Məhkəmə qərarları › İş №2(103)-7896/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7896/2022

22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7896/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhər Xətai rayon məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(011)-5069/2022 saylı qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai rayon məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(011)-5069/2022 qətnaməsinə əsasən, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhər Xətai rayon məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(011)-5069/2022 saylı qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda, vəsatət verilərək buraxılmış müddətin bərpa olunmasını xahiş edilmişdir. Bundan sonra mülki iş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır (maddə 133.4 -133.5). İşin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin müddətin bərpası barədə verdiyi ərizəyə baxaraq onun əsaslı olub-olmaması məsələsinə münasibət bildirmədən apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə MPM-in 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Yaranmış vəziyyət isə şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də apellyasiya şikayət qeyri-mümkün hesab edilərək, MPM-in 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində dair mülki iş üzrə Bakı şəhər Xətai rayon məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(011)-5069/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab olunsun. Apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar