır. Bununla yanaşı, cavabdeh tutulması qət edilən borcu mübahisələndirsə də, həmin borun əsassız olması və (ya) düzgün hesablanmamasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1864/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7767/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7767/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver