Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7910/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “müharibədə iştirak etmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizədə xahiş olunub ki, ərizəçinin 1992-ci il yanvar ayının əvvəllərində Şuşa şəhərinin Kosalar kəndində Dağlıq Qarabağda baş vermiş müharibədə iştirak etməsi faktı müəyyən edilsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizənin icraata qəbul edilməsindən imtina olunsun və ərizəçiyə izah olunsun ki, o, inzibati orqanın imtinasından Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, ərizəçi bildirir ki, daxili işlər orqanlarının əməkdaşı kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Əgər ərizəçi daxil işlər orqanlarının əməkdaşı kimi Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişsə, lakin bu faktı təsdiq edən sənəd verilmirsə, o, pozulmuş və ya mübahisələndirilən hüququnun müdafiəsi üçün DİNnə qarşı konkret tələb irəli sürməklə inzibati məhkəməyə müraciət edə və həmin tələbə baxılarkən döyüşlərdən iştirak etdiyini təsdiq edən sübutları inzibati məhkəməyə təqdim edə bilər. O cümlədən Ali Məhkəmənin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 14-cü bəndində qeyd olunub: “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma ... kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir”. Beləliklə, hazırkı ərizəyə mülki məhkəmə icraatı (xüsusi icraat) qaydasında baxılmalı deyil. Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə belə halda ərizənin qəbul edilməsindən imtina olunur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7910/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7910/2020
23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver