Məhkəmə qərarları › İş №2(103)-7807/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7807/2020

16.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7807/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh “xxxxxxx” ASC-nin nümayəndəsi Fərhad Abbasovun iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxx” ASC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə iddia ərizəsində tələb olunub ki, ipoteka müqaviləsi etibarsız hesab olunsun. İddia ərizəsi ilə eyni zamanda iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizədə tələb olunub ki, başqa iş üzrə qəbul olunmuş və qanuni qüvvəyə minmiş “ipoteka predmetinə tutma yönəldilməsi barədə” qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraat hazırkı işə baxılıb qurtaranadək dayandırılsın. Həmin qətnamə Suraxanı Rayon Məhkəməsi tərəfindən 2(010)-1968/2018 nömrəli mülki iş üzrə xx.xx.2018-ci il tarixdə qəbul olunub. İddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəyə baxılması nəticəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli qərardadla qərara alınıb ki, “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının dayandırılmasına yönələn tədbir iddianı təmin etmə tədbiri kimi görülə bilməz. Məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini “İcra haqında” Qanunun müəyyən edir. İcra sənədi üzrə icraatın dayandırılmasının əsasları da məhz həmin Qanunda müəyyən edilib. Qanunun 17-ci maddəsində icra sənədi üzrə icraatın dayandırılmasının məcburi olduğu hallar, Qanunun 18-ci maddəsində icra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallar sadalanıb. O cümlədən icra sənədi üzrə icraatın dayandırılması haqqında məsələlərə baxılması qaydası “İcra haqqında” Qanunun 21-ci maddəsində müəyyən edilib. Odur ki, icra sənədi üzrə icraat yalnız həmin Qanunda müəyyən edilmiş əsaslar olduğu təqdirdə və həmin Qanunda müəyyən edilmiş qaydada dayandırıla bilər. Bu Qanunun göstərişləri nəzərə alınmadan məhkəmə qərarının icrasının dayandırılması ilə nəticələnən hər hansı tədbirin görülməsi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinin pozulması kimi qiymətləndirilə bilər. Həmin maddədə qeyd olunub ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, birinci instansiya məhkəməsi “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar