Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7903/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Мəhkəməsinin 2(094)-46/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu **********00040) əsassız olaraq yazılmış 216 manat borcun «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı üzrə «Azəriqaz» İstehsalat Birliyinin **********00040 saylı kodu ilə abonentidir. 27 mart 2020-ci il tarixdə «Azəriqaz» İstehsalat Birliyinin işçiləri tərəfindən ünvanında quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Həmin sayğac çıxarılarkən sayğaca heç bir müdaxilə edilmədiyi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan qurğuşun plombun bütöv olduğu qeydə alınmışdır. Bu barədə akt tərtib edilmişdir. Aktda sayğacın çıxarılma səbəbi sayğacın ilişə-ilişə işləməsi göstərilmişdir. Buna baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyinin daxili laboratoriyasında 09 iyun 2020-ci il tarixdə sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan qurğuşun plombun kəsildiyi göstərilmişdir. Bununla əlaqədar ona 216 manat borc hesablanmışdır. Sayğac küçədə açıq havada quraşdırıldığından qurğuşun plombun korroziyaya uğraması baş verə bilər. Ona görə də hesab edir ki, cavabdehin hesabladığı borc əsassızdır. Bakı şəhəri Pirallahı Rayon Мəhkəməsinin 2(094)-46/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 1 ünvanına dair (abonent kodu **********00040) təbii qazdan istifadə ilə bağlı əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi, borcun silinməsi vəzifəsinin «Azəriqaz» İstehsalat Birliyinə həvalə edilməsi və cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya, yəni istehlakçıya məxsus yaşayış sahəsində quraşdırılmış sayğac yoxlamadan keçirildikdə hesablama mexanizminin qoruyucu qapağına vurulan qurğuşun plombun kəsilməsi aşkar olunmuş və bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Akt tərtib olunmuşdur. Bununla bağlı bildirilir ki, sayğac yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona müdaxilə olunduğu aşkar edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Eyni zamanda qeyd edilir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi mötəbər sübut sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, onları tədqiq edərkən səhv nəticəyə gəlmiş, əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, bu hal isə cavabdehin, yəni “Azəriqaz” İstehsalat Birliyinin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə etməsinə və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. İddiaçıya aid olan **********00040 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.03.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğac yeni sayğacla əvəzlənmişdir. Həmin aktda sayğacın ilişərək işlədiyi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan qurğuşun plombun kəsildiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçının abonent hesabına 216 manat borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan qurğuşun plomb kəsilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat tələb edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməməlidir. Hazırkı iş üzrə sayğaca müdaxilənin (təqsirin) mövcudluğunu sübut etmək vəzifəsi bu faktı təsdiq edən aktı qəbul etmiş orqan kimi cavabdehin üzərinə düşsə də, həmin orqan tərəfindən bu hal sübuta yetirilmədiyindən dəymiş zərər kimi hesablanmış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan Kollegiya bildirir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi Aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə olan halda kollegiya akta əsasən hesablanmış 216 manat borcun tələb edilməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. MPM-nin 404-1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Мəhkəməsinin 2(094)-46/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7903/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7903/2021
29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver