Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7792/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-689/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-689/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi bardə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə 2015-ci ildə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən “maşın bazarında” avtomobil almaq istəyərkən tanış olmuşdur. Cavabdeh guya ki, avtomobillərin alqı-satqısı ilə məşğul olur, əslində isə insanları aldadaraq onlardan pul tələb edir. Həmin vaxt iddiaçı özü üçün avtomobil almaq istəyərkən cavabdeh ilə tanış olmuş və cavabdeh ona "Toyota Prado" markalı avtomobili münasib şərtlərlə kreditə verəcəyini bildirmişdir. Tərəflər arasında ilkin ödəniş 9500 manat, aylıq 600 manat olmaqla razılaşma əldə edildikdən sonra cavabdeh ilə iddiaçı avtomobilin dəyəri məbləğində kredit müqaviləsi imzalanmasına razılaşmışlar. 2015-ci ildə ölkədə baş vermiş məlum 2-ci devalivasiyadan sonra iddiaçı avtomobili geri qaytarmaq qərarına gəlmiş və avtomobili cavabdehə geri qaytarmışdır. Həmin vaxt iddiaçının cavabdehə borcu olmadığı üçün heç bir mübahisə yaranmamışdır. Bundan sonra cavabdeh həmin avtomobili yenidən satışa çıxararaq satmışdır. Lakin avtomobil bazarında qiymətlər aşağı düşdüyündən iddiaçıdan təxmini 7000 manat pul tələb edir. İddiaçı isə həmin vaxt bununla razılaşsa da ödəniş imkan olmadığı üçün ondan vaxt istəmişdir. Lakin buna baxmayaraq cavabdeh yenə də müqavilədə göstərilmiş pulun ondan tələb edilməsi hədə qorxusu ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh Yardımlı Rayon Məhkəməsinə müraciət etdikdən sonra məhkəmə iclasından qabaq iddiaçıya "sən iddianı etiraf et, 7000 manat ödəyərsən məsələni bağlayarıq" demişdir. İddiaçının hüquqi savadı olmadığından onunla razılaşmış və məhkəmədə iddianı etiraf etmişdir. Cavabdeh bu kimi dələduzluq əməlləri ilə bir neçə nəfəri aldatmışdır və bununla bağlı ölkə prezidentinə müraciət ediləcəkdir. Beləliklə, hazırki kredit müqaviləsi əslində avtomobilin dəyərinin hissə-hissə ödənilməsini pərdələmək üçün bağlanmışdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, artıq kredit müqaviləsi üzrə borcun tutulmasının təmin edilməsi barədə Yardımlı Rayon Məhkəməsinin qətnaməsi Şirvan Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalan İddiaçı 40800 manatı X1 borc almış, xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 17000 manat ödəmək şərtilə, 24 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Yardımlı Rayon Məhkəməsinin 2(038)- 261/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 İddiaçı qarşı 40800 manat pul tələbinə dair iddiasının təmin olunması, cavabdeh İddiaçı 40800 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 40830 manat alınaraq X3 verilməsi qət olunmuşdur. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlanmış və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə iddiaçının kredit müqaviləsini əslində avtomobilin dəyərinin hissə-hissə ödənilməsini pərdələmək üçün bağlandığını bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını, yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsini başqa əqdi pərdələmək üçün bağlandığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansa da iddiaçı bunu avtomobilin dəyərinin hissə-hissə ödənilməsini pərdələmək üçün bağladıqlarını bildirir. Lakin iddiaçının mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, iddiaçı notariat qaydasında bağlanmış müqavilənin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Yalnız, bunun avtomobilin dəyərinin hissə-hissə ödənilməsini pərdələmək üçün bağlandığını qeyd etsə də, avtomobilin dəyərinin hissə-hissə ödənilməsi üçün niyə başqa müqavilə deyil, məhz kredit müqaviləsi bağlandığının səbəblərini açıqlamır. Buna görə də, həm qeyd olunan halları, həm də notariat qaydasında bağlanmış kredit müqaviləsinin avtomobilin dəyərinin hissə-hissə ödənilməsini pərdələmək üçün bağlandığını sübut etmək vəzifəsi, iddiaçının üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. İddiaçının bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-689/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7792/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7792/2020
02.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver