Məhkəmə qərarları › İş №2(103)-7918/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7918/2021

11.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7918/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2071/2021 saylı, 09 iyun 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 5-ci mərtəbədə yerləşən 177 saylı mənzilə dair Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 18 mart 2010-cu il tarixli 67 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MTK arasında 30 dekabr 2006-cı il tarixdə iki müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən, "xxxx" MTK ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 kv.m. olan 172 saylı və 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 kv.m. olan 177 saylı mənzillərin inşasını və ona təhvil verilməsini, o isə hər mənzilə görə 44.500 manat pulun ödənilməsini öhdəsinə götürmüşdür. O, müqavilə öhdəliklərini icra edərək hər iki mənzil üzrə razılaşdırılmış alış qiymətini "xxxx" MTK-ya ödəmişdir. Lakin "xxxx" MTK öhdəliklərini pozaraq mənzillərin ona təhvil verilməsini təmin etməmiş, ona görə də o, “Badu-Kubə" Mənzil Tikinti Kooperativinə və X1 qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin "xxxx" MTK-dan alınaraq ona təhvil verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin cavabdeh "xxxx" MTK-dan alınaraq ona təhvil verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2018- ci il tarixli 2(102)-8282/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin ona məxsus olması sübuta yetdiyinə görə həmin mənzillərin ona təhvil verilməsi qət edilmişdir. Yəni artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilin ona məxsus olması faktı müəyyən edildiyinə görə bu hal cavabdeh tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə bilməz. Lakin Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilinə dair "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilə hələ də qüvvəsində qalmış və cavabdeh qeyd edilən müqaviləyə istinad edərək mənzilin ona məxsus olmasını iddia etmişdir. Ona görə də belə hesab edir ki, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 18 mart 2010-cu il tarixli 67 saylı müqavilə etibarsız hesab edilməlidir. Çünki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin boşaldılaraq İkrama verilməsi ilə əlaqəli qətnamə var. Halbuki həmin mənzilə dair eyni predmet üzrə iki qətnamə qəbul edilmişdir ki, həmin qətnamələr bir-birilə ziddiyət təşkil edir. Ali Məhkəmənin qərarına əsasən həmin mənzilin sahəsi ümumilikdə 144.5 kv.m deyil, həmin mənzil binanın 3-cü girişində, 5-ci mərtəbəsindədir və mənzilin sahəsi 71.3 kv.metrdir. Həmin mənzilin Cavabdeh satılması istintaq zamanı öz təsdiqini tapmamışdır və bu o deməkdir ki, mənzil yalnız ona satılmışdır. Ümumiyyətlə, "xxxx" MTK-nın sədri olan Ədalət Qənbərovun bu məsələ ilə bağlı çoxlu qanunsuz sənədləri mövcuddur. Cavabdeh bu məsələ ilə bağlı icraçının 177 saylı mənzillə bağlı olan hərəkətindən şikayət vermişdi, baxıldıqdan sonra onun xeyrinə qərar çıxarılsa da, lakin sonra yenə eyni predmet əsasında baxılaraq İkramın xeyrinə qərar çıxarılıb. Ümumiyyətlə, bina 17 mərtəbəli olmalı idi, lakin 15 mərtəbəli tikildiyinə görə onun mənzilinin sahəsi dəyişib. Həmin binada yaşayış olduğuna görə 15 mərtəbəni 17 mərtəbəyə tamamlamaq olmadı. Bundan əlavə, onun mənzilinin müqaviləsi Telman Səfərovun imzası ilə qeydə alınıb. İstintaq zamanı da T.Səfərov bu faktı etiraf edib. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2071/2021 saylı, 09 iyun 2021 ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçının tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuş, şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işin faktiki hallarına əhəmiyyət vermədiyi və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyi irəli sürülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə icraata xitam verilərək qətnamə ləğv olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1627/2021 nömrəli iş üzrə qəbul etdiyi 17.02.2021-ci il tarixli qərarından (i.v.69) görünür ki, iddiaçı Cavabdeh tərəfindən cavabdehlər Suraxanı rayon icra və propasiya şöbəsinə, İddiaçı və 3-cü şəxs "xxxx" MTKya qarşı «mənzilin boşaldılıb təhvil verilməsi» tələbi barədə iddia ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 13 M saylı evin 3-cü girişinin 5-ci mərtəməsində yerləşən ümumi sahəsi 71,3 kv.m olan 177 saylı mənzilin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmiş və Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən narazı qaldığı üçün iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-989/2020 saylı, 13.01.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.05.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.09.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi tamamilə ləğv edilməklə, iddia tələbləri tam təmin edilməklə İddiaçı ona məxsus mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti versə də Ali Məhkəməsinin 17.02.2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni, qanuni qüvvədə olan həmin məhkəmə aktları ilə, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 13 M saylı evin 3-cü girişinin 5-ci mərtəməsində yerləşən ümumi sahəsi 71,3 kv.m olan 177 saylı mənzilin Cavabdeh məxsus olduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Göründüyü kimi, Cavabdeh əmlakın ona təhvil verilməsi barədə iddia tələbinə baxan məhkəmələr hazırki mübahisənin predmeti olan müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən etməmiş və Cavabdeh iddia tələbini təmin etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 5-ci mərtəbədə yerləşən 177 saylı mənzilə dair Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 18 mart 2010-cu il tarixli 67 saylı müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2071/2021 saylı, 09 iyun 2021ci il tarixli qətnaməsi ləğv olunsun və İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıya aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar