Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7879/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, e-2(009)- 2296/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu Bakı şəhəri, Bünyad Sərdarov küçəsi, 17 saylı evdə yerləşən 22 saylı mənzildə qanunsuz aparılan tikili və yenidənqurma işlərinin, tarixi binada yerləşən 22 saylı mənzildə qanusuz tikilmiş eyvanların cavabdehin hesabına sökülməsi, 22 saylı mənzilin 21 saylı mənzildən ayrılması və 22 saylı mənzilin cavabdehin hesabına ilkin vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(009)- 2296/2022 saylı qərardadına əsasən mülki işin icraatına xitam verimişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 iyun 2011-ci il tarixli, 2(009)-1454/2011 saylı qətnaməsi ilə - İddiaçı cavabdeh X2 qarşı “mənzilin əvvəlki vəziyyətinə qaytarılması və özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Qətnamədən görünür ki, iddiaçı həmin vaxtı da cavabdehə qarşı eyni mənzillə bağlı iddia qaldıraraq, mənzildə qanunsuz təmir və yenidənqurma işlərinin (otaqların təyinatının dəyişdirilməsi, sanitar məişət qurğularının ləğv edilməsi və s.) aparılmasını və s. göstərmiş, bu səbəbdən də mənzilin əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin iddia rədd olunmuşdur. İddiaçı hazırki tələbində də analoji hallara (mənzildə qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması və s.) istinad edərək, sonda mənzilin əvvəlki vəziyyətə qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi (bu faktiki olaraq qanunsuz inşa edilmiş tikililərin sökülməsi yolu ilə mümkündür) ilə 2011-ci ildə məhkəməyə müraciət etmiş, hazırki mübahisə əvvəlki məhkəmə baxışının predmeti olmuş və işə mahiyyəti üzrə baxılaraq iddia təmin olunmamışdır. Yəni, həmin mülki işə baxılarkən iddiaçının hazırki tələbi araşdırılmış və qiymətləndirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd edir ki, hər iki iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən mənzildə qanunsuz təmir-tikinti, yenidənqurma işlərinin aparılması, bu səbəbdən də mənzilin ilkin (əvvəlki) vəziyyətə qaytarılması olmuşdur. Mənzilin ilkin vəziyyətə qaytarılması tələbi isə özü-özlüyündə sonradan orada aparılmış hər hansı dəyişiklikləri ehtiva edir. Əvvəlki məhkəmə qətnaməsi ilə bu halları hüquqi qiymət verilmiş, nəticədə iddia rədd olunmuşdur. MPM-in 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iş üzrə icraata xitam verilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qərradadın ləğvinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, e-2(009)- 2296/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, e-2(009)- 2296/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7879/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7879/2022
06.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver