Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7852/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3035/2021 saylı 03.06.2021-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilərək, "xxxx" İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********70008) hesablanmış 339,10 (üç yüz otuz doqquz manat on qəpik) manat cərimənin silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında yerləşən fərdi yaşayış evinə verilən təbii qazla bağlı cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən əsassız olaraq hesablanmış 364 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında yerləşən və faktiki olaraq iddiaçıya məxsus fərdi yaşayış evinə təbbi qazın verilməsi ilə bağlı 2013-cü ildə "Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. 13.02.2012-ci il tarixdə iddiaçının ərizəsi əsasında əvvəl quraşdırılmış mexaniki sayğac sökülərək smart kartla işləyən sayğac quraşdırılmış və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmişdir. 2021-ci ilin yanvar ayından başlayaraq karta yüklənilmiş məbləğdən qalıq borc tutulmağa başlanmış və iddiaçı bununla bağlı "xxxx" İstehsalat Birliyinə ərizə ilə müraciət etmişdir. Heç bir araşdırma aparılmadan ona bildirilmişdir ki, 339 manat borcu qalıb. İddiaçı müraciət edərək abonentin saldosunu və 2013-cü ildən bu günədək olan ödənişlər barədə çıxarışı əldə etmiş və ona təqdim edilmiş çıxarışda 2014-cü ildən 2020-ci ilin noyabr ayınadək borcun 0 olması , abonentin saldosunda isə birdən birə 2020-ci ilin noyabr ayında 254 manat, 2021-ci ilin yanvar ayında 335, fevral ayında isə 339 manat göstərilmişdir, halhazırda isə 364 manat olması bildirilmişdir. Bu borcun haradan və necə yaranması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçının cavabdeh tərəfə heç bir borcu olmamış, abonentin saldosundan da görünür ki, hər ay ödənişlər normaya uyğun ödənilmişdir. Borc olduğu təqdirdə cavabdehin 7 il gözləməsi və borcu tələb etməməsi ağlabatan deyildir. Həqiqətən də iddiaçının borcu olmuş olsaydı cavabdeh uzun müddət bundan qabaq bu borcun ödənilməsi üçün tədbirlər görərdi. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(011)-3035/2021 saylı 03.06.2021-ci il tarixli qətnaməsindən "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Binəqədi rayon Məhkəməsinin 2(011)-3035/2021 saylı 03.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İş materiallarına əlavə edilmiş məhəmənin sorğusuna cavabda bildirilmişdir ki, **********70008 nömrəli istehlakçı kodu üzrə 15.10.2020-ci il tarixdə quraşdırılmış mexaniki tipli, G-4 markalı, **********7 nömrəli qaz sayğacı 18.02.2021-ci il tarixdə abonentin ərizəsinə əsasən Zenner tipli, G4T markalı, **********835 nömrəli smart sayğacla əvəz edilmişdir. Bu barədə 18.02.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Borcun yaranma əsasları bunlardır: 2020-ci il üçün ümumi qaz sərfiyyatı 3067 m3 olmuşdur (2020-ci ilin İ-X ayları üzrə 1320 m3 + 2020-ci ilin X-Xİİ ayları üzrə 1747 m3 ) - İllik qaz sərfiyyatının 2200 m3 hissəsi illik limit olmuşdur. 3067 m3 - 2200 m3 = 867 m3 - İllik limiti keşmiş hissə yarandığı ilk ay müddətində 0.10 qəpiklə hesablanır 867 m3x 0.10 qəp = 86.70 manat (smart sayğac üzrə 2020-ci ilin 11-ci ayında ödənilmiş 3.70 manat ödəniş artıq sərfiyyatdan çıxılmışdır: (86.70-3.70 = 83.00 )manat) Beləliklə: 2020-ci ilin 12ci ayının əvvəlinə borc 12.00 manat + (159.00 manat + 83 manat + 81.30 manat +18.80 manat) = 354.10 manat -(15 manat+15 manat ödənişlər) = 324.10 manat 2021-ci ilin mart ayına borc məbləği 324.10 manat təşkil etməkdədir”. İş materiallarından görünür ki, 15.10.2020-ci il tarixdə İddiaçı məxsus yaşayış sahəsində mexaniki qaz sayğacı quraşdırılmış və həmin sayğac istehlakçının ərizəsinə əsasən 18.02.2021-ci il tarixdə smart sayğacla əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş abonet kodu **********70008 olan İddiaçı hesabından çıxarışdan görünür ki, onun 12.2013-11.2020 illər ərzində borcu olmamış, tərəfindən mütəmadi olaraq istifadə etdiyi qazın dəyəri ödənilmş, lakin abonentin saldosundan göründüyü ki, 2021-ci ilin yanvar ayının əvvəlinə 254 manat, fevral ayının əvvəlinə 335 manat, mart ayının əvvəlinə isə 339,10 manat borcu əmələ gəlmişdir. Göründüyü kimi həmin borcun yaranması əsasları barədə məhkəmə tərəfindən cavabdehə sorğu ünvanlansa da, cavabdeh tərəfindən məhkəməyə verilmiş cavabda sadəcə müəyyən riyazi hesablamalar əks olunmuş, 2020-ci ilin dekabr ayınadək aylar üzrə sərfin məbləği maksimum 10 manat civarında olduğu halda, dekabr ayında yaranmış 159 manat borcun və İddiaçı hesabından çıxarışda olan məlumatlarla abonentin saldosu arasında (eyni zamanda aktlarda qeyd olunmuş sayğacların göstəricilərinə dair məlumatlarla həmin sənədlərdə qeyd olunan məlumatlar arasında) olan ziddiyyətlərin nəyə əsasən yaranması aydın deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq, borcun qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yaranmasını sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh "xxxx" İstehsalat Birliyinin üzərinə düşür, cavabdeh isə qeyd olunan vəzifəni icra edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(011)-3035/2021 saylı 03.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7852/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7852/2021
07.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver