Məhkəmə qərarları › İş №2(103)-7870/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7870/2021

12.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7870/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsi (İdarə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdarənin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik mağstral neft kəmərinin 116-cı km-də, kəmərdən 14 metr aralı məsafədə və kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktının aşkar olunduğunu, Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmaqla 03.01.2003-cü il tarixdə Ədliyyə Nazırliyində qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonasının boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsinin mühafizə zonası hesab edildiyini və İdarənin rəsmi razılığı olmadan mühafizə zonasında tikinti işlərinin aparılmasının qadağan olduğunu bildirmiş, buna görə də sözügedən ünvanda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin onun hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayət verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, İdarənin müvafiq iddianı irəli sürməyə subyektiv hüququnun olmaması barədə səhv nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İdarənin nümayəndəsi Elxan Xammədov apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehin inşa etdiyi tikilinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi və qanunsuz tikili olması müəyyənləşdirilsə də, məhkəmə Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərinə əhəmiyyət verməmiş, həmin normada iddianın maraqlı şəxs tərəfindən də qaldırıla biləcəyinin təsbit edildiyini nəzərə almamaqla qanunsuz qətnamənin çıxarılmasına səbəb olmuşdur. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən edilmiş halına görə, SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik mağstral neft kəmərinin mühafizə zonası daxilində - ünvan 1 ünvanında cavabdeh tərəfindən yaşayış evi inşa edilmiş, həmin tikilinin heç bir hüquqmüəyyənedici sənədi olmamaqla Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin inşa etdiyi sözügedən tikili ərazidən keçən neft kəmərindən 6 metr məsafədə yerləşməklə kəmərin mühafizə zolağına düşür. Birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsində, bu Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanının tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edəcəyi nəzərdə tutulmuşdur və həmin Məcəllənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.10-cu maddəsinə əsasən sözügedən "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirdiyindən, iddiaçı İdarəni iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərini nəzərə almamış, normanı düzgün tətbiq etməməklə prosessual pozuntu ilə müşayiət olunan qətnamə çıxarmışdır. Belə ki, Mülki Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci və 5-ci bəndlərinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının Energetika və Sənaye Nazirliyi tərəfindəndən hazırlanmış və Ədliyyə Nazirliyində 03.01.2003-cü il tarixdə qeydiyyatdan keçmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslərin Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərini; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınmasını; torpaq meliorasiya işlərinin aparılmasını, suvarma və qurutma sistemlərinin quraşdırılmasını həyata keçirmələri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüqunun olmaması barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə, “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 nömrəli Fərmanına istinad edərək müvafiq tələblə məhkəməyə yalnız Fövqalədə Hallar Nazirliyinin iddia vermək hüququnun olmasını qeyd etsə də, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikilnin müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilmə imkanını nəzərə almamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı İdarə, mübahisəli tikilinin İdarənin istismarında olan Şirvan- Bakı Dş-500 mm-lik mağstral neft kəmərinin 116-cı km-də, kəmərdən 14 metr aralı məsafədə və kəmərin mühafizə zonasında yerləşdiyini irəli sürmüş, işin bu halı ekspertiza rəyi və alınmış mütəxəssis rəyləri ilə təsdiq edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehin, iddiaçı İdarənin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik mağstral neft kəmərinin mühafizə zonasında inşa etdiyi tikili onun hesabına sökülməli və ərazidən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi cavabdehdən tutularaq ona ödənilməli, ekspertiza tədqiqatına çəkilmiş xərc isə cavabdehdən tutularaq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-137/2021 saylı iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Bakı Dş-500 mm-lik mağstral neft kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən ina edilmiş tikili Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 20,40 (iyirmi manat 40 qəpik) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə ödənilsin; ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat isə ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar