Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7877/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2021-ci il tarixli qətnamədən iddiaçı QSC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı QSC-nın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) Nəsimi filialı ilə Cavabdeh1 arasında 25.04.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” əsasında Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 17 faiz dərəcəsi ilə 60 ay müddətinə 108.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus olan “Porsche Panamera” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq Bank ilə Cavabdeh1 arasında 25.04.2011-cu il tarixdə “İpoteka müqaviləsi” bağlanmış və bu müqavilə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 26.04.2011-ci il tarixdə qeydiyyata alınmısdır. Bundan başqa, iş üzrə digər cavabdehlə - Cavabdeh2 ilə Cavabdeh1 və Bank arasında 25.04.2011-ci il tarixdə “Zaminlik müqaviləsi” bağlanmış və Cavabdeh2 borcalan Cavabdeh1 kreditor Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına zamin durmuşdur. Cavabdehlər qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Nəticədə cavabdehlərin Banka 45.700 manat məbləğində əsas kredit borcları, 25.844,01 manat məbləğində əsas borca hesablanmış faiz borcları yaranmışdır. Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bank ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 11.08.2015-ci il tarixdə “Tələb hüququnun güzəşt edilməsi barədə müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən Bankın problemli aktivlərinin tələb hüququ QSC-yə keçmişdir. QSC ilə “X2 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 16.09.2016-cı il tarixdə bağlanmış "xxxx" əsasən isə QSC-yə keçmiş yuxarıda qeyd edilən hüquqlarının idarə edilməsi MMC-yə keçmişdir. Bundan sonra MMC də qeyd edilən borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də, MMC, QSC-nin adından çıxış edərək hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən MMC hesab edir ki, iddia ərizəsində qeyd edilən məbləğlər cavabdehlərdən iddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulmalı, tutma ipoteka predmeti olan avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, avtomobilin satışdan əldə oluna biləcək pul məbləği hesabına yuxarıda qeyd edilən borc ödənilməli, artıq qala biləcək məbləğ Cavabdeh1 verilməli, satışdan əldə oluna biləcək məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda borcun ödənilməmiş qalan hissəsi cavabdehlərdən ümumi qaydada tutulmalıdr. Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə vermiş və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsini dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, bundan daha əvvəl, yəni 20.05.2019-cu il tarixdə QSC hazırki iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş Bakı Apellyasiya Məhkəməsinin baxışı predmeti olmuş və işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 07.09.2020-ci il tarixli qərardadı (İş № 2(103)-6230/2019) ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını qərara almışdır. Bu səbəbdən hesab edilməlidir ki, iddia müddəti buraxılmamışdır. İddiaçının nümayəndəsi A.Ağayev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 25.04.2011-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən Bankdan illik 17 % dərəcəsi ilə 60 ay müddətinə 108.000 manat məbləğində kredit almışdır. Bank ilə Cavabdeh1 arasında 25.04.2011-ci il tarixdə bağlanmış “İpoteka müqaviləsindən” görünür ki, cavabdeh yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus olan “Porsche Panamera” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarından görünür ki, “İpoteka müqaviləsi” Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınmışdır. Cavabdehlər ilə Bank arasında 25.04.2011-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh2 borcalan olan Cavabdeh1 kreditor Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına zamin durmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə və hesablamalarda qeyd edilir ki, cavabdehlər qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, Banka olan borcu ödəməmişlər. Nəticədə cavabdehlərin Banka 45.700 manat məbləğində əsas kredit borcları, 25.844,01 manat məbləğində əsas borca hesablanmış faiz borcları yaranmışdır. İşdə olan məktublardan görünür ki, borcun ödənilməsi cavabdehlərdən dəfələrlə tələb edilsə də borc ödənilməmişdir. "xxxx" görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, Bank ilə Cavabdeh1 arasındakı “Kredit müqaviləsi” 25.04.2011-ci il tarixdə 60 ay müddətinə bağlanmışdır. Yəni müqavilənin qüvvədə olma müddəti 25.04.2016-cı il tarixdə bitmişdir. Belə olan halda müəyyən edilir ki, iddia müddətinin axımı 26.04.2016-cı il tarixdə başlamış və 3 ildən sonra, yəni 26.04.2019-cu il tarixdə bitmişdir. İddiaçının iddia ərizəsi 22.01.2021-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh tərəf Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə vermişdir. İşə baxmış Rayon Məhkəməsi həmin ərizəni əsaslı hesab edərək iddianın rədd edilməsini qət etmişdir. İddiaçı QSC qətnamədən verdiyi apellyasiya şikayətində bildirmişdir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, bundan daha çox əvvəl, yəni 20.05.2019-cu il tarixdə QSC hazırki iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş Bakı Apellyasiya Məhkəməsinin baxışı predmeti olmuş və işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 07.09.2020-ci il tarixli qərardadı (İş № 2(103)-6230/2019) ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını qərara almışdır. Bu səbəbdən hesab edilməlidir ki, iddia müddəti buraxılmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçı QSC-nin göstərdiyi bu hal iddia müddətinin axımını nə dayandırmamış, nə də ki, müddətin axımını bərpa etməmişdir. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı iddia müddətini buraxmaqla iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7877/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7877/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver