Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7915/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4131/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.xx.xx.2013-ci il tarixli, 06321 nömrəli borc müqaviləsi kimi rəsmiləşdirilmiş müqaviləyə əsasən Cavabdeh satıcı “ERA Electronics” mağazasından 816 manat dəyərində “HP Pavilion G6” markalı noutbuk cihazını ilkin ödənişsiz 12 ay müddətinə hər ay 68 manat ödəmək şərti ilə nisyə almışdır. Satıcı “ERA Electronics” mağazası adından müqavilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı tərəfindən imzalanmışdır.
2. xx.xx.2022-ci il tarixli pretenziya məktubu və ona əlavə edilmiş xəbərnaməyə əsasən, öhdəliyin icrasına dair bildiriş Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir.
3. xx.xx.2021-ci il tarixli 74077 nömrəli E-Manat ödəniş çekindən, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderindən və “ERA Electronics” mağazasının “müştərinin hərəkət raportu” ödəniş cədvəlinə əsasən Cavabdeh tərəfindən həmin tarixlərdə ayrı-ayrılıqda 20 manat olmaqla ödənişlər həyata keçirilmişdir
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən onun (“ERA Electronics”-in) xeyrinə 270 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 300 manatın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. Cvabdehə öhdəliyinin icrası ilə bağlı şifahi və bir dəfə rəsmi xədərdarlıq edilməsinə baxmayaraq, borcunu 1 ildən artıq müddətdir ödəmir. Cavabdeh borcundan sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 20 manat ödəniş etmiş və hazırda onun müqavilə üzrə əsas borcu 270 manat təşkil edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4131/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, xx.xx.2013-ci il tarixli, 06321 nömrəli müqavilə borc müqaviləsi kimi rəsmiləşdirilməsinə baxmayaraq tərəflər arasında yaranmış münasibətlər faktiki olaraq nisyə alqı-satqı müqaviləsindən irəli gələn mülki hüquq münasibətləridir. Bu həm müqavilənin məzmunu, həm də iddiaçının izahatı ilə təsdiq olunur. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq etirazın göstərilən dəlillərinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh öz etirazında müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməsini və tərəflər arasında mübahisə olmadığından aylıq ödənişlərinə dair sübutlarını, yəni çekləri saxlamadığını iddia etməsinə baxmayaraq, həmin ödənişlərin hansı qaydada həyata keçirilməsi, sonuncu ödənişin nə vaxt verilməsini etirazında göstərməmiş və buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən isə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 270 manat borcu qalmışdır. Həmçinin cavabdeh öz etirazında iddiaçının məhkəməyə müraciət etməmişdən öncə ona müqavilə üzrə öhdəliyinin icrasına dair hər hansı bildirişin və ya xəbərdarlığın verilməməsini iddia etməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubu və ona əlavə edilmiş xəbərnamədən müəyyən edilmişdir ki, öhdəliyin icrasına dair bildiriş cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Belə ki, cavabdehin etirazında müqavilənin müddəti başa çatdığı vaxtdan 3 illik iddia müddəti keçməsi səbəbi ilə iddia tələbinin rədd edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 74077 nömrəli E- Manat ödəniş çekindən, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderindən və “ERA Electronics” mağazasının “müştərinin hərəkət raportu” ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh tərəfindən həmin tarixlərdə ayrı-ayrılıqda 20 manat olmaqla ödənişlər həyata keçirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən 3 illik müddət başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən borcunun etiraf edilməsini ifadə edən hərəkətlər edilməklə sonuncu dəfə müqavilədən irəli gələn öhdəliyinin icrası üzrə xx.xx.2021-ci il tarixdə ödəniş həyata keçirildiyindən iddia müddətinin axımı kəsilmiş hesab edilməli və iddia müddəti həmin sonuncu ödəniş tarixindən hesablanmalıdır. Buna görə də, cavabdehin iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsinə dair ərizəsi məhkəmə tərəfindən təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən iddia tələbi rədd edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəyə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.”
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
17. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa, yəni dispozisiya əlamətləri ilə uzlaşsa belə iddia müddəti və öhdəliklərin xitamı üçün olan müddətlər keçdiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
23. Belə ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. Baxmayaraq ki, cavabdeh xx.xx.2014-cü il tarixdə müddəti bitən nisyə alqı-satqı müqaviləsi üzrə 2021-ci ilin may ayında sonuncu ödəniş etməsini qəbul etmir, yenə də iddia müddəti və öhdəliklərin xitamı üçün olan müddətlər ötürülmüşdür. Çünki, 2021-ci ilin may ayına qədər 6 il, 8 aydan artıq müddət keçmiş, iddiaçı isə konkret olaraq xx.xx.2022-ci il tarixdə, yəni 7 il, 10 ay, 3 gün sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Demək, iddiaçı hər bir halda 3 yaxud 5 illik müddəti ötürmüşdür.
24. Birinci instansiya məhkəməsinin ...tərəflər arasında bağlanmış müqavilə müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən 3 illik müddət başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən borcunun etiraf edilməsini ifadə edən hərəkətlər edilməklə sonuncu dəfə müqavilədən irəli gələn öhdəliyinin icrası üzrə xx.xx.2021-ci il tarixdə ödəniş həyata keçirildiyindən iddia müddətinin axımı kəsilmiş hesab edilməli və iddia müddəti həmin sonuncu ödəniş tarixindən hesablanmalıdır. Buna görə də, cavabdehin iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsinə dair ərizəsi məhkəmə tərəfindən təmin edilə bilməz... qənaəti də ziddiyyətlidir. Çünki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ödəniş həyata keçirildiyi həqiqi olsa və bu iddia müddətinin axımının kəsilməsinə səbəb olsaydı belə yenə də iddia müddətinın axımının sonuncu ödəniş tarixindən hesablanması düzgün nəticə deyildir. Qeyd olunduğu kimi 2021-ci ilin may ayına qədər 6 il, 8 aydan artıq müddət keçmiş, iddiaçı isə həmin dövrlərdə cavabdehin ümumiyyətlə ödəniş etməsinə və hansı tarixlərdə etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu hallar da iddia müddətinin ötürüldüyünü təsdiq edir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməsi isə iddia müddətinin tətbiq edilməsini istisna etmirdi.
25. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə” və “borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə” müddəası iddia müddəti dövründə baş verərsə iddia müddətinin axımı kəsilir. Ancaq iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan 3 ildən artıq bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
26. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki,...iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi;əsas borc üzrə faizin köçürülməsi;kreditora borcun etirafını nəz ərdətutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi, iddia müddətinin axımı o vaxt kəsilə bilər ki, bu müddət bitməmiş olsun. Ancaq iddia müddəti keçdikdən sonra nə müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, nədəki borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddia müddətinin axımını kəsə bilməz.
27. Göstərilənlərdən əlavə, cavabdehin etirazının qanuni əsası kimi Mülki Məcəllənin 550, 551.2.1(digər vaxtaşırı ödənişlər),551.2.3(mallar satışı) 554.1, 554.3-cü maddələri nəzərdən keçirilə bilər. Yəni, iddiaçının cavabdehə qarşı olan tələbi vaxtaşırı ödənişlərə yaxud mallar satışına aid olduğundan bu tələblər də Mülki Məcəllənin 551.2-ci maddəsində nəzərdə tutulan yəni, 5 il keçdikdən sonra qüvvəsini itirən tələblər siyahısında nəzərdə tutulmuşdur. Ona görə də bu tələblər üzrə 5 il müddətin keçməsi də öhdəliklərin xitamı üçün əsas sayılmalıdır.
28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4131/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4131/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.