Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7881/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 3783/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 496,20 manat məbləğində borcun silinməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia belə əsaslandırılmışdır ki, “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində quraşdırılan qaz sayğacına baxış keçirmiş, sayğacı dəyişdirərək yenisi ilə əvəz etmiş, onun heç bir borcunun olmadığını bildirmiş, sonradan bildiriş göndərərək 492 manat məbləğində əsassız olaraq borc hesablamışdırlar. Qeyd edilən məbləğin cavabdeh tərəfindən hansı qaydada hesabladığı məlum deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 3783/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində xx xxxxx 2018-ci il tarixində G-4 markalı qaz sayğacı əvvəlki qaz sayğacı ilə əvəz edilmişdir. Göstərilən qaz sayğacının əvəz edilməsinə səbəb əvvəl quraşdırılmış qaz sayğacının mənfi rejimdə işləməsi olmuş və istifadə zamanı iddiaçı tərəfindən 496,20 manat dəyərində təbii qazdan istifadə olunmuşdur. Bu istifadəyə görə ödəniş aparılmamışdır. Abonent saldosuna (GASREP) nəzər yetirərək görmək olar ki, iddiaçı 2018-ci ilin oktyabr ayında 1 manat ödəniş etmiş və sayğac əvəz edilən günədək, yəni 8 ay ərzində heç bir ödəniş etməmişdir. Mənzildə təbii qazdan istifadə edilməsinə baxmayaraq, təbii qazın dəyəri tam ödənilməmiş və 496,20 manat borc yaranmışdır. Burada dəymiş ziyan əsasında yaranmış borcdan deyil, yalnız istifadə nəticəsində yaranmış borcdan söhbət gedir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-3783/2020 saylı qətnaməsində heç bir əsas gətirilmədən 496,20 manat borc pul məbləğinin silinməsi qət edilmişdir. Buna görə də hesab edir ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-3783/2020 saylı qətnaməsi dəyişdirilməli, silinən borcun məbləği 484,60 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya verilmiş bildiriş-xəbərdarlıqda iddiaçının sərf olunmuş təbii qaza görə 496,20 manat yekun borcunun olduğu bildirilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında abonent İddiaçı istifadəsində olan sayğacın “ALARM-5” rejimində 2423 kub metr həcmində mənfiyə işlədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Tarif Şurasının xx xxxxx 2019-cu il tarixli 2 №-li Qərarına əsasən, təbii qaz istehlakçısı əhaliyə münasibətdə təbii qazın illik istehlak həcminin 2200 kub metrdən çox olan hissəsi üçün tarif min kub metr üçün 200 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, yuxarıda adı çəkilən akt üzrə qeydə alınmış 2423 kub metr qaz sərfiyyatı üçün borc məbləği 484,6 manat təşkil edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qazın sərfiyyatına görə hesablanmış borcun əsaslı olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacınınn göstəricilərinə əsasən hesablanmamış, daha əvvəl hər hansı bir sənəddə öz əksini tapmamış 496,20 manat məbləğində borcunun əsasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yekun borc məbləği olan 496,20 manat məbləğin yalnız 484,6 manat məbləğində olan hissəsi sayğacın mənfiyə işləməsi nəticəsində olan sərfiyyata görə akt üzrə qeydə alınmış, qalan hissə isə bildirişin verildiyi ayın sərfiyyatı üçün ödənişdir. Beləliklə, iddiaçının borcu yalnız 484,6 manat məbləğində silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “Cavabdeh” İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 3783/2020 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı borcun silinməsinə dair iddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu:**********00000) hesablanmış 484,30 manat məbləğində borc silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu “Cavabdeh” İB-yə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7881/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7881/2020
10.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver