Məhkəmə qərarları › İş №2(103)-778/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-778/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-778/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Səmədov Tofiq Səməd oğlunun məruzəsi və sədrliyi, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X15, Cavabdeh1 MTK-nın nümayəndəsi X3 iştirakları ilə, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, və Cavabdeh2 MMC-yə qarşı müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.300 (min üç yüz) manat olmaq şərti ilə, cəmi 223.847 manat məbləğində pulu 20.12.2018-ci il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəməsi, habelə birləşdirilmiş iddia üzrə və Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 04.06.2019-cu il tarixli B-266/19 saylı müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış xsahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.100 ( bir min yüz) manat olmaq şərti ilə, cəmi 189.409 manat məbləğində pulu 04.07.2019-cu il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəməsi və həmin mənzillər üzərində mülkiyyət hüququ əldə etməsi faktının təsdiq edilməsini, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi haqqında” 02.12.2019-cu il tarixli 01 saylı əmri etibarsız hesab etməklə əmrin etibrasız hesab olunması ilə əlaqədar Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 09.12.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi də qüvvəsini itirmiş hesab edilməsi, "xxxx" MMC və Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən bağlanmış müqavilə şərtlərinə əməl edilməsi və ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19 cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillərin İddiaçı (tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə) təhvil verilməsi öhdəliyinin icrasının təmin edilməsini, "xxxx" MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq İddiaçı Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyesterində qeydə alındığı andan əmələ gəlir) tələblərinə uyğun olaraq öz hüquqlarını həyata keçirməsi və bu hüququn maneəsiz şəkildə, sərbəst reailzə edilməsinin təmin edilməsini, ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərdən alınaraq İddiaçı xeyrinə ödənilməsini, məhkəmə işə baxarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərar çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin və birləşdirilmiş iddia tələbləri onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin mülkiyyətində olan 0,31 ha torpaq sahəsi var. Cavabdehlər "xxxx" MMC ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında 05.07.2018-ci il tarixdə ünvan 3 ünvanında, 3 bloklu, 21 mərtəbəli yaşayış binasına dair 0507/01-18 nömrəli “podrat” müqaviləsi bağlanmışdır. Müqavilədə ehtimal olunan qiymət 5.000.000 manat müəyyən edilmişdir. Bu müqavilənin bağlanmasında "xxxx" MMC-nin direktoru Məhərrəm Həsənov və Cavabdeh1 MTK-nın icraçı direktoru Dilafir Rəsulov iştirak etmişdir. Bu münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi "xxxx" MMC özünün (satıcı) podratçı hüquqlarını Cavabdeh1 Mənzil Tikinti Kooperativinə həvalə etmişdir. Həmin müqavilədən sonra Cavabdeh1 Mənzil Tikinti Kooperativi ünvan 4 ünvanında, "xxxx" MMC-nin mülkiyyətində olan 0,31 ha torpaq sahəsində 3 bloklu 21 mərtəbəli binanın inşasını həyata keçirmişdir. Sözügedən 05.07.2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilənin 1-ci səhifəsində ödəniş şərtləri ilə bağlı qeyd edilmişdir ki, “ödəniş: yerinə yetirlmiş işlərin həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) ediləcək”dir. Bundan əlavə müqavilənin “qiyməti və hesablaşma qaydası”ndan bəhs edilən 2-ci bəndində qeyd edilmişdir ki, ödənişlərin dəyərinin ödənilməsi təhvilqəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcılıqlla həyata keçirilir. Yerinə yetririlmiş işlərin dəyəri podratçı tərəfindən müvafiq qaydada (barter olunur) əvəzləşdirilir. Beləliklə, tərəflərin razılaşmasında və müqavilə şərtlərinə əsasən Möhsün Sənani küçəsi 13/15 ünvanda inşa ediləcək 3 bloklu 21 mərtəbəli binada (225 mənzildə) həm "xxxx" MMC-nin həm də Cavabdeh1 MTK-nın mənzil payları olmuşdur. Başqa sözlə cavabdehlər: "xxxx" MMC ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında ümumi birgə paylı mülkiyyət podrat və barter münasibətləri mövcud olmuşdur. Toplanmış sənədlərdən görünür ki, torpağın dəyəri və sənədləşməyə çəkilən xərclər istisna olmaqla 2018-2019-cu illərdə "xxxx" MMC tərəfindən sözügedən tikintiyə, 21 mərtəbəli binanın inşasına vəsait qoyulmamışdır. Qeyd edilən tikinti Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən və onun topladığı vəsait hesabına həyata keçirilmişdir. Cavabdeh1 Kooperativi isə bu vəsaiti tikilmiş mənzillər ilə bağlı fiziki (hüquqi) şəxslərlə bağladığı müqavilələr hesabına əldə etmişdir. Məsələn, müqavilənin icra vəziyyəti ilə bağlı 2020-ci ildə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri B.Abbaslının "xxxx" MMC-yə göndərildiyi yazılı müraciətdə aşağıdakılar qeyd olunur: Müqavilə bağlandıqdan sonra sifarişçi tərəfindən binaların inşasına "xxxx" MMC tərəfindən vəsait qoyulmamışdır (torpağın dəyəri və sənədləşməyə çəkilən xərclər istisna olmaqla) Cavabdeh1 MTK tərəfindən isə həmin tikintiyə 5.463.078 manat məbləğində vəsait qoyulmuşdur. Bundan əlavə 1.610.705 manat vergi, 301.000 manat isə ayrıca nəğd şəkildə "xxxx" MMC-yə ödənilmişdir. "xxxx"-yə nəğd ödənilmiş məbləğ 2.061.705 manat təşkil edir. Beləliklə, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən tikintiyə birbaşa çəkilmiş xərclər 7.525.413 manat təşkil etmişdir (əlavə dəyər vergisi olmadan) və s. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 25.01.2018-ci il tarixli ümumi yığıncağının protokolundan, 02.12.2019-cu və 09.12.2019-cu il tarixli əmrlərindən, 29.01.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş etibarnamədən, həmçinin toplanmış digər sənədlərdən görünür ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri 50 faiz pay hüququna malik olan X1, 5 faiz pay hüququna malik olan Kooperativin üzvü X9 Cavabdeh1 Mənzil Tikinti Kooperativində icraçı direktor vəzifəsinə təyin olunmuş, həmçinin Cavabdeh1 MTK-nın sədri B.Abbaslı tərfindən ona 29.01.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Dilafir Rəsulova kooperativin bütün iş fəaliyyətini həyata keçirmək o cümlədən təmsilçiliyə verilən bütün hüquqları həyata keçirmək, müqavilələr bağlamaq hesab açmaq, hesab bağlamaq, hesabdan pul çıxarmaq, hesab üzərində sərəncam vermək (mədaxil, məxaric, köçürmə) və.s kimi səlahiyyətlər etibar edilmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir. Bundan 10 ay sonra, "xxxx" MMC-nin verdiyi səlahiyyətlər və yaratdığı şərait nəticəsində Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci l tarixli, B-128/2 saylı və 04.06.2019-cu il tarixli B-266/19 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr bağlanarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativi icraçı direktoru Dilafir Rəsulov təmsil etmişdir. 20.12.2018-ci l tarixli, B-128/2 saylı müqavilənin şərtlərinə əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 kv.m izolə olunmuş 4 otaqdan ibarət B-03 saylı mənzilləri təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirib təmirsiz şəkildə “payçı” İddiaçı təhvil verilməli; İddiaçı Şeyxislam oğlu isə həmin 4 otaqlı mənzilə görə hər kv.metr 1.300 manat olmaq şərti ilə cəmi 223.847 manatı, 04.06.2019-cu il tarixli B-266/19 saylı müqavilənin şərtlərinə əsasən isə Cavabdeh1 Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 kv.m izolə olunmuş 4 otaqdan ibarət B-03 saylı mənzilləri təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirib təmirsiz şəkildə “payçı” İddiaçı təhvil verilməli; İddiaçı Şeyxislam oğlu isə həmin 4 otaqlı mənzilə görə hər kv.metr 1.100 manat olmaq şərti ilə, cəmi 189409 manatı Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına ödəməli idi. Cavabdeh1 Mənzil Tikinti Kooperatvi tərəfindən verilmiş 20.12.2018-ci il tarixli 103 nömrəli “maliyyə arayışı”ndan görünür ki, İddiaçı həmin tarixdə hər kv.m 1.300 manat olmaq şərti ilə, cəmi 223.847 manat Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəmişdir. Digər müqaviləyə görə isə 04.07.2019-cu il tarixdə 265 nömrəli maliyyə arayışına əsasən İddiaçı həmin tarixdə hər kv.m 1.100 manat olmaq şərti ilə, cəmi 189.409 manat Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəmişdir. Nəticədə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən İddiaçı ilə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) ararasında Mülki Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlmişdir. Belə münasibətlərdə isə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəməyən şəxs isə sifarişçi hesab edilir. Göstərilənlərə baxmayaraq 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilənin şərtləri cavabdehlər tərfindən pozulmuşdur. Belə ki, müqavilənin icra vəziyyəti ilə bağlı 2020-ci ildə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri B.Abbaslı "xxxx" MMC-yə yazılı müraciət edərək “21 yanvar 2020-ci il tarixdə bölgü aktı ilə təqdim edilmiş 62 ədəd mənzildən başqa aşağıdakı (səh 2-də göstərilən) şəxslərə satılmış əlavə 69 ədəd mənzilin və 2095,28 kv.m qeyri-yaşayış sahəsinin podratçı Cavabdeh1 MTK-nın payı kimi təsdiq edilməsini və ya 10.578.822,75 manat məbləğində vəsaitin qısa müddət ərzində nağd şəkildə ödənilməsini” xahiş etmişdir. Həmin siyahının 38-ci sırasında İddiaçıdə adı və soyadı da olmuşdur. Qeyd edilən müraciətdə həmçinin Cavabdeh1 MTK öhdəsinə götürmüşdür ki, onun xahişi təmin olunduğu halda “mənzil almış şəxslər ilə mənzillərin dəyərini ödənilərək müqavilələrin ləğv edilməsini vətəndaşların tam şəkildə razı qalmasını icra edəcəkdir. Lakin cavabdehlər (paylı mülkiyyətçilər) arasında yaranmış mübahisə və zidiyyətlər ilə bağlı "xxxx" MMC müraciətdə göstərilənlərdən (69 ədəd mənzilin və 2095,28 kv.m qeyri-yaşayış sahəsinin podratçı Cavabdeh1 MTK-nın payı kimi təsdiq etməkdən və ya 10.578.822,75 manat məbləğində vəsaitin qıssa müddət ərzində nağd şəkildə ödənilməsindən” imtina etmişdir. Bundan əlavə Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilənin bağlanmasından və iddiaçının öz öhdəliklərini tam təmin etməsindən 11 ay sonra-02.12.2019-cu il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri B.Abbaslı “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair müqavilələrin və maliyyə arayışların ləğv edilməsi haqqında” 01 saylı qanunsuz əmr vermişdir. Başqa sözlə qanuni qüvvəyə minmiş bu və digər müqavilələr payçılar tərəfindən öhdəlikləri icra edildikdən sonra Mülki qanunverciliyin norma və prinsiplərinə zidd olaraq bir tərəfli qaydada ləğv edilmişdir. Pay bölgüsü ilə bağlı cavabdehlər arasında yaranmış zidiyyət narazılıq və mübahisə nəticəsində cavabdehlər podratçı və satıcı kimi öhdəliklərini yerinə yetirmək müqavilədə müəyyənləşdirilən müddətdə qeyd edilən binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq iqtidarında deyildir. Bu kimi hallar da İddiaçı qanunla qorunan mənzilə (əmlaka) mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı mübahisə edilən mənzil üzərində mülkiyyət hüququ və həmin hüququn maneəsiz şəkildə realizə edilməsi üçün mülkyyətin müdafiəsi hüququ pozulmuşdur. İddiaçı Mülki Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydə alındığı andan əmələ gəlir) tələblərinə uyğun olaraq öz hüquqlarını həyata keçirə bilmir. Başqa sözlə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində qeydə aldıra bilmir. Qeyd edilən bu və digər hallara əsasən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanunverciliyin tələblərinə zidd olan “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair müqavilələrin və maliyyə arayışların ləğv edilməsi haqqında” birtərəfli 02.12.2019-cu il tarixli 01 saylı əmri yarandığı andan etibarsız hesab edilməldir. Onun etibarsız olması ilə əlaqədar “02.12.2019-cu il tarixli 01 saylı əmrin qüvvədən düşmüş hesab olunmasına” dair Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 09.12.2019-cu il tarixli əmrlərinin məzmunu bağlanmış müqavilələrin hamısının maliyyə təsərüfat uçotunda tam şəkildə qeydə alınmaması, mənzillərin alqı-satqısından əldə edilən vəsaitlərin hamsının kooperativin kassa və bank hesabına mədaxil edilməmməsi, icraçı direktor Dilafir Rəsulovun vətəndaşlara külli miqdarda ziyan vurması, hazırda xarici ölkədə olması və s. hallar” təsdiq olunur. Başqa sözlə bu kimi sənədlərdə Cavabdeh1 Mənzil Tikinti Kooperativində vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, onu aşması, vergidən yayınması, vətəndaşların aldadılması, etibarından sui-istifadə edilməsi və s. kimi hallar əks olunur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(005)- 208/2021 saylı qətnaməsi ilə İlkin və birləşdirilmiş iddia qismən təmin edilməsi, Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə əsasında və 04.06.2019-cu il tarixli B-266/19 saylı müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillər Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh1 MTK-nın 09.12.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış müqavilələrə münasibətdə qüvvədən düşmüş hesab edilməklə 02.12.2019-cu il tarixli 01 saylı əmri ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli 2(005)-208/2021 nömrəli qətnaməsi ilə iddiaçının qeyd edilən iddiaları qismən, başqa sözlə Cavabdeh1 MTK-ya qarşı olan hissədə təmin edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, qeyd edilən iddianın Cavabdeh2 MMC-yə bilavasitə aidiyyəti yoxdur. Mülki iş üzrə cavabdeh şəxs olan "xxxx" MMC-nin direktorunun məhkəmədə verdiyi izahatında, həmçinin nümayəndəsinin apellyasiya şikayətində qeyd edilən əsas fikirlər, cəhdlər ondan ibarətdir ki, guya qeyd edilən mübahisənin "xxxx" MMC-yə aidiyyəti yoxdur. Bu mübahisəyə görə "xxxx" MMC heç bir məsuliyyət daşımır. Beləliklə, tərəflərin razılaşmasında və müqavilə şərtlərinə əsasən Möhsün Sənani küçəsi 13\15 ünvanında inşa edilmiş 3 bloklu 21 mərtəbəli binada həm "xxxx" MMC-nin, həm də Cavabdeh1 MTKnın mənzil payları olmuşdur. Cavabdehlər "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında ümumi birgə, paylı mülkiyyət, podrat və barter münasibətləri mövcud olmuşdur. Bu və digər əsaslar göstərərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmin qətnamədən həmçinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayətləri verilərək, qətnamənin ləğv edilməsi və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının MTK ilə bağladığı müqavilədə nəzərdə tutulan mənzil barəsində sərəncam vermək hüququ MMC tərəfindən MTK-ya verilməmişdir, MTK isə iddiaçı ilə müqaviləni qeydiyyat üçün MMC-yə təqdim etməmişdir. MTK ona aid olmayan mənzilin alqı-satqısı barədə müqavilə bağladığından, iddiaçının həmin mənzilə heç bir hüququ yaranmamışdır. Qətnamə ilə iddiaçının mənzilə mülkiyyət hüququ tanınıb, amma mülkiyyət hüququna daxil olan elementlər tanınmamışdır. Qətnamədə MMC-nin üzərinə müqavilə öhdəliklərinin pozulması adı ilə mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin qoyulması üçün hansı hüquqi əsasın olması aydın deyildir. Məhkəmənin qənaətinə görə MMC MTK-nın cinayət tərkibli əməllər törətməklə üzərinə götürdüyü öhdəliklərinə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, görülmüş işlərin dəyəri kimi yekun olaraq Cavabdeh1 MTK-ya təhvil verilmiş mənzillərin siyahısı 02.07.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən müəyyən olunmuşdur ki, həmin siyahıda da hazırki iş üzrə iddiaçıya satılmış mənzil yer almamışdır. Aktda Cavabdeh1 MTK cədvəldə göstərilən mənzillər istisna olmaqla, həmin yaşayış evinin başqa mənzilləri, yaxud qeyri-yaşayış sahələri barəsində özünün heç vaxt heç bir hüquq və səlahiyyətə malik olmadığını, başqa yaşayış, qeyri-yaşayış və qaraj sahələri barəsində bağlamış olduğu alqı-satqı müqavilələri üzrə ancaq özünün məsuliyyət daşıdığını, həmin müqavilələrin Sifarişçiyə heç bir aidiyyəti olmadığını, bundan sonra Sifarişçiyə qarşı heç bir tələb və iddiası olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsivəkili isə verdikləri apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Həmçinin qeyd etdi ki, iddiaçı mənzil alarkən Cavabdeh1 MTK-nın mənzil satmaq səlahiyyətinə malik olub-olmamasını yoxlamaq imkanında olmamışdır, verilmiş elana əsaslanaraq binanın Cavabdeh1 MTK-ya məxsus olması qənaətinə gələrək müqavilə bağlamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi X5 isə verdiyi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir, çünki tələb bölünməzdir və işdə iştirak edən tərəflərdən hansının mübahisələndirməsindən asılı olmayaraq tam, yəni hər bir tərəfə münasibətdə yoxlanılır və bu hissədə yekun məhkəmə aktı həmin mübahisənin bütün tərəfləri üçün məcburi qüvvəyə malik olur. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Cavabdeh1 İddiaçı ilə 04.06.2019-cu il tarixli B-266/19 saylı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B, blokunda 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 m2 yaşayış sahəsi 156,50 m2 olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzilin “Payçı”ya verilməsini, “Payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1100 AZN (bir min yüz manat 00 qəpik) təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh1 MTK-nın 04.07.2019-cu il tarixli 265 nömrəli maliyyə arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın ünvan 5 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 19- cu mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 m2 olan yaşayış sahəsi 156,50 kv2 olan izolə olunmuş 4 otaqdan ibarət B-03 yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-266/19 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olunan şəxsin borcun olmadığı qeyd edilmişdir. “Cavabdeh1 İddiaçı ilə 20 dekabr 2018-ci il tarixli B-128/12 nömrəli müqaviləsinin 1.1-ci bəndindən görünür ki , “Kooperativ” ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 m2 yaşayış sahəsi 156,50 m 2 olan izolə olunmuş 4 otaqdan ibarət B-03 saylı mənzilin “payçı”ya verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürür və müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1300,00 AZN (bir min üç yüz manat 00) təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh1 20 dekabr 2018-ci il tarixli 103 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Cavabdeh1 MTK-nın ünvan 5 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 12-ci mərtəbəsində yerləşən B03 mənzil, ümumi sahəsi 172,19 m2 , yaşayış sahəsi 156,50 m2 olan 4 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-128/12 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcunun olmadığı qeyd edilmişdir. 07.05.2020-ci il tarixli mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair pretenziyadan görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə şərtlərinə əməl edərək mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə pretenziya məktubunu aldıqdan 3 (üç) gün müddətində "xxxx" MMC və Cavabdeh1 MTK tərfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m yaşayış sahəsi 156,50 kv.m olan. 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.300 manat olmaqla cəmi 223.847 manat məbləğində pulu 20.12.2018-ci il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəməsi və həmin mənzil üzərində mülkiyyət hüququ əldə etməsi faktı təsdiq edilərək "xxxx" MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılmasını və həmin mənzilin İddiaçı (tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə) təhvil verilməsi xahiş edilmişdir. Əks təqdirdə aidiyyəti məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. 29.01.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 Dilafir Taryel oğluna etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilkatlarda, MTK-da müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və .s hüquqlarını etibar etmişdir. Etibarnamə 29.01.2023-cü il tarixədək qüvvədədir. Cavabdeh1 Mənzil Tikitnti Kooperativinin üzvlərinin ümumi yığıncağının yanvar 2018-ci il tarixli protokolundan görünür ki, kooperativin pay fondu 100 (bir yüz) manat məbləğində və üzvlərinin pay fondundakı mütləq pay haqları müəyyən edilərək X12 50 manat, 50 pay haqqı, 50%, X18 20 manat, 20 pay haqqı, 20%, X13 5 manat, 5 pay haqqı, 5%, X7 5 manat, 5 pay haqqı, 5%, X19, 20 manat, 20 pay haqqı, 20 % müəyyən edilmişdir. Cavabdeh1 09.12.2019-cu il tarixli “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərin ləğv edilməsi haqqında” Cavabdeh1 MTK-nın 02 dekabr 2019-cu il tarixli 01 saylı əmrin ləğv olunması haqqında 02 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh1 MTK-nın icraçı direktoru X7 tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi barədə 02 dekabr 2019-cu il tairxli 01 saylı əmr qüvvədən düşmüş hesab olunaraq icraçı direktoru D.Rəsulov tərəfindən qeyriqanuni satılmış mənzillərə dair müqavilələrin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması, icraçı direktor X4 əməlində mənimsəmə hallarının olubolmamasının araşdırılması üçün prokurorluq və ya aidiyyəti üzrə hüquq mühafizə orqanalrına müraciət olunması və əmrin surətləri sifarişçi "xxxx" MMC-yə və vətəndaşlara təqdim edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 24.02.2020-ci il tarixli cinayət hadisəsi barədə məlumat verilməsinə dair ərizənin surətindən görürür ki, Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri tərəfindən buna hüququ olmadığı halda mənzillərə dair saxta müqavilələr bağlanmış, qeyd edilən qanunsuz əməllər Cinayət Məcəlləsinin yuxarıda istinad edilən maddələrində nəzərdə tutulmuş hərəkərlərlə müşayiət olunmuşdur. Cavabdeh1 MTK tərəfindən halhazırda qeyd edilən əməlləri törədilməkdə davam etdirilir və bu da Cavabdeh2 MMC-nin işgüzar nüfuzuna xələl gətirdiyi qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.06.2020-ci il tarixli 2-2(113)-1527/2020 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair e2-2(113)-1527/2020 saylı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışıdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli 2(005)- 2523/2020 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “iddiaçının müqavilə öhdəliyini icra etməsi faktının təsdiq edilməsi, MTK-nın 02.12.2019-cu il tarixli 01 saylı əmrinin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)- 2523/2020 nömrəli qeydiyyat nömrəsinə olan mülki iş həmin məhkəmənin icraatında olan 2(005)-2458/2020 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilməsi, birləşdirilmiş iş üzrə 2(005)-2458/2020 qeydiyyat nömrəsi saxlanılması qərara alınmışdır. 07.05.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMCnin mülkiyyətində olan 0,31 ha torpaq sahəsi var. Cavabdehlər "xxxx" MMC ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında 05.07.2018-ci il tarixdə ünvan 3 ünvanında, 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşasına dair 0507/01-18 nömrəli “podrat” müqaviləsi bağlanmışdır. Müqavilədə ehtimal olunan qiymət 5.000.000 manat müəyyən edilmişdir. Cavabdeh1 25.01.2020-ci il tarixli 023 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh2 MMC və “Konstra MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetrilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKT-nın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq mənzillərin müvafiq şəxslərin adına rəsimləşdirilməsi xahiş olunmuşdur. 05 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilənin məzmunundan görünür ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsi, ev 3/5 dövlət mülkiyyətində olan hüquqi şəxs, "xxxx" MMC, X8 şəxsində "xxxx" adlandırılacaq və digər tərəfdən Konstra MTK, X9 şəxsində “podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 6 ünvanında yerləşən 3, bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gəldikləri qeyd edilmişdir. 07 yanvar 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, podratçı Cavabdeh1 MTK tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetrilmiş, 12.758.23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan TQİ-nin, habelə sifarişçi Cavabdeh2 MMC-ə vergi məqsədləri üçün ödənilmiş 1,610,705.00 (bir milyon altı yüz on min yeddi yüz beş) manat vəsaitin müqabilində, podratçı Cavabdeh1 MTK-a 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəldikləri qeyd edilmişdir. Binəqədi RPİ tərəfindən verilmiş seriya AZE № 0******* nömrəli, 07.05.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı ildə Balakən rayonu, Püstətala kəndində anadan olmuş İddiaçı Bakı şəhəri, Rəsulzadə qəs, C.Xəndan küç, məh 3203, ev 36-da qeydiyyatdadır. 3203, ev 36-da qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyesteri məlumatlardan görünür ki, Cavabdeh2 hüquqi ünvanı ünvan 7 Məzillərin bölgü aktı ilə 21.01.2020-ci il tarixdə imzalanmış Məzillərin bölgü aktına edilmiş dəyişikliyə əsasən MMC tərəfindən A bloku üzrə ümumi sahəsi 1681,86 kv.m olan 24 ədəd mənzilin verilməsi barədə razılığa gəlmişlər. Akta əlavə edilmiş Cədvəl 2-də mənzillərin nömrələri göstərilmişdir. Nəhayət, 02.07.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən, tərəflər razılığa gəlirlər ki, Sifarişçi ünvan 1 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli 21 mərtəbəli yaşayış evinin cədvəldə göstərilmiş ümumi sahəsi 7588,67 kv.m 74 yaşayış mənzillərini Podratçının sərəncamına verir, Podratçının həmin mənzillər barəsində bağladığı alqı-satqı müqavilələri üzrə alıcılara müvafiq mənzillərin təhvil verilməsini təmin edir. Cədvəldə göstərilməyən mənzillər istisna olmaqla, həmin yaşayış evinin başqa mənzilləri, yaxud qeyri-yaşayış sahələri barəsində Podratçı özünün heç vaxt heç bir hüquq və səlahiyyətə malik olmadığını, başqa yaşayış, qeyri-yaşayış və qaraj sahələri barəsində bağlamış olduğu alqı-satqı müqavilələri üzrə ancaq özünün məsuliyyət daşıdığını, həmin müqavilələrin Sifarişçiyə heç bir aidiyyəti olmadığını, bundan sonra Sifarişçiyə qarşı heç bir tələb və iddiası olmadığını bildirmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatından belə aydın olur ki, sonuncu akt sifarişçi ilə podratçı arasında haqq-hesablaşmaya dair yekun razılaşmadır. Mənzillərin bölgüsü barədə qeyd olunan aktlarda, həmçinin təhvil-təslim aktında iddiaçının təhvil verilməsini tələb etdiyi mənzil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Mülki Məcəllənin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. «B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.» «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında isə göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.» Göründüyü kimi, hər hansı əqdə əsaslanaraq verilmiş tələb üzrə ilk növbədə həmin əqdin etibarlılıq şərtləri yoxlanılmalıdır, çünki iddiaçının həmin tələb üzrə subyektiv hüquqa malik olub-olmaması birbaşa istinad etdiyi əqdin etibarlığından asılıdır. Baxılan iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK 05.07.2018-ci il tarixli 0507/01-18 saylı “Podrat” müqaviləsinə əsasən Podratçı olmuş, onun mənzil satmaq səlahiyyəti olmamışdır, buna görə də MTK tərəfindən iddiaçı ilə bağlanılmış müqavilə etibarsız olmaqla, heç bir hüquqi qüvvəsi olmamışdır. Əqdin etibarlılığının subyket tərkibinə dair şərtin tələbləri pozulmuş, MTK əqd bağlamaq üçün səlahiyyətli subyekt olmamışdır. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün başlıca şərt olan subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə Kollegiya hesab edir ki, a ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillərin satılmasına dair Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, hər mənzilə görə (172,19 x 1300= 223,847) 223, 847 manat olmaqla, cəmi (223,847 x 2=447, 694) 447,694 ( dörd yüz qırx yeddi min altı yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MTK tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1349/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair” iddiası rədd edilsin. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə etibarsız olduğundan, həmin müqavilə üzrə mənzilin dəyəri olaraq ödənilmiş 447,694 ( dörd yüz qırx yeddi min altı yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar