Məhkəmə qərarları › İş №2(103)-7878/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7878/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7878/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh “xxxxx” MMC-yə qarşı “hərrac tərəfindən müəyyən edilmiş qiymətin əsassız hesab edilməsi və yenidən qiymətləndirmənin keçirilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ipoteka predmeti olan mənzil satılarkən cavabdeh (hərrac təşkilatı) tərəfindən müəyyən edilmiş qiymətin (202.000 manatın) əsassız hesab edilməsi və yenidən qiymətləndirmənin keçirilməsi barədə qətnamə qəbul edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad onunla əsaslandırılıb ki, iddia tələbində qeyd olunan hallara Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilib və qətnamə qanuni qüvvəyə minib. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin göstərişinə istinad edilib. Həmin maddəyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunur. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, istinad olunan xx.xx.2015-ci il tarixli qətnamə ipoteka predmetinə tutma yönəldilməsi barədədir. Həmin qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti 202.000 manat müəyyən edilib. Lakin hazırkı iş üzrə cavabdeh (hərrac təşkilatı) bu qətnamənin aid olduğu işdə tərəf olmayıb, yəni Mülki-Prosessual Məcəllənin 153.2.2-ci maddəsində qeyd olunan “eyni tərəflər” əlaməti mövcud deyil. Ona görə də 153.2.2-ci maddədə göstərilmiş əsasla iddia ərizəsinin qəbulundan imtina edilməsi qanunsuzdur, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar