Məhkəmə qərarları › İş №2(103)-7834/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7834/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7834/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2377/2021 saylı, 24 may 2021ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh MMC-nə (hazırda "xxxx" MMC), mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı “hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 19 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “X3" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki, 1 D saylı evin 40-cı mənzilinin satılması ilə bağlı hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin, o cümlədən onların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2377/2021 saylı, 24 may 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi zamanı coxlu pozuntulara yol verilmiş, hərracın kecirilməsinin dayandırılmasına baxmayaraq, tərəflərə məlumat verilmədən hərrac kecirilmiş və mənzil banka satılmış, dörd ay sonra yenidən, 3cü hərrac keçirilmiş və həmin mənzil ikinci dəfə banka satılmışdır, bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, buna əsasən də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Cavabdeh MMC-nin Nəsimi rayon İcra Şöbəsinin Rəis Ədliyyə müşaviri cənab Yavər Allahverdiyeva 18 mart 2019-cu il tarixli, 34 №-li məktubdan görünür ki, Cavabdeh MMCyə daxil olan 695-122115/18-5-22 e lı, 16 yanvar 2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1d, 40 nömrəli mənzilin satışı üçün elan verilmiş və ilkin hərrac tarixi 15 fevral 20 cu il tarixdə keçirilmiş, təkrar hərrac isə 05 mart 2019-cu il tarixə təyin edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-131/2018 saylı 09.03.2018 tarixli icra vərəqəsinə əsas olan qətnamədən Kassasiya Şikayəti verildiyindən etibarnamə üzrə Vəkil tərəfindən hərracın dayandırılması barədə hərrac mərkəzinə ünvanlanmış 05 marı 2019-cu il tarixli ərizəyə əsasən hərrac dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 2(004)- 1313/2017 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddia qismən təmin edilərək, 24.09.2014-cü il tarixli 67B8/11 saylı əsas kredit müqaviləsinin çərçivəsindən bağlanılmış 26.09.2014-cü il tarixli 67B8/14- saylı əlavə kredit müqaviləsi üzrə 28.917 ABŞ dolları əsas borc, 3050.48 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu və 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanılmış 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 11.755,63 ABŞ dolları əsas borc, 1.231.40 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 45,004,51 ABŞ dolları mobləğındə pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1D saylı evin 40 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 45.004,51 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyəverilməsi ilə əlaqədar dövlət rsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun "xxxx" KB ASC-nın hesabına ödənilməsi, qalan məbləğin cavabdeh İddiaçı verilməsi, ipoteka predmeti olan qeyd oluna əmlaka hərrac yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı və X1 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, məhkəmə tikinti exnıkı ekspertizasının tədqiqat dəyəri olan 150 manatın cavabdeh İddiaçı alınaraq “Əmlak Ekspert Mərkəzi" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiva Məhkəməsinin 2(103)-9975/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətindən və məzmunundan görünür ki, cavabdehlər X1 və onun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 131/2018 saylı iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı və X2 nisbətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC-nin 25 yanvar 2019-cu il tarixli 03/16 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 148000 (bir yüz qırx səkkiz) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 15 fevral 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Kaspi” qəzetinin qəzetinin 25 yanvar 2019-cu il tarixli 016 nömrəli buraxılışında elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş 07 dekabr 2020-ci il tarixdə Məmmədov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Cavabdeh MMC-nin 21 fevral 2019-cu il tarixli 03/16-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 125800 (bir yüz iyirmi beş min səkkiz yüz) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 05 mart 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Kaspi” qəzetinin qəzetinin 21 fevral 2019-cu il tarixli 016 nömrəli buraxılışında elan dərc edilmişdir. Cavabdeh MMC-nin 02 aprel 2019-cu il tarixli 37 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzili üzrə hərrac başa çatmış və ev "xxxx" ASC-yə alıcı qismində təklif olunmuşdur. Cavabdeh MMC-nin Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 02 aprel 2019-cu il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzilini 94350 (doxsan död min üç yüz əlli) manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır. Cavabdeh MMC-nin 08 avqust 2019-cu il tarixli 47 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzili üzrə hərrac başa çatmış və ev "xxxx" ASC-yə alıcı qismində təklif olunmuşdur. Cavabdeh MMC-nin Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 08 avqust 2019-cu il tarixli müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 D saylı evin 40 saylı mənzilini 94350 (doxsan död min üç yüz əlli) manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəs 1 saylı evin 40 saylı mənzilə dair Cavabdeh MMC tərəfindən tərtib edilmiş bir-birinə zidd olan 02 aprel 2019-cu il tarixli və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunlarına dair alqı-satqı müqavilələr mövcuddur. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh MMC 21 fevral 2019-cu il tarixli 03/16-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlə hərracın keçirilməsinin 05 mart 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə İddiaçı məlumat verilmişdir. Daha sonra İddiaçı Nəsimi rayon Məhkəməsinin 2(006)-131/2018 saylı 09.03.2018 tarixli qətnaməsindən kassasiya şikayəti verməsi ilə əlaqədar olaraq hərracın dayandırılması barədə hərrac şirkətinə ərizə ilə müraciət etmişdir. Qeyd edilən ərizə əsasında hərrac dayandırılmış və bu barədə 18 mart 2019-cu il tarixli məktubla Nəsimi Rayon İcra şöbəsinə məlumat verilmişdir. Lakin 05 mart 2019-cu il tarixli ərizə əsasında hərrac dayandırılmış olsa da, 02 aprel 2019-cu il tarixdə daha sonra isə 08 avqust 2019-cu il tarixdə hərracın keçirilməsinə dair tərəflərə rəsmi formada məlumat verilmədən hərrac keçirilmiş və alqı-satqı müqavilələri bağlanmışdır. Kollegiya qeyd edir ki, 05 mart 2019-cu il tarixə təyin edilmiş hərracın həmin tarixdə dayandırılması hərracın baş tutmaması kimi qəbul edilir. Bu səbəbdən də növbəti hərracın tərəflərə məlumat verilmədən keçirilməsi qanunnvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki dəfə (hərrac və təkrar hərrac) hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Qeyd edilən qərarda həm də qeyd edilmişdir ki, bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Həmin qərarda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər “İpoteka haqqında” Qanunun 43.7-43.9-cu maddəsinə əsasən Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Yuxarıda qeyd edilənlərə əsasən, rayon məhkəməsi hazırkı iddia tələbinin təmin edilməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili üzrə cavabdeh biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh MMC (hazırda "xxxx" MMC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2377/2021 saylı, 24 may 2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar