Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7839/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər:pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3491/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21263452 saylı, xx.xx.2020-ci il tarixli əşyanın nisyə satılması haqqında Müqaviləyə əsasən, "xxxx" MMC 588,60 manat dəyərində, İMEİ kodu **********61282 olan “X3 9” markalı mobil telefonu ayda 32,70 manat ödəmək şərti ilə 18 ay müddətinə Cavabdeh satmışdır. Lakin, cavabdeh aldığı malın qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur.
2. İş materiallarında olan, 21263452 saylı, xx.xx.2020-ci il tarixli əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “X3 9” markalı mobil telefonun dəyəri olan 588,60 manat pulu hər ay 32,70 manat ödəmək şərti ilə 18 ay müddətinə (18 (on səkkiz) ay x 32,70 (otuz iki manat yetmiş qəpik) manat + 0 manat ilkin ödəniş=588,60 manatı iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
3. İş materiallarında olan, 25 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 21263452 saylı, xx.xx.2020-ci il tarixli əşyanın nisyə satılması haqqında müqaviləyə əsasən, “X3 9” markalı mobil telefon üçün ümumilikdə 607,00 manat olmaqla, ondan 553,60 manat ödənilməmiş hissə, 53,40 manat cərimə pulu borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********61282 olan “X3 9” markalı telefon üçün 553,60 manat əsas borc, 53,40 cərimə borcu olmaqla, cəmi 607 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh İMEİ kodu **********61282 olan “X3 9” markalı telefon almış və nəticədə cavabdehin 607 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 588,60 manat (18 ay + 32,70 manat + 0 manat ilkin ödəniş) olan “X3 9” markalı mobil telefon üçün 553,60 manat ödənilməmiş əsas borcu və 53,40 cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə 35 manat məbləğində ödəniş edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-3491/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 553,60 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 573,60 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların qiymətini müqavilə ilə müəyyən edilmiş qaydada ödəməsinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etsə də, həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, iddia tələbindən də açıq şəkildə görünür ki, 53,40 məbləğində hesablanmış cərimənin həcmi xeyli çoxdur. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 20 manat məbləğində tutulmasını daha ağlabatan hesab etmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 467, 576 və 601.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 284-5, 284-6-cı maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, tərəfindən əldə edilmiş mal qüsurlu olduğuna görə satıcıya qaytarılıb. Bir ay ərzində aldığı telefonda ikinci dəfə qüsur aşkar edilmiş və telefon istifadəyə yararlı olmamışdır. O, telefonu yararsız olduğuna görə təhvil verib və telefondan imtina edib. Ona təmirdə olan telefonun əvəzinə digər telefon təklif olunmayıb, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 7-ci hissəsi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Ona məhkəmə tərəfindən heç bir çağırış vərəqəsi təqdim edilməyib. Ümumiyyətlə, məhkəmə tərəfindən məhkəmə icraatının və iş üzrə çıxarılan qətnamənin mövcudluğunu yalnız xx.xx.2022-ci il tarixdə icra şöbəsi tərəfindən ona telefon zəngi edildikdən sonra bilmişdir. Məhkəmə nəzərə almayıb ki, əldə etdiyi malda (mobil telefonda) mühum qüsurlar dəfələrlə olub və o istifadəyə yararlı olmayıb və tərəfindən qaytarılıb. İddiaçı nisyə alqı-satqı predmetinin qaytarılmasından 1 il 6 aydan sonra məhkəməyə müraciət edib. Bu onu sübüt edir ki, iddiaçı qüsurlu malın satılmasını etiraf edir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Proses iştirakçılarının izahatı
13. Apelyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Apelyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
30. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
31. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
34. Maddə 600.1. Slqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
35. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
36. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
37. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Cavabdeh apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, tərəfindən əldə edilmiş mal qüsurlu olduğuna görə satıcıya qaytarılıb. Bir ay ərzində telefonda ikinci dəfə qüsur aşkar edilmiş və telefon istifadəyə yararlı olmamışdır. O, telefonu yararsız olduğuna görə təhvil verib və telefondan imtina edib. Ona təmirdə olan telefonun əvəzinə digər telefon təklif olunmayıb, bununlada “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 7-ci hissəsi məhkəmə tərəfindən qiymətləndirilməmişdir.
47. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh 553,60 manat əsas borc və 20 manat cərimə borcun tutulmasında maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir.
48. Belə ki, tərəflər arasında sərbəst iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə yaranan öhdəliyi tam icra etməmişdir. Bununla da müqavilə üzrə öhdəlik tam icra edilməmişdir. Halbuki həm qanunvericiliyin tələbləri baxımından, həm də tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərini icra etməməyə görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh telefonda olan qüsura görə müqavilə üzrə əldə etdiyi təlefonu satıcıya deyil, servis mərkəzinə təhvil verməsini və ona görə də telefondan imtina etdiyini bildirsə də, telefondan imtina etməsi barədə satıcıya müraciət etməsinə dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə hazırda qüvvədədir, müqavilənin ləğvi barədə cavabdeh tərəfindən iddiaçıya qarşı hər-hansı bir tələb irəli sürülməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır.
49. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən prosessual hüququnun pozularaq məhkəməyə dəvət olunmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci nstansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1 və 284-cü maddəsinin tələblərinə əməl etməklə baxmışdır.
50. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
51. Həmin Məcəllənin 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
52. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
53. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
54. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
55. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
56. Azərbaycan Rеspublikası MPM-nin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
57. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda iddiaçı "xxxx" MMC-nin mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 607 (altı yüz yeddi mana) manat təşkil edir.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3491/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.