Məhkəmə qərarları › İş №2(103)-7846/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7846/2021

27.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7846/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Vahid Sadıqovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 308,89 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçıya aid olan, ünvan 1 ünvanında təbii qazdan istifadə ilə bağlı iddiaçıdan tutulmuş 308,89 manat pul cavabdeh tərəfindən iddiaçıya qaytarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya aid olan ünvanda qaz sayğacı cavabdeh tərəfindən çıxarılaraq yeni sayğac quraşdırılmış və bu barədə akt tərtib edilmişdir. Daha sonra borca görə iddiaçıdan 308,89 manat pul tutulmuşdur (iş v. 8). İddiaçı həmin borcun tutulmasını qanunsuz hesab edir, sayğaca müdaxilə etmədiyini və ya qazdan qeyri-qanuni istifadə etmədiyini bildirir. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, iddiaçı qazdan sayğacdankənar qaz xətti vasitəsilə istifadə edib, ona görə də akt tərtib edilib, itirilmiş qaza görə hesabat aparılaraq zərərin əvəzi kimi 308,89 manat borc hesablanıb. Lakin cavabdeh iddiaçının sağaca müdaxilə etdiyini və ya qazdan qeyri-qanuni istifadə etdiyini təsdiq edən sübut təqdim etməyib. Cavabdeh fotoşəkil (iş v. 50) təqdim etsə də fotoşəkilin cavabdehin evinə aid olduğu təsdiq olunmur. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1092, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 308,89 manatın geri qaytarılmasını qət edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar