Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-788/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin veriməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 83/2024 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qazax rayonu Aqrar İstehsalatı Komissiyasının xx.xx.1997-ci il tarixli şəhadətnaməsinə əsasən Qazax rayonu, Çaylı kəndində yerləşən 0,12 hektar torpaq sahəsi İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətinə verilmiş, xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən həmin torpaq sahəsində tikilmiş 68,2 kv.m. sahəsi olan fərdi yaşayış evi onun adına qeydiyyata alınmışdır. RDS********** nömrəli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinə əsasən həmin fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari qaydada Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra “cavabdeh”) sığorta olunmuşdur. Həmin sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixdə, saat 22:25 radələrində Gürcüstan ərazisində, Qazax stansiyasından 111 km şimal-qərbdə, maqnitudası M-5,9 h=10 km olan zəlzələ qeydə alınmış, zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunmuşdur. Həmçinin, zəlzələ Qazax-Ağstafa rayonlarında 4-3 bala qədər hiss olunmuşdur. xx.xx.2022-ci il tarixdə Çaylı kənd inzibati ərazi dairəsinin, habelə Çaylı bələdiyyəsinin nümayəndələri tərəfindən tərtib edilmiş akta əsasən iddiaçının evinə baxış keçirilmiş və onun evinin divarlarında geniş çatlar və uçmalar aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə Qazax RİHBA-nın əməkdaşları, Çaylı kənd inzibati ərazi dairəsinin, habelə Çaylı bələdiyyəsinin nümayəndələri tərəfindən tərtib edilmiş akta əsasən iddiaçıya məxsus evin divarlarında, dəhlizin tavan hissəsində divarla birləşmə yerlərində, yaşayış otaqlarının divarlarında çatların yarandığı, deformasiya nəticəsində aralanma müşahidə olunmuş, həmin evdə çatların və aralanmaların yaranaraq, evin qəzalı vəziyyətə gəlməsinə xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində baş vermiş zəlzələnin Qazax rayonu ərazisində təsiri nəticəsində olduğu müəyyən edilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin iddiaçı və cavabdehə ünvanladığı xx.xx.2022ci il tarixli məktubuna əsasən iddiaçının evində əvvəldən olmuş çatların genişlənərək, təhlükəli vəziyyətə gəlməsinə səbəb xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində baş vermiş zəlzələnin Qazax rayonu ərazisində təsir etməsi olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4761 nömrəli ekspert rəyinə əsasən Qazax rayonu, çaylı kəndində yerləşən yaşaylş evinə xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələdən ziyan çəkmiş evlər kimi qeydiyyata alındığı nəzərə alınaraq, iddiaçıya məxsus yaşayış evində yaranmış qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2- 10/9558 nömrəli ekspert rəyinə əsasən qeyd edilən fərdi yaşayış evi üzrə yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 14.596 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh "xxxx" Dövlət Sığorta Şirkəti ASC-yə, sonradan cavabdehi əsl cavabdehlə əvəz edərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən yaşayış sahəsinə dəymiş zərərə görə ödənilməli olan 15.000 manat sığorta ödənişinin və dövlət rüsumu üçün ödənilmiş 135 manat məbləğin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, Qazax rayonu, Çaylı kəndində yaşayır. Hazırda yaşadığı yaşayış sahəsini 1982-ci il tarixdə inşa etmiş və həmin mənzildə yaşamağa başlamışdır. 2015-ci ildən hər il mütəmadi olaraq ona məxsus yaşayış sahəsini "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Hər il sığorta ödənişlərini ödəmişdir. xx.xx.2022-ci il tarixdə Qazax rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində onun yaşayış sahəsinə ciddi zərər dəymiş, evin divarlarında çatlar əmələ gəlmiş və ev dağılmışdır. Artıq ev yaşanmaz haldadır. O, ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsində yaşamaq məcburiyyətindədir. Evdə baş vermiş dağıntılarla əlaqədar o, xx.xx.2022-ci il tarixdə Qazax Rayon İcra hakimiyyətinə müraciət etmişdir. Oradan gələn komissiya onun evinə baxış keçirmiş və evin yaşanmaz halda olduğunu təsbit etmişdir. Bundan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh ona heç bir sığorta ödənişinin olunmayacağına dair rəsmi məktub göndərilmişdir. O, 7 il yaşayış sahəsi sığorta etdirmişdir və bu illər ərzində sığorta hadisəsi baş vermədiyi üçün ona sığorta ödənişi edilməmişdir. Ancaq indi sığorta hadisəsi olduğu halda cavabdeh ona sığorta ödənişi etməkdən imtina edir. Onun evi tamamilə yaşanmaz haldadır və bu baxımdan ona dəymiş zərərə görə tam həcmdə sığorta ödənişi edilməlidir.
4. Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı icbari qaydada sığorta etdirdiyi 1982-ci ildə inşa edilmiş Qazax rayonu, Çaylı kəndində yerləşən evinə zəlzələ nəticəsində zərər dəydiyi üçün sığorta ödənişi tələb etmişdir. Şirkət qanunvericiliklə müəyyən edilmiş baş vermiş hadisəni araşdırmaq hüququndan istifadə etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, Şirkətin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Belə ki, iddiaçı qeyd etdiyi, yəni xx.xx.2022-ci il tarixdə həqiqətən də Qazax rayonu ərazisində zəlzələ baş versə də, bu dağıdıcı gücə malik olmamışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumat portalına əsasən xx.xx.2022-ci il tarixdə yerli vaxtla saat 22:25-də episentri Gürcüstan olan zəlzələ baş vermişdir. Bu zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunmuşdur. Beynəlxalq şkalaya əsasən qeyd olunan gücdə baş verən zəlzələlər “minortəkan” adlanır və dağıdıcı gücə malik deyildir. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən 4 bal gücündə zəlzələ bina daxilindəki adamların çoxunun, çöldəkilərin isə bəzilərinin tərəfindən hiss olunur. Baş vermiş zələzələnin iddiaçının iddia etdiyi kimi böyük dağıntılara səbəb olması mümkün deyildir. Hətta 5 bal gücündə zəlzələ belə iddia edilən dağıntılara səbəb olmur. Qazax Rayon İcra Hakimiyyətindən şirkətə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da bildirilir ki, iddiaçıya məxsus evdə olan zədələr zəlzələ nəticəsində deyil uzunmüddətli istismar və baxımsızlıqdan meydana gəlmişdir. İddiaçının sığorta ödənişi verilməsi ilə bağlı müraciətinə şirkətin Qazax rayon filialı tərəfindən verilən cavab məktubunda da etirazda göstərilən hallar qeyd edilmiş və sığorta ödənişinin veriməsindən imtina edilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-83/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 14.446 manat sığorta ödənişinin (dəymiş ziyana görə) və 67,50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə ekspertiza xərclərini təşkil edən 200 manat məbləğində pulun 100 manat hissəsinin İddiaçı, 100 manat hissəsinin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim X5).
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan sənədlərdən (sığorta şəhadətnaməsi, aktlar və s.) və qanunun tələbindən də görünür ki, zəlzələ sığorta hadisəsidir. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubunda xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələnin dağıdıcı qüvvəyə malik olmadığını bildirsə də, iddia tərəfindən təqdim edilmiş fotoşəkillər və işin daha da obyektiv araşdırılması üçün məhkəmə tərəfindən təyin edilmiş ekspertiza bunun tamamilə əksini sübut edir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/4761 nömrəli ekspert rəyinə əsasən Qazax rayonu, Çaylı kəndində yaşayış evinə xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələdən ziyan çəkmiş evlər kimi qeydiyyata alındığını nəzərə alınaraq, İddiaçı məxsus yaşayış evində yaranmış qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Həmçinin evə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə də məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9558 nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus Qazax rayonu, Çaylı qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 14.596 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab etmişdir ki, iddiaçıya ödəniləcək pulun 14.446 manat həcmində müəyyənləşdirilməsi ədalətlidir. Belə ki, məhkəmə ekspert rəyini əsas tutaraq dəymiş ziyanın məbləğini 14.596 manat olaraq qəbul etmişdir. Lakin iş materiallarında olan RDS********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinə əsasən İddiaçı məxsus Qazax rayonu, Çaylı kəndində yerləşən mənzilin sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, 14.596-150 = 14.446 manat sığorta ödənişi, həmçinin iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun 67.50 manat hissəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
7. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ekspertiza xərclərini təşkil edən 200 manat məbləğində pulun 100 manat hissəsi İddiaçı, 100 manat hissəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki 922-923-cü, 925-926-cı, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı, 39-cu, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və və əlavə olaraq qeyd etmişdir ki, sığorta təminatı başlamazdan əvvəl mövcud olmuş zərərlər sığorta təminatına aid edilmir. Qazax Rayon İcra Hakimiyyətindən Şirkətə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da bildirilir ki, iddiaçıya məxsus evdə əvvəllər çatlar olmuşdur. İddiaçı tərəfindən sığorta hadisəsi hesab edilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və zərərçəkən şəxs, zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə arayış Şirkətə təqdim olunmamışdır. Bununla yanaşı, sığorta hadisəsinin baş verməsindən dərhal sonra iddiaçı cavabdeh şirkəti məlumatlandırmamış, nəticədə, qanunvericiliklə nəzərdə tutulmuş sığortaçının hadisəni araşdırmaq hüququ məhdudlaşdırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 914.1-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir; 935.1.5-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi halında imtina edir; 935.3-cü maddəsinə əsasən bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir; 15.3-15.3.1-cü maddələrinə əsasən əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 35.1-35.2-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyriyaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir; 35.3.3-cü maddəsinə əsasən qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur; 36.1.8-ci maddəsinə əsasən daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur; 39.3-cü maddəsinə əsasən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manatdır; 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilsə də, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən, yəni iddianın qismən təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı sığortalının sığorta tələbi daxil olduqdan sonra ən qısa müddət ərzində sığortalanan əmlaka dəymiş zərərin məbləğini müəyyən etməli, bundan sonra 1) sığorta ödənişinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sonuncu sənədin daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini ödəməli və ya 2) sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə sığortalıya yazılı formada məlumat verməlidir.
22. Hazırki mülki iş üzrə tərəflər arasında mübahisə baş vermiş təbii fəlakət (zəlzələ) nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərər üzrə sığorta ödənişinin verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı sığorta şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan zəlzələ nəticəsində daşınmaz əmlaka dəymiş zərərə görə sığorta ödənişi verilmədiyini əsas gətirərək dəymiş zərərin ödənilməsini tələb edir, cavabdeh isə sığortalının sığorta tələbində göstərilən hallarla hadisənin faktiki əsaslarının ziddiyyət təşkil etdiyini, fərdi yaşayış evindəki çatların sığorta hadisəsindən (zəlzələdən) əvvəl baş verdiyini, ümumiyyətlə iddiaçının istinad etdiyi zəlzələnin dağıdıcı təsir gücünə malik olmadığını əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina edir.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə ilk növbədə baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması aydınlaşdırılmalı, bundan sonra iddiaçının tələb etdiyi sığorta ödənişinin ödənilməsi məsələsinə hüquq qiymət verilməlidir.
24. Bu baxımdan məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün əsas 3 meyar üzrə hüquqi qiymətləndirilmə aparılmalıdır: 1) baş vermiş hadisə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verməli; 2) baş vermiş hadisə sığorta riskini təşkil edən hallardan hər hansı birini (və ya bir neçəsini) əhatə etməli; 3) sığorta riskinə daxil olan halla dəymiş zərər arasında səbəbli əlaqə olmalıdır.
25. Bu konteksdə məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Qazax rayonu, Çaylı kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış sahəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari qaydada cavabdeh təşkilatda sığortalamışdır. İddiaçının istinad etdiyi zəlzələ hadisəsi də məhz sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə (xx.xx.2022-ci il tarixdə) baş vermişdir.
26. Bununla yanaşı, iş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən həqiqətən də, xx.xx.2022-ci il tarixdə, saat 22:25 radələrində Gürcüstan ərazisində, Qazax stansiyasından 111 km şimal-qərbdə, maqnitudası M-5,9 h=10 km olan zəlzələ qeydə alınmış və zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunmuşdur. Zəlzələ də icbari sığorta qanunvericiliyinin müddəalarına əsasən sığorta riskini təşkil edən təbii fəlakətlərin dairəsinə daxildir.
27. Hazırda tərəflər arasında əsas mübahisə sığortalı əmlaka zərərin məhz zəlzələnin dağıdıcı təsiri nəticəsində dəyməsi ilə bağlıdır. Belə ki, iddiaçı bununla bağlı yerli icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktları, Qazax rayon icra Hakimiyyətinin məktubunu və evin qəzalı vəziyyətdə olan fotoşəkillərini təqdim edir. Cavabdeh isə fərdi yaşayış evində sığorta hadisəsindən əvvəl də çatlar olduğunu, sadəcə zəlzələ nəticəsində çatların genişləndiyi, nəticədə, cavabdehin dəymiş zərəri müəyyən etmək hüququndan məhrum olduğu mövqeyindən çıxış edir, ancaq istinad etdiyi halları (mübahisəli evdə olan hazırki vəziyyətin sığorta hadisəsindən əvvəl də mövcud olduğu) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Ümumiyyətlə evdə əvvələr (zəlzələdən əvvəl) hər hansı çatın olması isə onun qəzalı vəziyyətdə olmasına dəlalət etmir.
28. Belə ki, yuxarıda istinad olunan qanunvericilik müdddəalarından da göründüyü kimi, qanunverici sığortaçılara əmlakı sığortalayarkən sığorta predmetinə baxış keçirmək, müxtəlif üsul və vasitələrlə əmlakı qiymətləndirmək hüququ vermişdir ki, bu hüququn mövcudluğu da birbaşa sığorta şirkətlərinin mənafeyinə xidmət etməklə gələcəkdə mövcud ola biləcək sığorta hadisələri zamanı zərər məbləğinin sığortalı tərəfindən şişildilməsi (əvvəldən mövcud qüsurlara görə də ödəniş almaq) hallarının baş verməsinin qarşısını alır. Lakin hazırki mübahisəli əmlakla bağlı cavabdeh əmlakın sığortalandığı zaman həqiqətən də, qəzalı vəziyyətdə olması halını heç bir halda sübut edə bilmir.
29. Digər tərəfdən, iddiaçı həmin fərdi yaşayış evini cavabdeh sığorta şirkətində 2015-ci il tarixdən etibarən ardıcıl olaraq “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığorta etdirdiyini bildirir. Cavabdeh tərəf də bu halın mövcudluğunu inkar etmir, ən azından sığorta ödənişinin verilməsindən imtina barədə məktubda əmlakın mütəmadi olaraq sığortalandığını qəbul edir. Eyni zamanda, sığortaçı həmin məktubda mübahisə predmetini təşkil edən evin bundan sonra həmin şirkət tərəfindən sığortalanmayacağını da bildirir. Bu da onu deməyə əsas verir ki, əvvəla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi qəzalı olmuş olsa idi, cavabdeh hazırda sərgilədiyi mövqeyi daha öncədən (sığorta müqaviləsi bağlanan zaman) nümayiş etdirərək sığorta müqaviləsini bağlamamalı idi. Hər bir halda icbari sığorta qanunvericiliyində də qəzalı vəziyyətdə olan daşınmaz əmlakların icbari qaydada sığortalanmasına yol verilmir. Digər tərəfdən, iddiaçı mülkiyyətinin yerləşdiyi ərazidə təbii fəlakət baş verməsindən istifadə edərək sığorta şirkətindən sığorta ödənişi almaq məqsədi daşısa idi, bunu ötən 5 il ərzində də edə bilərdi.
30. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilat xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmamışdır.
31. Məhkəmə kollegiyası dəymiş zərərin məbləğinə də münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9558 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək birinci instansiyanın mövqeyi ilə razılaşır və hesab edir ki, həmin hissədə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ləğv edilməsinə əsas yoxdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri qismində göstərilən cavabdehə sığorta hadisəsi barədə vaxtında məlumat verilməməsi və nəticədə, sığortaçının sığorta hadisəsini araşdırmaq hüququndan məhrum olması barədə arqumentlərinə münasibətdə qeyd edir ki, cavabdeh şirkət özü iddiaçıya ünvanlanmış sığorta ödənişinin verilməsindən imtina məktubunda iddiaçı tərəfindən sığorta hadisəsi barədə xx.xx.2024-cü il tarixdə məlumat verildiyi, həmin tarixdə, habelə sonralar dəfələrlə ona həmin zəlzələnin hər hansı dağıdıcı təsir gücünə malik olmadığının və məhz bu səbəbdən zəlzələ hadisəsinə görə sığorta məbləğinin verilməsinin mümkün olmadığının izah edildiyini bildirmişdir. Həmin halın mövcudluğu da cavabdehin bu qəbildən olan dəlillərinin əsassız olduğunu göstərir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 385ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-83/2024 nömrəli qətnaməsi cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.