Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7906/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7906/2022 (Açar sözlər: borcun silinməsi) Bakı şəhəri 14 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4525/2022 saylı 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş ayrı-ayrılıqda apellyasiya şikayətlərinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış xx.xx.2020-ci il tarixli qazın alqısatqısı müqaviləsinə əsasən, İddiaçı, ünvan 1 ünvanında (abonent kodu: **********01830) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun abonent koduna 12/2011-ci il tarixi üzrə 149,30 manat, 03/2014-cü il tarixi üzrə 237,60 manat borc yazılmışdır, həmin borclar, 04/2012-ci il və 08/2018-ci il tarixdə silinmişdir, həmçinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması əsası ilə cavabdeh tərəfindən aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent koduna orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə 02/2020-ci il tarixinə 885,6 manat (bir gün üçün 9,84 manat) və 03/2020-ci il tarixinə 295,2 manat olmaqla, cəmi 1180,8 manat borc yazılmışdır, iddiaçı 2020-ci ilin fevral ayı üzrə 28 gün müddətinə günlük 6 saat olmaqla təbii qazdan əlavə xətt vasitəsilə istifadə etdiyini etiraf edir, həmin ünvan üzrə iddiaçının abonent koduna sayğac hesablaşması əsasında təbii qazdan istifadəyə görə 02/2021-ci il tarixinə 90,50 manat (905 m3 ) (bir gün üçün 3.01 manat), 03/2021-ci il tarixinə 106,40 manat (1064 m3 ), 02/2022-ci il tarixinə 92,04 manat (767 m3 ), 03/2022-ci il tarixinə 145 manat (725 m3 ) borc hesablanmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun **********01830 nömrəli abonent hesabına xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020ci il tarixli ******* saylı aktlar əsasında əsassız olaraq artıq hesablanmış 1111,12 manat məbləğində borcun silinməsi, **********01830 nömrəli abonent hesabında əks olunan ümumi 386,90 manat qalıq borcu, yəni 12/2011-ci il tarixində yaranmış 149,30 manat və 03/2014-cü il tarixində yaranmış 237,60 manat qalıq borcların silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təbii qazın alqı-satqısı müqaviləsinə əsasən fərdi yaşayış evində təbii qazdan istifadə edir, istifadəsində olan fərdi yaşayış evinə **********01830 saylı abonent kodu verilmişdir, iddiaçıya iki akt əsasında 1180,8 manat maddi zərər borcu, həmin borcdan əlavə 12/2011-ci il tarixə 149,30 manat, 03/2014-cü il tarixinə 237,60 manat məbləğində qalıq borcları hesablanmışdır, iddiaçı xx.xx.2020-ci il tarixli aktı qismən qəbul edir, 2020-ci ilin fevral ayı üzrə 28 gün müddətinə günlük 6 saat olmaqla təbii qazdan əlavə xətt vasitəsilə istifadə etmişdir, tələbnamədə qeyd olunan qaz işlədicilərinin orta günlük iş rejiminin 24 saat hesabı olmaqla hesabat müddətinin də 90 gün müddətinə aparılması qanuni, əsaslı və inandırıcı deyildir, bu o deməkdir ki, iddiaçı işdə olarkən və s. evində qaz işlədicilərini açıq vəziyyətdə saxlamışdır, həmçinin 3 ay müddətinə qazdan özbaşına istifadə etməmişdir, bunu cavabdehin əməkdaşları da aşkar etməmişdir, əlavə xətt vasitəsilə yalnız 2020-ci ilin fevral ayında istifadə etmişdir, iddiaçı 1 aktdan, ancaq 1 aylıq qeyri-qanuni istifadəni qəbul edir, mart ayına hesablanan 295 manat borcu qəbul etmir, həmin borcdan əsassız olaraq artıq hesablanmış 1111,12 manat borc silinməlidir, həmçinin 12/2011-ci il tarixində yaranmış 149,30 manat və 03/2014-cü il tarixində yaranmış 237,60 manat borclar 5 il tələb müddəti keçdiyi üçün hüquqi qüvvəsini itirmişdir, yəni cavabdeh həmin borcları iddiaçıdan tələb etmək hüququnu itirmişdir, bu səbəbdən həmin ünvan üzrə hesablanmış 386,90 manat borc da silinməlidir
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 sentyabr 2022-ci il tarixli 2(011)-4525/2022 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı **********01830 saylı abonent koduna Cavabdeh İB tərəfindən hesablanmış 590 manat 40 qəpik borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdehdən 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1-ci maddəsi, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8, 13, 11-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.2, 3.1.3, 3.4.1, 6.5-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
6. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
7. Qətnamədən cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnanmə çıxararkən maddi və prosessual hüquq normalarını pozmaqla əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinnin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə baxışında iştirak edən iddiçının vəkili veridikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə prosesə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir..
Tətbiq edilən hüquq
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
11. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
12. Maddə 13. 8-1-ci bəndi Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
13. Maddə 11. 6-cı bəndi Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
14. Bənd 3.1.2 İstehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir.
15. Bənd 3.1.3 Qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
16. Bənd 3.4.1 Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır
17. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçı tərəfindən qətnamənin təmin olunmayan hissəsi, cavabdeh tərəfindən isə təmin olunan hissəsi mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın həmin hissələrdə rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh İB və İddiaçı arasında xx.xx.2020-ci il tarixli 03-1052 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” istehlakçının keyfiyyətli qazla təmin olunması və qazın dəyərinin qaz sayğacı göstəricisinə uyğun ödənilməsinə dair müqavilə bağlanmışdır.
28. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
29. Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün olmaqla 8856 m3 (2x24x90=2592 m3 ; 5x24x90=3240 m3 ; 4x24x90=3024 m3) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
30. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
31. Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2952 m3 (2x24x30=864 m3 ; 5x24x30=1080 m3 ; 4x24x30=1008 m3 ) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
32. ******* saylı Aktın surətindən görünür ki, İddiaçı Qala, Südçülük ünvanı üzrə sayğacdan kənar xətt qaynaq vasitəsi ilə dayandırılmışdır, akt İddiaçı tərəfindən imzalanmamışdır.
33. 15 noyabr 2021-ci il tarixli Abonent saldosundan görünür ki, İddiaçı **********01830 nömrəli abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2020-ci il tarixə 885,60 manat, 03/2020-ci il tarixə 295,20 manat borc yazılmışdır. Həmçinin 12/2011-ci il tarixə ayın sonuna borc 149,30 manat təşkil etmiş, həmin borc 04/2012-ci il tarixdə silinmişdir, 03/2014-cü il tarixə “Qalıq və akt” əsasında 237,60 manat borc yazılmış, ayın əvvəlinə borc 237,60 manat olmuşdur. həmin borc 08/2018-ci il tarixdə silinmişdir
34. Birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlar əsasında hesablanmış borc məbləğinə münasibətdə qeyd etmişdir ki, bu zaman iddiaçıya 02/2020-ci il tarixinə 885,6 manat və 03/2020-ci il tarixinə 295,2 manat borc hesablanmasına əsas olmuş mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən, həmin dövr üzrə hesablaşma, borcun yazıldığı müddətin əhatə olunduğu ilin mövsümü (fevral və mart ayları), növbəti illərdə həmin aylar üzrə iddiaçının qaz sərfiyyatı və ona dair aparılmış hesabat dövrü (02/2021-ci il tarixi üzrə 90,50 manat - 905 m3 ; 03/2021-ci il tarixi üzrə 106,40 manat - 1064 m3 ; 02/2022-ci il tarixi üzrə 92,04 manat - 767 m3 ; 03/2022-ci il tarixi üzrə 145 manat - 725 m3 ) müqayisə olunmaqla aparılmalıdır. İş materiallarından görünür ki, analoji aylar üzrə orta aylıq qaz sərfiyyatı 145 manat, qeyri-qanuni istifadə dövrü üzrə isə aylıq sərfiyyatı isə 295 manat hesablanmışdır ki, bu da təbii qaz işlədicilərinin gündəlik sərfiyyatı kimi 24 saat, müddət isə 3 ay üzrə götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, təbii qaz işlədicilərinin gündəlik sərfiyyatı kimi 24 saat götürülməsi ağlabatan deyil və bu müddət 12 saat üçün məqbuldur. Qeyd edilənlərə əsasən, qeyri-qanuni təbii qazdan istifadə dövrü üzrə hesablaşma gündəlik sərfiyyat müddəti 12 saat olmaqla aparılmaldır ki, bu da 8856 m3 üçün 442,8 manat (8856 m3 / 24 saat x 12 saat = 4428 m3 x 0,10 manat = 442,8 manat), 2952 m3 üçün isə 147,6 manat (2952 m3 / 24 saat x 12 saat = 1476 X 0,10 manat = 147,6 manat) təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyri-qanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 590,4 manatdır.
35. İddia tələbinin “12/2011-ci il tarixində yaranmış 149,30 manat və 03/2014- cü il tarixində yaranmış 237,60 manat qalıq borcların silinməsi” hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən borclar 04/2012-ci il və 08/2018-ci il tarixdə silindiyindən, iddia tələbi həmin hissədə əsaslı deyildir və ona görə məhkəmə tərəfindən müddətin tətbiqi barədə ərizə nəzərə alınmaqla iddia tələbi təmin oluna bilməz.
36. İddiaçının apellyasiya şikayətinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlar əsasında hesablanmış borc məbləğinin düzgün hesablanması barədə dəlilinə qiymət verərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmiş və yuxarıda qeyd olunan hesablama qaydası ilə silinməli olan borcu düzgün hesablanmışdır.
37. Bundan başqa iddiaçının apellyasiya şikayətinin 12/2011-ci il tarixində yaranmış 149,30 manat və 03/2014-cü il tarixində yaranmış 237,60 manat qalıq borcların silinməsi ilə bağlı dəlilini də qiymət verərək qeyd edir ki, iş materiallarında olan 15 noyabr 2021-ci il tarixli Abonent saldosundan görünür ki, İddiaçı **********01830 nömrəli abonent hesabına 12/2011-ci il tarixə ayın sonuna borc 149,30 manat təşkil etmiş, həmin borc 04/2012-ci il tarixdə silinmişdir, 03/2014-cü il tarixə “Qalıq və akt” əsasında 237,60 manat borc yazılmış, ayın əvvəlinə borc 237,60 manat olmuş, həmin borc 08/2018-ci il tarixdə silinmişdir. Göründüyü kimi iddiaçının silinməsini iddia etdiyi borc artıq ödənilmişdir.
38. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi akt iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.
39. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
40. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
41. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4525/2022 saylı iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov