Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7901/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə , İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(094)-25/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "Azəriqaz" İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3104,68 manat məbləğində zərərin əvəzinin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3134,68 manat məbləğində pulun tutularaq "Azəriqaz" İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 28 iyun 2017-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana abonent kodu verilmiş və qaz sayğacı quraşdırılmışdır. “Azəriqaz” İBnin əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına sayğacdan kənar qanunsuz qoşulmaqla təbii qazın talanması müəyyən edilmişdir. Cavabdeh barəsində tərtib olunmuş 19.09.2016-cı il tarixli akt əsasında 172,8 manat, 10.12.2017-ci il tarixli akt əsasında 681,6 manat, 24.03.2018-ci il tarixli akt əsasında 985,6 manat, 21.05.2018-ci il tarixli akt əsasında 209,6 manat, 21.11.2018-ci il tarixli akt əsasında 284,4 manat, 20.12.2018-ci il tarixli akt əsasında 1344 manat, 31.05.2019-cu il tarixli akt əsasında 1204,2 manat, cəmi 4882,2 manat məbləğində “Azəriqaz” İB-yə zərər dəyməsi müəyyən olunmuşdur. Bundan əlavə, cavabdehin əvvəlki illərdən 99,28 manat borcu qalmışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 4981,48 manat məbləğində pulun könüllü qaydada ödənilməsi cavabdehdən tələb olunsa da, nəticəsi olmamışdır. Məhkəmə prosesi getdiyi dövrdə cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş və hal-hazırda onun 3104,68 manat borcu qalmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(094)-25/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 272,08 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "Azəriqaz" İB-nin bank hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh dəfələrlə qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan dəfələrlə qeyri-qanuni istifadə etmiş, bu hallar iddiaçı təşkilatın işçiləri tərəfindən aktlaşdırılaraq həmin halları təsdiqləyən foto və videoçəkilişlər aparılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş,maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(094)-25/2021 saylı qətnaməsi iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, zərər vurma öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı “Azəriqaz” İB iddia tələbini cavabdehin barəsində tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə 7 akt və çəkilmiş fotoşəkillərlə əsaslandırmışdır. Müəyyən edilmişdir ki, 19.09.2016-cı ildən 31.05.2019-cu ilədək “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən cavabdehin barəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə 7 akt tərtib olunmuş, təbii qazın talanmasına görə cavabdehin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq mühafizə orqanlarına müraciət olunmamış, yalnız sonuncu akt tərtib olunandan 1 il 3 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Tərtib olunmuş aktlarda abonentin imzası qrafasında imza etməkdən imtina barədə qeyd yazılmışdır. İddia ərizəsinə əlavə olunmuş keyfiyyətsiz şəkildə olan fotoşəkillərin cavabdehə məxsus istixanaya aid olmasını, həmin fotoşəkillərin hansı halı təsdiq etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(094)-25/2021 saylı qətnaməsi iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7901/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7901/2021
12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver