Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7840/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun və cərimənin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (MMC) X4 (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin Kürdəmir fiflialı və cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin 60 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 120 ton xam pambıq məhsulunu istehsal edib MMC-nə satmağı öhdəsinə götürdüyünü, müqavilənin icrası ilə əlaqədar cavabdehin MMC-dən 27 937,54 manat məbləğində avans vəsaitlər aldığını, müqavilə şərtlərinə əsasən cavabdehin götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı olduğu halda, 13 382,43 manat məbləğində 27 832,17 kq xam pambıq təhvil verdiyini və beləliklə müqavilənin şərtlərini pozduğunu, sonradan onun təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 367,50 manat dəyərində vəsaitləri geri qaytardığını və 14 187,61 manat borcu qaldığını, müqavilənin 4.2-ci bəndində, cavabdehin müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20 faiz həcmində cərimə ödəməli olduğunun nəzərdə tutulduğunu bildirmiş, buna görə də Cavabdeh 14 187,61 manat əsas borcun, 9216,78 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, X1 14 187,61 (on dörd min yüz səksən yeddi manat altmış bir qəpik) manat əsas borcun, 1418 (bir min dörd yüz on səkkiz) manat cərimə borcunun və 20,10 (iyirmi manat on qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin cərimə pulunun tutulması hissəsində rədd olunaraq ondan iddiaçının xeyrinə əsas borca görə 7093,80 manat pulun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini öhdəliyin lazımi qaydada icra edilməməsində təqsirinin olmadığı, bütün aqrotexniki tədbirlərin görülməsinə baxmayaraq 60 hektar pambıq sahəsinin 45 hektarında pambıq bitkilərinin normal inkişaf etməməsi səbəbilə gözlənilən məhsuldarlığı ala bilmədiyi, bu səbəblə iddiaçıya 13 382,43 manat dəyərində 27 832,17 kq pambıq təhvil verə bildiyi, bununla bağlı İddiaçı MMC-nin Kürdəmir rayon filialının müdirinin və aqronomunun iştirakı ilə akt tərtib edildiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, öhdəliyin tam icra olunmamasında təqsirli olmasa da, ədalətsizlik olmaması üçün ondan tələb edilən borcun yarısını ödəməyə razıdır və bunun nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnamənin ləğv olunmasını xahiş etsə də, onun apellyasiya şikayətinin dəlilləri məhz iddianın təmin olunan hissəsinin qismən qanunsuz olmasına yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı MMC (Alıcı), həmin MMC-nin Kürdəmir filialı (Tədarükçü) və Cavabdeh (Təsərrüfat) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Təsərrüfat, 60 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 120 ton xam pambıq məhsulunu istehsal edib Alıcıya satmağı, Tədarükçü, Təsərrüfatın gətirdiyi xam pambığı mövcud standartların tələblərinə uyğun olmaqla vaxtında qəbul edib onun kondisiya dəyərinin Alıcı tərəfindən Təsərrüfata ödənilməsini təmin etməyi, Alıcı, Tədarükçünün vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan materialın və pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata verilməsini öhdələrinə götürmüşlər. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, müqavilənin icrası ilə əlaqədar Cavabdeh (Təsərrüfat) MMC-dən (Alıcıdan) 27 937,54 manat məbləğində avans vəsaitlər almış, lakin MMC-nin Kürdəmir filialına (Tədarükçüyə) 13 382,43 manat dəyərində 27 832,17 kq. xam pambıq təhvil vermiş və götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 367,50 manat dəyərində vəsaitləri geri qaytarmış, bu səbəblə MMC tərəfindən ona 14 187,61 manat əsas borc, həmçinin müqavilənin 4.2-ci bəndində “nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20 faiz həcmində cərimə ödəməli olduğu” təsbit edildiyindən 9216,78 manat cərimə borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi X3 müqavilənin şərtlərini pozaraq razılaşdırılmış 120 ton xam pambıqdan cəmi 27 832,17 kq. pambıq təhvil verdiyini və bununla da üzərinə düşən öhdəlikləri tam icra etmədiyini vurğulayaraq, habelə iddiaçının hesabladığı cərimə borcunu mütənasib hesab etdiyi həddədək azaldaraq müvafiq nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə, gəldiyi bu nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-cü maddəsinə görə isə, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 462.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Kollegiya hesab edir ki, İddiaçı MMC (Alıcı), həmin MMC-nin Kürdəmir filialı (Tədarükçü) və Cavabdeh (Təsərrüfat) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyin onun cavabdeh olduğu hallara görə pozulmuş olduğu qənaətinə gəlmək mümkün deyildir; çünkü həmin müqavilənin 2.15-ci bəndində o, torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürmüş, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Mollakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, İddiaçı MMC-nin Kürdəmir rayon filialının müdiri, həmin filialın aqronomu, Ərəbxana bələdiyyəsinin sədri, cavabdeh, suçu və bələdiyyə üzvü tərəfindən xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş aktda isə göstərilmişdir ki, “...pambıq əkilən ərazi “MKT” Saatlı rayon filialının mütəxəssisləri tərəfindən seçilmiş, həmin torpaq sahəsində vaxtında şum çıxarılmış, əkin aparılmış, normal çıxış alınmış, bütün aqrotexniki tədbirlərin görülməsinə baxmayaraq, 65 hektar pambıq sahəsindən 45 hektarında pambıq bitkiləri normal inkişaf etməmiş, gözlənilən məhsuldarlığı verməmişdir. Nəticədə Cavabdeh “MKT” Kürdəmir rayon filialına 14 187 manat borcu qalmışdır. Həmin borcun silinməsi məsələhət bilinir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiyanın qənaətinə görə, nə qədər ki, Cavabdeh pambıq əkdiyi sahə iddiaçının mütəxəssisləri tərəfindən seçilmişdir və orada Cavabdeh tərəfindən bütün aqrotexniki tədbirlərin görüldüyü iddiaçının səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmişdir, bu halda həmin sahədə məhsuldarlığın aşağı olmasının onun cavabdeh olduğu haldan irəli gəldiyi və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyi nəticəsinə gəlinməsi mümkün deyildir. Bununla belə kollegiya hesab edir ki, cavabdeh bilavasitə özü, iddiaçının məruz qaldığı ziyana görə 7093,80 manat ödəməyə razı oldunu bəyan etdiyindən, həmin məbləğ ondan iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, mülki prosesin əsas prinsiplərindən olan tərəflərin prosesdə “hökmranlığı” prinsipinə görə, proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu kontekstdə Azərbaycan Mülki Prosessual qanunvericiliyi mülki prosesin yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlandığını (MPM-in 5.1-5.3-cü maddələri), iddiaçının iddiadan imtina və cavabdehin iddianı etiraf edə biləcəyini, tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlama imkanlarına sahib olduqlarını nəzərdə tutmuşdur (MPM-in 5.4, 52.1-51.3-cü maddələri). Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır; Məcəllənin 458.2-ci maddəsinə görə isə, 458.1-ci maddənin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yalnız onun özünün könüllü şəkildə ödəmək istədiyi 7093,80 manat tutula bilər; öhdəliyin pozulmasına görə məsuliyyət daşımayan şəxsdən cərimə tutulması isə mümkün deyildir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-959/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “X1 14 187,61 (on dörd min yüz səksən yeddi manat altmış bir qəpik) manat əsas borcun və 1418 (bir min dörd yüz on səkkiz) manat cərimə borcunun tutulması” hissəsində ləğv olunsun və həmin tələb üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 7093,80 (yeddi min doxsan üç manat 80 qəpik) manat tutulsun. Həmin iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7840/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7840/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver