Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7915/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2687/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 5636,26 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin ondan tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2687/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh 426,12 (dörd yüz iyirmi altı manat on iki qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 (iki) manat məbləğində pulun Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumun 28 (iyirmi səkkiz) manat hissəsinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. "xxxx" açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, istehlakçıya aid **********0000 saylı abonent kodunun təhlili zamanı abonentin elektrik enerjisindən istifadəyə görə 5636,26 manat debitor borcu yarandığı, lakin abonent tərəfindən elektrik enerjisinin dəyəri ödənilməmişdir. Göstərilənlər məhkəmə baxışında təqdim edilən invoys və maliyyə arayışında öz əksini tapmışdır. Məhkəmənin gəldiyi qərarı ilə invoys və maliyyə arayışında qeyd edilən borc məbləğini lazımınca araşdırmamış, illər üzrə borcu düzgün hesablamamışdır. Məhkəmə göstərilənlərə və cavabdehin etirafına qiymət verməyərək səhmlərinin 100 faizi dövlətə məxsus olan "xxxx"a qarşı qərəzli mövqe göstərmişdir. Bundan əlavə, məhkəmə Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 11.06.2021-ci il tarixli arayışına özünə məxsus şəkildə münasibət bildirərək, yalnız 2021-ci ili hesablayaraq abonentin 426,12 manat borcunun olmasını əsas götürmüşdür. Məhkəmə elektrik enerjisinə görə sərfiyyatın sayğac üzrə deyil guya özünəməxsus şəkildə hesablandığını göstərmişdir. Qanunvericiliyə əsasən, enerji təchizatı müəssisəsi olaraq "xxxx" ASC istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayır. Mübahisə predmeti enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsi deyildir. Bundan əlavə hakim qətnamənin əsaslandırıcı hissəsində qətnamənin nəticə hissəsi ilə bağlılığı olmayan “Elektrik enerjisindən istifadə Qaydaları”nın maddəsinə istinad etmişdir. Qeyd edilən maddəyə əsasən, “enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Ümumiyyətlə məhkəmənin əsaslandığı maddələr qətnamədə göstərilmiş nəticələrinin işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qeyd edilən məbləğlər elektrik enerjisinə sərf edilmiş vəsaitdir. Son 5 ildə heç bir ödəniş olmayıb. Akt borcu isə cəmi 134 manat təşkil edir. Yerdə qalan 4965 manat borc sərfiyyat borcu olduğundan onu tələb edirlər. Qeyd edilən borcu həmin ünvandan tələb edirlər. Müqavilə 03 dekabr 2020-ci ildə cavabdehlə bağlanmışdır. Həmin müqaviləni və abunə haqqının cədvəlini təqdim edir. Sayğac dəyişəndə abonent kodu qalır. Ev sökülüb, hazırda yoxdur. Ancaq sökülmənin 2019-cu ildə baş verməsi təsdiq olunmur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ünvan 1 ünvandakı evlərdən biri, 2 otaqdan ibarət ev atası Faiq Baxışova məxsus olmuşdur. Atasının ailə üzvləri 8 nəfərdən ibarət olmuşdur. Atası 19 oktyabr 2018-ci ildə vəfat etmişdir. Atasına məxsus ev uzun illər qəzalı vəziyyətdə olduğundan 2018-ci ilin axırında anası Zəmanə Baxışova ilə hökumət arasında müqavilə bağlanmış və anasına 40000 manat kompensasiya verilməklə həmin ev 2019cu ildə tam sökülmüşdür. Hazırda onun yaşadığı ev eyni ünvan kimi qeyd olunsa da sökülən evdən aralıda yerləşir. Bu evə dair iddiaçı təşkilatla onun arasında 03 dekabr 2020-ci ildə elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmış, yeni sayğac qoyulmuş və bu günə qədər sayğacda göstərilən bütün borcunu ödəmişdir. Atasının evində olan sayğaca dair yazılan borcun ona heç bir aidiyyəti yoxdur. Onun öz ailəsi və ayrıca evi var. Ola bilər atasının borcu olsun, amma imkanı olmadığından ödəmə etməyib. Özünün evinə dair ödəmələr etdiyi çekləri təqdim edir və "xxxx"a heç bir borcu yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, "xxxx" ASC-nin 11.06.2021-ci il tarixli maliyyə arayışına əsasən **********0000 kod üzrə Cavabdeh 2015-ci ilə qədər olan borcu 670,29 manat təşkil edir. Bundan əlavə, 2015-ci il tarixə qalıq borc 358,26 manat, 2016-cı il tarixə 489,28 manat, 2017-ci il tarixə 506,12 manat, 2018-ci il tarixə 532,24 manat, 2019-cu il tarixə 314,29 manat, 2020-ci il tarixə 2207,30 manat, 2021-ci il tarixə isə 426,12 manat, cəmi 4965.97 manat borcu vardır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin 11.06.2021-ci il tarixli arayışından məlum oldu ki, Cavabdeh 2015-ci ilə qədər olan borcu 670,29 manat, 2015-ci il tarixə qalıq borc 358,26 manat, 2016- cı il tarixə 489,28 manat, 2017-ci il tarixə 506,12 manat, 2018-ci il tarixə 532,24 manat, 2019-cu il tarixə 314,29 manat, 2020-ci il tarixə 2207,30 manat, 2021-ci il tarixə isə 426,12 manat borc yaranmışdır. Göründüyü kimi digər illərdə cavabdehin ünvanına 2020-ci ilə nisbətdə aşağı məbləğlərdə borc yazılmasına baxmayaraq, 2020-ci il üzrə 2207,30 manat məbləğində borc yazılmışdır ki, bu da məhkəmə tərəfindən ağlabatan hesab olunmur. Bundan əlavə, məhkəmə iclaslarında iddiaçının nümayəndəsinə qeyd olunan borc məbləğlərinin, xüsusilə də 2020-ci il üzrə hesablanmış borcun yaranma əsası barədə sənəd gətirilməsi tələb olunsa da, iddaçının nümayəndəsi sadəcə olaraq illər üzrə arayış gətirməklə kifayətlənmiş və həmin borcların istehlakçı tərəfindən elektrik enerjisindən istifadə etməsi ilə bağlı yarandığını bildirmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia yalnız 2021-ci il üzrə 426,12 manat borcun tutulması hissəsində təmin olunmalı və qalan hissədə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iddianın təmin edilməyən hissəsində qətnamənin ləğvi və həmin hissədə təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin yoxlanılan təmin edilməyən hissəsinin faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı cavabdehdən **********0000 saylı abonent kodu üzrə sərf etdiyi elektrik enerjisinə görə pul tələb etsə də cavabdehin tələb edilən məbləğdə borcunun olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Təqdim etdiyi invoys və maliyyə arayışı isə sübut kimi qəbul oluna bilməz. Çünki, həmin sənədlərdə göstərilənlər o məlumatların həqiqi olduğunu təsdiq etmir. Maraqlı şəxs olaraq istənilən sayda mötəbərliliyi təsdiq olunmayan həmin sənədlərdən hazırlaya bilər. İkincisi, iddiaçı cavabdehdən elektrik enerjisindən sayğacdan kənar qanunsuz istifadə etdiyinə görə deyil, sayğac vasitəsilə sərf edilən elektrik enerjisinin dəyəri kimi tələb edir. Ancaq iddiaçı cavabdehdən 2015-ci ilə qədər yaranmış və 2015-ci ildən 2021-ci ilə kimi olan dövr üçün elektrik enerjisindən istifadə haqqı tələb etsə də sonuncu ilə yalnız 03 dekabr 2020-ci ildə elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlamış və yeni sayğac quraşdırılmışdır. Bu cür vəziyyətdə cavabdehdən hansı əsasla qeyd olunan dövrlər üzrə elektrik enerjisindən istifadə haqqı tələb etməsi aydın olmamışdır. İddiaçının nümayəndəsi cavabdehin də mərhum Faiq Baxışovun ailə üzvü olduğunu bildirsə də, onda cavabdehdən başqa da onun digər ailə üzvləri olmuş və həmin fakt iddianın məhz cavabdehə qarşı irəli sürülməsinə əsas vermirdi. Üçüncüsü, cavabdehin apellyasiya baxışı zamanı izahatı və təqdim etdiyi sənədlər də qeyd olunan dövrlər üzrə iddianın ona qarşı irəli sürülməsini tam istisna edir. Çünki, qeyd olunan sənədlər mübahisəli ünvanda mərhum Faiq Baxışova məxsus olmuş qəzalı evin olduğunu və 2019-cu ildə söküldüyünü bilavasitə təsdiq edir. Demək, hazırki təmin edilməyən hissədə iddia həm də iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən təmin edilməməsi düzgün olmuşdur. Dördüncüsü, 2015-ci ilə qədər yaranmış və 2015-ci ildən 2021-ci ilə qədər olan elektrik enerjisindən sərfiyyata görə bu vaxta qədər haqqın tələb edilməməsi də iddianın təmin edilməyən hissədə əsassızlığına dəlalət edir. Çünki, bu istehlakçıların vaxtaşırı icra etməli olduğu öhdəlikləri olduğundan, iddiaçı qurumun da istifadə haqqını vaxtında tələb etmək vəzifəsi olmuşdur. Ancaq dövlət müəssisəsi olaraq iddiaçı bu vəzifələrini vaxtında yerinə yetirməməsini hər hansı bir formada əsaslandıra bilmir və məhz öz əməkdaşlarının səhlənkarlığı nəticəsində dövlət büdcəsinə zərər vurulmasına şərait yaradırlar. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2687/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7915/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7915/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver