Məhkəmə qərarları › İş №2(103)-7828/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7828/2023

21.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7828/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qərardad İş № 2(103)-7828/2023 21 dekabr 2023-cü il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(006)-2079/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz maneələrin aradan qaldırılması və pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərdən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, cavabdeh tərəfindən qüsurlu olaraq təhvil verilmiş 31.22 kv.m sahənin əvəzi olan 62440 (altımış iki min dörd yüz qırx) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərlən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və cavabdeh tərəfindən qüsurlu olaraq təhvil verilmiş 34.15 kv.m sahənin əvəzi olaraq 68300 (altmış səkkiz min üç yüz) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(006)-2079/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, apellyasiya şikayəti üçün 147,45 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50% ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ 68300 manat təşkil edir. Bu halda iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 294,9 manat (120+58300x0,3/100=294,9) olduğundan apellyasiya şikayətinə görə ”X4” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 294,9 manatın 50%-i yəni 147,45 manat dövət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 74 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(006)-2079/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya cavabdehə münasibətdə qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(006)-2079/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya Cavabdeh MMC-yə münasibətdə qeyri-mümkün hesab edilsin. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, hüquqdan sui-istifadə hallarına yol verilmədən, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar