Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7783/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması tələbinə dair 2(009)-1371/2021 saylı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri S.Vurğun küçəsində yerləşən 1 saylı evin 13 saylı mənzilinə dair 01 iyun 2016-cı il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-in Bakı 1 saylı Ərazi İdarəsi tərəfindən həmin mənzilə dair Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 məhkəməyə həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə verərək, Bakı şəhəri Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 13 nömrəli mənzili üzərinə həbs qoyulmasını və həmin əmlakdan istifadə olunmasının cavabdehə və digər şəxlərə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, həmin mənzilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. 31 may 2021-ci il tarixdə iddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək, özünün əsl İddiaçı ilə əvəz edilməsini və X2 cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinə əsasən iddiaçı X6 əsl İddiaçı ilə əvəz edilmiş və X4 cavabdeh kimi işə cəlb olunmuşdur. 14 iyul 2021-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı heç bir iddia qaldırmadığını və onun adından verilmiş etibarnamədən sui-istifadə olunaraq məhkəməyə iddia ərizəsi ünvanlandığını və imzalandığını, tərəfindən verilmiş etibarnamələrə notarial qaydada xitam verildiyini və bu məlumatı “Elektron notariat” X1 çıxarılmış məlumatın təsdiq etdiyini bildirmiş və iddia ərizəsindən imtina etdiyini bildirərək işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2021 saylı mülki iş üzrə 14 iyul 2021ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cavabdeh 11 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli 2(103)-10349/2021 saylı qərardadı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Ona məxsus mənzil üzərində qadağanın olması ona öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(009)-1371/2021 saylı qərardadı ilə Bakı şəhəri Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 13 nömrəli mənzilinin üzərinə Səbail Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(009)-1371/2021 saylı qərardadı ilə qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi, Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli 2(009)-1371/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli 2(103)-10349/2021 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməyərək, iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(009)-1371/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2021-ci il tarixli 2(103)-10349/2021 saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı yenidən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli 2(103)-10349/2021 saylı qərardadından yenidən kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2021-ci il tarixli 2(103)-10349/2021 saylı qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(102)-1404/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2021-ci il tarixli 2(103)-10349/2021 saylı qərardadından İddiaçı kassasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından, icraata qəbul olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2022-ci il tarixli 2(103)- 10349/2021 saylı qərardadı ilə İddiaçı kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı müvəqqəti təminat tədbiri barədə qərardaddan verdiyi şikayəti belə əsaslandırmışdır ki, o, mülki iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət vermiş, həmin qərardadın qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmaması barədə Ali Məhkəmənin 28 fevral 2022-ci il tarixli qərardadından 07 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət vermiş, şikayət hal-hazırda Konstitusiya Məhkəməsinin icraatındadır. Buna görə də hesab edir ki, həmin işə baxılıb yekun qərar qəbul edilənədək mənzilin üzərindən həbs götürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında olması barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etmədiyindən, habelə mülki işin icraatına xitam verildiyindən, işin icraatına xitam verilməsi barədə qərardad qanuni qüvvəyə mindiyindən, məhkəmə müvəqqəti təminat tədbiri kimi mənzilin üzərinə qoyulmuş qadağanı ləğv etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, İddiaçı bu barədə apellyasiya instansiyası məhkəməsinə də hər hansı sübut təqdim etməmişdir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(009)- 1371/2021 saylı qərardadı İddiaçı şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qəraraaldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2021 saylı mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qərardadı İddiaçı şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7783/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7783/2022
02.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver