Məhkəmə qərarları › İş №2(103)-7824/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7824/2022

18.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7824/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Tanrıverdiyev Anar Vəzir oğlundan (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka məcburi payın payına əlavə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka məcburi payın payına əlavə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş, Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququna malik olan şəxs (subyekt) kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə isə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi Maraqlı şəxs mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Lakin birinci instansiya məhkəməsi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda və bununla bağlı qəbul etməli olduğu qərardaddan şikayət verilməsi imkanının olduğunu nəzərə almadan, adı çəkilən İdarənin apellyasiya şikayətini apellyasiya instansiyasına göndərmişdir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2776/2022 saylı iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş həmin qurumun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs (subyekt) kimi qəbul edilib-edilməməsi məsələsinə baxılması və bununla bağlı müvafiq qərardad qəbul olunması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar