Məhkəmə qərarları › İş №2(103)-7922/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7922/2021

04.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7922/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh1 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı maraqlı şəxs Bakı şəhər Sabunçu rayon İcra şöbəsi olmaqla, iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, X5 və X4 cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4336/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Tapdıq oğlunun cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 qarşı maraqlı şəxs Bakı şəhər Sabunçu rayon İcra şöbəsi olmaqla, iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, X5 və X4 cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı 20.05.2021-ci il tarixində məhkəməyə iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə müraciət edərək məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh2, X4 və X3 birgə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 207.1 kv.m yaşayış, 157.7 kv.m yaradımçı, 364.8 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı 38f nömrəli fərdi yaşayış evi ilə bağlı icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Cavabdeh2, X4 və X3 birgə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 207.1 kv.m yaşayış, 157.7 kv.m yaradımçı, 364.8 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı 38f nömrəli fərdi yaşayış evi ilə bağlı icra hərəkətlərinin həyata keçirmək cavabdehlər Cavabdeh2, Cavabdeh1 QSC və digər şəxslərə qadağan edilmişdir. İddiaçı Cavabdeh1 QSC 09.06.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək həmin qərardadının ləğv olunması və iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərardadı ilə Məhkəmənin 21 may 2021-ci il tarixli qərardadı ləğv edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, 38f nömrəli fərdi yaşayış evi ilə bağlı cavabdehlər Cavabdeh2, Cavabdeh1 QSC və digər şəxslərə icra hərəkətlərinin həyata keçirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış digər tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 158.1.1-ci, 158.1.2 və 158.1.3-cü maddələrinə görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İşin müəyyən edilmiş hallarına əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(105)-1225/2018 saylı qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən digər əmlaklarla yanaşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 207.1 m2 yaşayış, 157.7 m2 yardımçı, 364.8 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı 38f nömrəli fərdi yaşayış evi də AccessBank QSC-nin mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 207.1 m2 yaşayış, 157.7 m2 yardımçı, 364.8 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı 38f nömrəli fərdi yaşayış evi hazırda AccessBank QSC-nin mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının görülməsini istədiyi iddianın təmin edilməsi tədbiri, qüvvədə olan məhkəmə akt(lar)ı əsasında verilmiş və artıq icra mərhələsində olan icra sənədi üzrə icraatın dayandırılması xarakteri daşıyır və iddianın gələcəkdə təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına deyil, icra sənədinin icrasının dayandırılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə görə, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır, icra sənədi üzrə icraatın dayandırılması mexanizmi isə həmin Qanunun 21-ci maddəsində fərqli qaydada müəyyən edilmişdir. Yuxarıda şərh olunanların işin hallarına tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi iddianı təmin tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi baxımından əsaslı olmadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir və şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4336/2021 saylı, 10 iyun 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar