Məhkəmə qərarları › İş №2(103)-7773/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7773/2021

01.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7773/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-2059/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yusif Qasımov küçəsi, ev 1 A-də yaşayır. Müqaviləyə əsasən ona məxsus Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yusif Qasımov küçəsi, ev 1 A-da yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. Abonenet kodu atası X1 adına rəsmiləşmiş, atası 29 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. 30 aprel 2019-cu il tarixdə Cavabdeh əməkdaşları qaz sayğacını çıxarmış, bu barədə akt tərtib etmişdir. Daha sonra mənə 486 manat borcin olmağı ilə bağlı bildiriş-xəbərdarlıq gəlmiş, bununla bağlı sözü gedən quruma müraciət etdikdə, ona bildirmişlər ki, 486 manat qaz sərfiyyatına görə borcu vardır. Həmin borcun hardan yaranmasını araşdırmaq üçün rayon yerli qaz idarəsinə müraciət etmişdir. Cavabında ona bildirilmişdir ki, 30 may 2019-cu il tarixli aktda “sayğacın çıxış plasmas borusunun deşildiyi qeyd olunmuş, həmin akta əsasən “ Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 may 2019-cu il tarixli akt tərtib olunmuş, 486 manat dəymiş ziyan hesablanmışdır. Daha sonra o, 30 may 2019-cu il tarixli aktı, 30 aprel 2019-cu il tarixli aktı, tələbnaməni, hesabı əldə etmişdir. Ödəniş saldosundan da görünür ki, o, sayğac göstəricisinə əsasən, istehlak olunmuş qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir. Qeyd edir ki, akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş, lakin imtina etdiyi qeyd edilmişdir. Bu səbəbdən də hesab edir ki, akt tərtib olunduğu andan etibarsızdır. Ona görə də Cavabdeh İB tərəfindən ona (abonent kodu: **********10000) əsassız hesablanmış 486 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-2059/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********10000) hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Emin Məmmədli).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-2059/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğvi üçün əsasdır. İddiaçıya məxsus yaşayış sahəsində quraşdırılmış sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuş və bu barədə akt tərtib olunmuşdur. Sayğac yoxlamadan keçirilərkən onun onun sadəcə zədələndiyi deyil, ona müdaxilə olunduğu aşkar edilmişdir. Qaz sayğacına müdaxilə etməklə, təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacın çıxış plastmas borusunun deşilməsi” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 486,0 manat (4860 m3 x 0,10 manat = 486 manat) tələb edilir.

10. İş materiallarında olan 30 may 2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunmuşdur.

11. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X2 29.12.2020-ci ildə ölmüşdür.

12. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, atası X2 və anası X3 olan İddiaçı Bakı şəhərində doğulmuşdur. Hüquqi dəyərləndirmə:

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, akta əsasən iddiaçıya 486 manat borcun hesablanması cavabdeh orqan tərəfindən sübut edilmədiyindən iddiaçıya 486 manat məbləğində borc yazılması əsassız olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 486 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur.

20. Kollegiya qeyd edir ki, həmin akta əsasən iddiaçıya 486 manat məbləğində borcun hesablanması əsasları ilə bağlı sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının 486 manat məbləğində borcunun olması halı cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də cavabdeh daşıyır.

21. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

24. Odur ki, kollegiya birinci instansiya məhkəməinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübuta yetirə bilmədiyindən, həmin borcun silinməsinə dair iddia əsaslı olmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

25. Kollegiya məhkəmə xərci ilə bağlı qeyd edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur.

26. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

27. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-2059/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar