Məhkəmə qərarları › İş №2(103)-7928/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7928/2022

05.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7928/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(009)- 720/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 333 manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, eləcə də, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsinin surətini o, xx.xx.2021-ci il tarixdə rəsmi qaydada almaqla həmin qətnamədən əlyazma formasında apellyasiya şikayəti təqdim etmiş, lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti onun Azərbaycan Respublikası MPM-in 10-1.3-cü və 361-ci maddələrinin tələblərinə riayət edilmədən hazırlanması səbəbindən geri qaytarılmışdır. Bundan sonra, o, 21 noyabr 2021-ci il tarixdə apellyasiya şikayətini elektron məhkəmə sistemi vasitəsilə təqdim etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə məhkəmə qərardadından vermiş olduğu (qarşı tərəf də şikayət vermişdir) şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12094/2021 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. 26 yanvar 2022-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından vermiş olduğu şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəmsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-2110/2022 saylı qərardadı ilə onun şikayəti təmin edilməmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı ilə hər iki tərəfin prosessual müddətin bərpa edilməsi tərəflərin ərizələrinin təmin edilib apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə qərar verilmişdir. O, 2(009)-720/2021 saylı iş üzrə iddia predmetinin ədalətli dəyişdirilməsinə dair şikayət vermiş və onun şikayəti təmin edilməyərək, iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-3438/2022 saylı qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab olunmuşdur. Bundan sonra Səbail Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadlar qəbul edərək apellyasiya şikayətinin geri qaytarılması və şikayətdə olan nöqsanların aradan qaldırılmasını bildirmişdir. O bu qərardadlardan xəbərsiz olmuş, belə ki, həmin ərəfədə yaşayış yerini dəyişmişdi. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində işə baxılan vaxt onun da apellyasiya şikayətinə baxıldığını zənn edərək, qarşılıqlı iddia tələbi üzrə vəsatət tələb etmişdir. 18 avqust 2022-ci il tarixli məhkəmə iclasında isə ona məlum oldu ki, birinci instansiya məhkəməsi onun apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş, bu səbəbdən də yalnız qarşı tərəf Y.Yəhyayevin apellyasiya şikayətinə baxılmış və ona izah edilmişdir ki, o, təqdim etdiyi apellyasiya şikayəti üzrə nöqsanları aradan qaldırmaqla və müddət bərpasına dair vəsatət verməklə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan sonra ,xx.xx.2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinə prosessual müddəti bərpa etməklə qətnamədən apellyasiva şikayətinə baxılması barədə qərardad qəbul etməsini xahiş etmiş, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun şikayəti və prosessual müddətin bərpasına dair ərizəsi geri qaytarılmışdır. O həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-6828/2022 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərärdadı dəyişdirilmədən saxlanılmışdır. Bütün bu xüsusatlar belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən o, məhkəmə qətnaməsinin surətini rəsmi qaydada aldığı gündən 1 ay müddətində apellyasiya şikayətini təqdim etmişdir. Lakin apellyasiya şikayətinin bu vaxtadək baxılmaması səbəbi həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun tərtib olunmaması olmuş, tərəfindən ilkin olaraq xx.xx.2021-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə şikayət tərtib olunaraq elektron kabinetə yerləşdirilmişdir. Lakin nədənsə məhkəmə instansiyaları həmin elektron apellyasiya şikayətini nəzərdən qaçırmış və onun şikayətlərini qeyri-mümkün saymışlar. Sonradan vermiş olduğu şikayətlər də şikayətin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan olmuşdur. Bütün bu hallar ona dəlalət edir ki, onun tərəfindən apellyasiya şikayəti vaxtında verilmiş və həmin şikayətin icraata qəbul edilməməsi barədə qərardadlardan da şikayətlər vermişdir. O yenidən xx.xx.2022-ci ildə elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayətini göndərmiş və həmin şikayətdə yol verilmiş texniki səhv və dövlət rüsumunun Bakı Apellyasiya Məhkəməsinin hesabına deyil, səhvən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hesabına köçürülməsi ilə bağlı həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bu səbəbdən də, o, apellyasiya şikayətinə müvafiq düzəliş etmiş və Bakı Apellyasiya Məhkəməsinin hesabına ilkin iddia tələbi ilə bağlı köçürülmüş dövlət rüsumunun 50 faizini köçürməklə yenidən apellyasiya şikayətini Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinə uyğun olaraq tərtib edərək, elektron məhkəmə sistemi vasitəsilə göndərmişdir. Ona görə də, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(009)- 720/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar