Məhkəmə qərarları › İş №2(103)-7857/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7857/2021

20.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7857/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Səbinə Eldəniz qızı Şirinovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2852/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz” İB tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 3 (Baksol küçəsi) ünvanına (abonent kodu: **********0011) hesablanmış 1238,40 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 3 ünvanında yerləşən fərdi yaşayış evinə **********0011 saylı abonent kodu verilmişdir. 31.08.2020-ci il tarixdə Bakı Regional qazın Satışı Departamentinin nümayəndələri tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğvedilməsi ilə bağlı akt tərtib edilmiş və akt tərtib edilərkən iddiaçı iştirak etməmiş və aktı da imzalamamışdır. Bundan sonra itirilmiş qazın hesabatı aparılmış və hesablanmış məbləğin - 1238,40 manatın ödənilməsi barədə tələbnamə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçı əsassız yazılmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(001)-2852/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının mənzilinə baxış keçirilmiş, bu zaman məlum olmuşdur ki, vətəndaş sayğacdan kənar qazdan istifadə edir. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(001)-2852/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən ona görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən ilk növbədə sübutetmə yükünün cavabdeh Azəriqaz QSC-nin üzərinə düşdüyünü, onların isə öz növbəsində, qazdan istifadə qaydalarının pozulmasına görə tərtib etdikləri aktların və orada qeyd edilən pozuntuların ciddi şübhə doğurduğu, həmçinin məhkəmə mühəndistexniki ekspertizasının rəyi ilə iddiaçıya məxsus qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməməsi kimi hallara istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdə əks olunmuş divardakı qaz sayğacının iddiaçıya məxsus olması iddiaçının özünün verdiyi izahatla təsdiq olunur. Qeyd edilən fotoşəkillərdən isə aydın görünür ki, sayğaca daxil olan qaz xətti sayğacdan ayrılaraq, rezin boru vasitəsilə sayğacdan kənar xətt çəkilmişdir. Həmçinin, təqdim edilmiş aktlardan görünür ki, aşkar edilmiş faktla bağlı müvafiq sənədləşmə işi aparılmış və 11520 kub.m dəymiş zərər müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının qaz xəttinə qanunsuz qoşulması sayğacdan kənar qazdan istifadə etməsi halı aşkardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, hazırkı halda Azəriqaz QSC-nin nümayəndələri tərəfindən qaz şəbəkəsinə qanunsuz qoşulma halı aşkar edildiyindən, iddiaçıya məxsus həmin xətt ləğv edilməli, qazın verilişi isə dayandırılmalı idi. Lakin iş materiallarından cavabdeh təşkilat tərəfindən bu tədbirlərin görülməsi müəyyən edilmir. Həmçinin, tərtib edilmiş aktda itirilmiş qaza görə ziyanın hesablanması göstərilsə də, şəbəkəyə qanunsuz qoşulmuş qaz xəttinin ləğv edilməsinə dair məlumat əks olunmamışdır. Həmin aktların məzmunundan görünür ki, abonent İddiaçı həmin aktları imzalamaqdan imtina etmişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilən abonent saldosunda 30.01.2020ci il tarixli, ******* nömrəli akt qeyd olunsa da, həmin akt iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin akta görə hesablanmış 432 manat nəzərə alınmamalıdır. Beləliklə, işin müəyyən edilmiş hallarına və Qanunvericiliyin sadalanan tələblərinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı hesablanmış mülki işdə olan birinci akta əsasən 11520 kub metr dəymiş zərərin əvəzi 144 manat istisna olmaqla, qalan borc məbləği silinməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilərək iddiaçı B.Y.X1 1238,40 AZN borcunun 1094,40 AZN hissəsi silinməli, qalan 144 manat hissəsində iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2852/2021 saylı, 18.05.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iddia qismən təmin edilsin. İddiaçının X2 1238,40 AZN borcunun 1094,40 AZN hissəsi silinsin. İddia tələbinin 144 manat olan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar