Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7904/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3956/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçının yaşadığı ünvan 1 ünvanına verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması” barədə nöqsan qeyd olunmaqla, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üzrə müvafiq olaraq 09/2019-cu il tarixə 172,80 manat, 10/2019-cu il tarixə 32,40 manat, 11/2019-cu il tarixə 66,60 manat, 12/2019-cu il, 01/2020ci il və 02/2020-ci il tarixə 194,40 manat, 03/2020-ci il tarixə 64,80 manat olmaqla, cəmi 919,8 manat borc iddiaçının abonent hesabına yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında hesablanmış 919,80 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, həmin yaşadığı ünvanın sol tərəfində yaşayan qonşunun evinin altından keçən kollektorun partlaması nəticəsində onun evinin altında uçqun yaranmışdır, yaranan təhlükəyə görə "xxxx" ASC-nin əməkdaşları ondan xahiş etmişdirlər ki, onun həyətinə keçərək həmin problemi həll etsinlər, bunun üçün həyətin qapısını və daş hasarını aşırtmışdırlar, evdə olmadığı zaman qaz sayğacı hasarın üzərində olduğu üçün ona məlumat verilmədən Cavabdeh İB-yə tabe olan işçilər 2019-cu ilin yay aylarında sayğacı söküb aparmış, qazın verilməsini kəsmişdirlər, buna etirazını bildirmiş, sayğacın digər tərəfdən qoyulmasının mümkün olduğunu bildirdikdən sonra, həmin gün Cavabdeh İB-nin əməkdaşları onun ünvanına həmin gün sayğacsız qaz xətti quraşdırmışdırlar, onlardan sayğacı tələb etdikdə isə problem həll olunduqdan sonra sayğacın gətirilib yenidən quraşdırılacağını bildirmişdirlər, ancaq problemin həll olması çox uzun çəkmiş, həyətə giriş-çıxış mümkünsüz olmuşdur, hətta bu səbəbdən həmin müddət ərzində başqa ünvana köçməyə məcbur qalmış, bu proses 9-10 ay çəkmişdir, daha sonra sayğacı gətirib quraşdırmaq istəmişdirlər, hasar və qapı düzəlməməsinə baxmayaraq, sayğacın quraşdırılmasına icazə vermiş, sayğac çıxarıldıqdan 8-9 ay sonra yenisi ilə dəyişdirilmişdir. Əvvəlki sayğacı quraşdırmamışdırlar, buna əsas kimi bildirmişlər ki, əgər köhnə kart ilə işləyən sayğac qalarsa, ona borc hesablanacaqdır, bu səbəbdən yeni sayğac qoyulmalıdır. Sayğac quraşdırıldıqdan sonra aylıq borclarını ödəmişdir, lakin sonra görmüşdür ki, ona cərimə kimi 919,80 manat borc yazılmışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(011)- 3956/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı **********10024 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 919 (doqquz yüz on doqquz) manat 80 (səksən) qəpik borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsi, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, və 5.2-ci bəndləri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü bəndi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3 və 18 maddələri ilə əsaslandıraraq göstərmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********10024) itirilmiş qazın bərpası məqsədilə yazılmış 919,8 manat məbləğində borc silinməlidir. Qətnamədən cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnanmə çıxararkən maddi və prosessual hüquq normalarını pozmaqla əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacın saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu: 13.8-ci bəndi. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.9-cu bəndi. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2-ci bəndi. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndi. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, cavabdehin iddiaya etirazın əsası kimi təqdim etdiyi sənədlərə əsasən iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması” barədə nöqsan qeyd olunmaqla, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üzrə müvafiq olaraq 09/2019-cu il tarixə 172,80 manat, 10/2019-cu il tarixə 32,40 manat, 11/2019-cu il tarixə 66,60 manat, 12/2019-cu il, 01/2020ci il və 02/2020-ci il tarixə 194,40 manat, 03/2020-ci il tarixə 64,80 manat olmaqla, cəmi 919,8 manat borc iddiaçının abonent hesabına yazılmış və həmin hazırda həmin məbləğ iddiaçıdan tələb edilr. İddiaçı da tələbinin əsası kimi kimi yaşadığı ünvanın sol tərəfində yaşayan qonşunun evinin altından keçən kollektorun partlaması nəticəsində onun evinin altında uçqun yaranmasını, yaranan təhlükəyə görə "xxxx" ASC-nin əməkdaşlarının xahişinə əsasən onun həyətinə keçərək həmin problemi həll etmək üçün həyətin qapısının və daş hasarını aşırtmalarını, evdə olmadığı zaman qaz sayğacı hasarın üzərində olduğu üçün ona məlumat verilmədən Cavabdeh GB-yə tabe olan işçilər tərəfindən 2019-cu ilin yay aylarında sayğacı söküb aparmalarını, qazın verilməsini kəsmələrini, buna etirazını bildirərək sayğacın digər tərəfdən qoyulmasının mümkün olduğunu bildirdikdən sonra, həmin gün Cavabdeh GB-nin əməkdaşlarının onun ünvanına həmin gün sayğacsız qaz xətti quraşdırsalar da sayğac quraşdırılmamasını, bunu tələb etdikdə isə problem həll olunduqdan sonra sayğacın gətirilib yenidən quraşdırılacağını bildirmələrini, ancaq problemin həll olmasının çox uzun çəkməsini, həyətə giriş-çıxış mümkünsüz olduğu üçün bu səbəbdən həmin müddət ərzində başqa ünvana köçməyə məcbur qalmalarını, bu prosesin 9-10 ay çəkərək daha sonra sayğacı gətirib quraşdırmaq istəyərkən hasar və qapının düzəlməməsinə baxmayaraq, sayğacın quraşdırılmasına icazə verməsini, sayğac çıxarıldıqdan 8-9 ay sonra yenisi ilə dəyişdirilərək, əvvəlki sayğacı quraşdırmamalarını, sayğac quraşdırıldıqdan sonra ona cərimə kimi akt əsasında 919,80 manat borc yazılmasını, hazırda da qazın verilməsi kəsilməsini, lakin sayğaca nə özü, nə ailəsinin müdaxilə etməməsini göstərmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olduğundan, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, onun adının qarşısında «imtina» yazılmışdır. Lakin bu imtinanın həqiqətən də abonent tərəfindən edilməsinə dair cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən sübutun təqdim edilməməsi qeyd edilən aktların birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilməsinə dəlalət edir. Belə ki, aktlarda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Hazırki mübahisə üzrə qeyd edilən aktların qanuniliyi mübahisələndirilməsə də, onların əsasında yazılmış cərimənin qanuniliyi mübahisələndirilir. Halbuki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə iddia qaldırılıb-qaldırılmamasından asılı olmayaraq həmin aktlar əsasında hesablanmış cərimələrin qanuni olub-olmamasına dair mübahisələrə baxıldıqda həmin cərimələrin hesablanmasına əsas olan aktların qəbul edilməsi üçün müəyyən edilmiş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. Sübut qismində təqdim etdiyi hesab etdiyi abonent saldosuna məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, saldo sayğac göstəricisi və aktlar əsasında formalaşır. Sübut qismində təqdim edilmiş aktlarda və fotoşəkillərdə iddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinə qoşulma müəyyən edilmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3956/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov