Məhkəmə qərarları › İş №2(103)-7849/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7849/2020

23.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7849/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(006)-3576/2020 №-li iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 verdiyi şikayətə, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və onun əsasında hazırki mülki işin icraatı başlanmış və mülki iş hazırlıq iclasına təyin edilmişdir. Bundan sonra, iddiaçı MTK-nın nümayəndəsi X1 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə təyin edilmiş hazırlıq iclasında ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı MTK-nın iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə qərar qəbul edərkən, Cavabdeh1 buna razı olmamasını nəzərə almamışdır. Belə ki, Cavabdeh1 vəkili (nümayəndəsi) Məmmədov İkin Rövşən oğlu ərizənin təmin edilməsinə etiraz etmiş və iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Bundan başqa Rayon Məhkəməsi qeyd edilən məsələni hazırlıq iclasında müzakirə etmişdir. Halbuki, bu kimi məsələ hazırlıq iclasında deyil, məhkəmə baxışı iclasında müzakirə oluna bilərdi. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə)şikayətin dəlillərini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsini ona görə qaytarmışdır ki, iddiaçı MTK-nın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.9cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı ərizənin qaytarılması qaydasını müəyyən edir. Həmin prosessual normada qeyd edilir ki, MPM-nin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərindən göründüyü kimi işin məhkəmə baxışına hazırlanması zamanı, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilənədək iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi əsasında məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edir və bu zaman bunun üçün cavabdehin razılığı tələb olunmur. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi MPM-nin tələblərinə riayət etmiş, müzakirə olunan məsələ üzrə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Odur ki, Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində müəyyən edilmiş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-cı maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar