Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7774/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: əmlakın naturada bölgüsü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın naturada bölgüsü və sair tələblərə dair e-2(001)-1061/2022 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilinin 1/5 hissəsinə Cavabdeh1, 1/5 hissəsinə İddiaçı qızının, 3/5 hissəsinə isə Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli 10/1148 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilinin tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölgüsü “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi, 137 saylı evin 24 saylı mənzilinin bazar qiyməti 115000 manat məbləğində müəyyən edilmişdir.
4. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 iddianı etiraf etməyərək bildirmişdir ki, kompensasiyanı birdəfəlik ödəməyə imkanı yoxdur, iddiaçıya onun mənzildə olan payının dəyərinə uyğun hissə-hissə bir il ərzində kompensasiya ödəməyə razıdır. Digər cavabdehlə söhbət aparılmış, o hər hansı kompensasiyanın iddiaçıya ödənilməsinə razı olmamışdır.
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 64,74 kvadratmetr ümumi sahəsi olan mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********97-05101- 093010 reyestr nömrəli çıxarışa əsasən mənzildə 1/5 hissədə paylı mülkiyyətçidir. Lakin digər paylı mülkiyyətçilərin hazırkı mülki iş üzrə Cavabdeh2 (3/5 hissədə pay sahibi) və Cavabdeh1 (1/5 hissədə pay sahibi) qanunsuz hərəkətləri səbəbindən sözügedən mənzildən istədiyi kimi istifadə edə və sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Onun tərəfindən hazırkı mülki iş üzrə hər iki cavabdehin rəsmi yaşayış yerlərinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə təklif məktubu göndərilmişdir. Sözügedən təkliflər cavabdehlər tərəfindən qəbul edilmiş, lakin cavabdehlər təklifləri cavabsız qoymuşlar.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1061/2022 saylı mülki iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Məhəmməd Rüstəmli)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4cü maddələrinin tələblərinə əməl edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı (1/5 hissə), cavabdehlər Cavabdeh1 (1/5 hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi ev 137də yerləşən 24 saylı mənzilin satış qiyməti 115000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu iddiaçı və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 220.2- 220.6-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən təmin edilib ödənilmiş dövlət rüsumunun, habelə keçirilmiş ekspertiza və qiymətləndirmə məsrəflərinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində dəyişdirilərək iddianın qismən təmin edilməklə, həmin məsrəflərin iş üzrə bütün tərəflər arasında müştərək qaydada tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin cüzi hissədə payçısı olan iddiaçıdan fərqli olaraq, cavabdehlərin mənzilin əsas payçısı olmasına baxmayaraq məhkəmə tərəfindən Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbinə zidd olaraq iddiaçının xeyrinə paylı mülkiyyətin qalan iştirakçılarının, yəni cavabdehlərin öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoyulmayaraq mənzilin hərracda satılması ilə bağlı qərar verilmişdir ki, bu da nəticə etibarilə cavabdehlərin konstitusion hüquqları olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Qətnaməyə əsasən bütün məhkəmə xərcləri əsassız olaraq cavabdehlərdən tutulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirakın üzrlü səbəbdən mümkün olmaması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Eyni Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən ləğv olunub qətnamənin məhkəmə məsrəfləri ilə bağlı hissədə dəyişdirilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından, paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən iddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə tam haqlı olmuşdur. Mənzildə 1/5 hissədə payı olan iddiaçının mənzildə payının cüzi olması barədə apellyasiya şikayətinin dəlili formal və əsassızdır. Apelyatorun şikayətindəki xüsusatla bağlı kollegiya qeyd edir ki, mülki prossesual qanunvericiliyə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyinə görə, iddia tələbi də təmin edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq məhkəmə xərclərini cavabdehlərdən müştərək qaydada tutmuşdur.
17. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1061/2022 saylı mülki iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.