Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7886/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(010)-5486/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, Cavabdeh 1.954,13 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 39,94 manat dövlət rüsumu, ümumilikdə 1.994,07 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(010)- 5486/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd və həmin sənədin cavabdehə təqdim edilməsi və ya çatdırılması barədə məlumat iş materiallarında yoxdur. Həmin qərardaddan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cəmiyyətin əməkdaşları tərəfindən dəfələrlə Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, lakin heç bir razılıq əldə edilməmişdir. Buna görə də Cəmiyyət tərəfindən cavabdehin öhdəliyi üzrə “məlumat almaq hüququ” pozulmamış sayılır və Suraxanı Rayon Məhkəməsinin öz mövqeyini müdafiə etdiyi maddələr sırasında bəhs edilən maddəni qeydetməsi əsassızdır. Məhkəmə öz mövqeyini müdafiə etdiyi yuxarıdakı əsaslandırmasında maddəni təhrif edərək “məhkəməyə qədər (pretenziya qaydasında)” ifadəsini “məhkəməyə qədər və ya pretenziya qaydasında” ifadəsi ilə əvəz etmişdir. Həmin əvəz etmə nəticəsində qeyd edilən maddənin əslindən fərqli təsnifi ortaya çıxır. Maddənin əslində “məhkəməyə qədər nizama salınması” dedikdə, pretenziya qaydasında nizama salınması nəzərdə tutulmuşdur. Eyni zamanda “müqavilə ilə və həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa” ifadəsi də onu göstərir ki, işin pretenziya qaydasında tənzimlənməsi öhdəliyinin yaranması üçün həmin öhdəlik ya müqavilədən irəli gəlməlidir, ya da ki, subroqasiya qaydasında pul tələbinə dair işlərin pretenziya qaydasında tənzimlənməli olması barədə qanunvericilikdə konkret tələb olmalıdır. Lakin bəhs edilən müqavilə Cəmiyyət ilə sığortalı arasında bağlanılmışdır və subroqasiya qaydasında pul tələbi hüququ həmin müqavilədən irəli gəlir və cavabdeh şəxs həmin müqavilə üzrə tərəf olmayan üçüncü şəxsdir. Yəni cavabdeh şəxslə Cəmiyyət arasında heç bir müqavilə mövcud deyildir. Bəhs edilən bu iki əsas olmadığından, yəni həmin öhdəlik nə müqavilədə nə də qanunvericilikdə əks olunmadığından Cəmiyyətin işin məhkəməyə qədər pretenziya qaydasında tənzimləməsi kimi bir öhdəliyi də yaranmır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5486/2023 saylı, 06 dekabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, bu növ mübahisələrin məhkəməyə qədər və ya pretenziya qaydasında həll edilməsi əhəmiyyət kəsb edir. İlk öncə, iddiaçı bazarın peşəkar iştirakçısı olmaqla, özü bildirmişdir ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehlə əlaqə saxlanılmışdır, lakin bunu təsdiq edən sənədi məhkəməyə təqdim edilməməsinin səbəbləri aydın deyil. İkincisi, subroqasiya hüququ öz hüquqi mahiyyətinə görə sığortaçı və sığortalı arasında bağlanan müqavilədən əmələ gəlir, yəni sığorta müqaviləsi bağlanmazsa, bu hüququn yaranmasından söhbət gedə bilməz. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Qərarının 26.1-ci və 26.2-ci bəndlərinə əsasən, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir. Sığorta müqavilələrində mübahisənin qarşılıqlı razılığın əldə edilməsi yolu həll edilməsi barədə şərt mövcud olduğundan, həmin müqavilələrinin icrasından irəli gələn istənilən münasibətlərə pretenziya qaydası tətbiq edilməlidir. Üçüncüsü, pretenziya qaydasına riayət edilməsi məhkəmə üzərinə düşən yükün azaldılmasına xidmət edir, məhz buna görə mülkiprosessual qanunvericiliyin bu kimi müddəaları böyük önəm kəsb edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçı ilə cavabdeh arasındakı mübahisənin məhkəməyə qədər nizama salınmaması və ya pretenziya qaydasına riayət edilməməsi yalnız o halda iddia ərizəsinin qaytarılması üçün əsas ola bilər ki, bu qaydaya riayət edilməsinin məcburiliyi müqavilədə və ya qanunda birbaşa göstərilmiş olsun. İlk öncə qeyd edilməlidir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Qeyd edilənlərə əsaslanaraq kollegiya vurğulayır ki, subroqasiya hüququndan istifadə edən sığorta şirkəti ilə zərər vuran şəxs arasındakı mübahisəli hüquq münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik hüquq münasibətləridir. Tərəflər arasında hər hansı müqavilənin bağlanmasından irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Mülki qanunvericilikdə də zərərin ödənilməsinə dair mübahisənin məhkəməyə qədər nizama salınması və ya pretenziya qaydasına riayət edilməsinin məcburiliyi nəzərdə tutulmur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, məhkəmə iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5486/2023 saylı 27 noyabr 2023cü il tarixli qərardadı tamamilə ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(103)-7886/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7886/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver