Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7777/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs Nazim Səfiyevin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış 26.07.2016-cı il tarixli, 108RGTK162080003 nömrəli kredit müqaviləsi etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs (iddiaçının atası) Nazim Səfiyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh (kredit verən) ilə iddiaçının (kredit alanın) arasında bağlanmış 26.07.2016-cı il tarixli, 108RGTK162080003 nömrəli kredit müqaviləsinə (iş v. 10) görə cavabdeh iddiaçıya 9.099,01 manat məbləğində kredit verməyi öhdəsinə götürüb. Kredit 60 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 26 faiz müəyyən olunub. Müqavilədə qeyd olunub ki, kredit borc alanın cari hesabına köçürmə üsulu ilə verilir. Müqaviləni etibarnamə əsasında cavabdehin atası (üçüncü şəxs) imzalayıb. Həmin etibarnaməni (iş v. 6) 10.07.2016-cı il tarixdə iddiaçı öz atasına (üçüncü şəxsə) 20 il müddətinə verib. İddia onunla əsaslandırılıb ki, daha əvvəl cavabdehlə iddiaçının arasında 15.11.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıya 8.500 manat kredit vermişdir. Kreditin ödənilməsi ilə bağlı müəyyən gecikmələr olmuş, cavabdeh iddiaçıya xəbərdarlıq məktubu göndərmişdir. İddiaçının atası (üçüncü şəxs) həmin məktubla birlikdə cavabdeh təşkilata getmişdir. Cavabdeh təşkilatda iddiaçıya bildirmişlər ki, məsələnin həlli üçün yeni kredit müqaviləsi bağlanmalı, restrukturizasiya olmalıdır. İddiaçının atası isə iddiaçının ona verdiyi etibarnamədən istifadə edərək cavabdehin təklif etdiyi kredit müqaviləsinin “borc alan” qrafasında iddiaçının əvəzinə imza etməklə yeni kredit müqaviləsi bağlamışdır. Halbuki, restrukturizasiya üçün şəxsən iddiaçı tərəfindən ərizə təqdim olunmalı idi. Bundan başqa, etibarnamədə bank və bank olmayan kredit təşkilatları ilə kredit müaviləsi bağlamaq səlahiyyəti verilməmişdir. İddiaçının istinad etdiyi hal əqdin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kredit müqaviləsi bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər pozulmayıb. Etibarnamədən görünür ki, iddiaçı öz atasına qanunla icazə verilmiş bütün əqdləri bağlamağı etibar etmişdir. Kredit müqaviləsi də əqddir. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Beləliklə, birinci insytansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7777/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7777/2021
01.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver