Məhkəmə qərarları › İş №2(103)-7938/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7938/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7938/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmetinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli 2(004)-8995/2015 saylı qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmetinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin İ blok, Vİİ mərtəbəsində ümumi sahəsi 130,8 kv.metr olan 3 otaqdan ibarət 17 saylı mənzilin iddiaçıya təhvil verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin İ blok, Vİİ mərtəbəsində ümumi sahəsi 130,8 kv.metr olan 3 otaqdan ibarət 17 saylı mənzili 29.01.2008-ci il tarixdə 65400 ABŞ dolları müqabilində almış və birdəfəlik ödəniş etmişdir. Müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqavilənin predmeti olan mənzili icraçı təhvil verir, payçı isə qəbul edir. İddiaçı qeyd edilən ünvanda tikinti işləri başa çatdıqdan sonra mübahisəli mənzildə təmir işlərinin aparılması üçün getdikdə, həmin mənzildə başqa şəxslər tərəfindən təmir işlərinin aparılmasının şahidi olmuşdur. Cavabdeh-nın rəhbərliyinə müraciət etdikdə, həmin mənzilin artıq başqa birinə satıldığını öyrənmişdir. Mənzilin kimə satılması barədə sənədləri və həmin mənzilin ona təhvil verilməsini tələb etsə də, cavabdeh mənzili onun qanuni istifadəsinə və sahibliyinə verməkdən imtina etmişdir. Eyni zamanda mübahisəli mənzil üçün ödənilmiş pulu geri tələb etsə də, Cavabdeh-nın rəhbərliyi həmin məbləği ona qaytarmayağını bildirmişdir. Ona məxsus olan mənzil digər şəxslər tərəfindən zəbt edilmiş, hazırda da qanuni əsaslar olmadan həmin mənzildən istifadə edir və xəbərdarlıq edilməsinə baxmayaraq mənzili boşaltmaqdan imtina edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli 2(004)- 8995/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara görə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.01.2008-ci il tarixli müqaviləyə əsasən müqavilənin predmetini Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin İ blok, Vİİ mərtəbəsində ümumi sahəsi 130,8 kv.metr olan 3 otaqdan ibarət 17 saylı mənzil təşkil edir. Müqavilənin 4-cü bəndinə görə, mənzilin dəyəri 1 kv.m üçün 500 ABŞ dolları olmaqla cəmi 130,8 kv.m üçün 65400 ABŞ dolları təşkil edir və həmin məbləğ payçı tərəfindən 100% miqdarında, yəni 65400 ABŞ dolları məbləğində ödənilmişdir. Tərəflər arasında daşınmaz əmlakın tikintisi üzrə podrat müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. X5 həmin qətnamənin onun hüquqlarına toxunduğunu bildirərək qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh ilə payçı X5 arasında bağlanmış 01 mart 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin İ blok Vİİ mərtəbəsində ümumi sahəsi 132,4 kv.m olan 3 otaqdan ibarət 17 saylı mənzili pay kimi almış, müqavilə üzrə mənzilin dəyəri kimi müəyyən edilmiş 79450 manat pulu tam ödəmişdir. Fərhad Əhmədzadədən əvvəl 18 iyul 2007-ci il tarixdə həmin mənzillə bağlı müqavilə onun anası X6 ilə bağlanmış və həmin tarixli arayışla mənzilə görə müəyyən edilmiş məbləğ tam olaraq ödənilmişdir. X9 27 fevral 2017-ci il tarixli ərizə ilə Cavabdeh-ya müraciət edərək həmin mənzilin F.Əhmədzadənin adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsindən də görünür ki, iddiaçı mənzilin təmir edilməsinin şahidi olmuş və ona MTK tərəfindən mənzilin başqa sahibinin olduğu bildirilmişdir. 18 iyul 2007-ci il tarixdə F.Əhmədzadənin X9 ilə MTK arasında müqavilə bağlanmış, həmin müqavilə üzrə şərtləşdirilmiş məbləğ tam olaraq ödənilmiş və bu barədə MTK tərəfindən ona arayış verilmişdir. Daha sonra həmin mənzil təmir edilmiş, valideynlərinin 27 fevral 2017-ci il tarixli ərizələri əsasında müqavilə onun adına rəsmiləşdirilmişdir. Hazırda da Fərhad Əhmədzadə həmin mənzildə yaşayır. Lakin MTK mübahisəli mənzilə dair heç bir hüququ qalmadığı təqdirdə 29 yanvar 2008-ci il tarixdə həmin mənzili iddiaçıya satmışdır. Bundan əlavə, həm iddiaçı, həm də məhkəmə mənzilin üçüncü şəxsin istifadəsində olduğunu bildikləri halda bu hal araşdırılmamış, Fərhad Əhmədzadənin və X9nın belə bir iddia tələbindən və məhkəmə qətnaməsindən məlumatları olmamışdır. İcra məmurları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli qətnaməsinin icrası üçün həmin ünvana gəldikdə bu barədə məlumatlandırılmışlar. Apellyasiya baxışı zamanı X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşlar. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X2 nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı isə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərilərək bildirilmişdir ki, iddia predmeti olan Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin İ blok Vİİ mərtəbəsində ümumi sahəsi 132,4 kv.m olan 3 otaqdan ibarət 17 saylı mənzil 18 iyul 2007-ci il tarixli müqavilə əsasında X1 və dəyəri tam ödənilmişdir. X4 27 fevral 2017-ci il tarixli ərizəsi əsasında mənzil onun oğlu X2 adına rəsmiləşdirilmiş və hazırda da həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Odur ki, yuxarıdakıları nəzərə alaraq, onların iştirakı olmadan işə baxılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X6 Bakı Apellyasiya Məhkəməsinin elektron poçtuna məktubla müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində İddiaçı Cavabdeh-ya qarşı iddia ərizəsinə baxılarkən nə onun, nə də oğlu Fərhadın iştirakı təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış evinin İ blok Vİİ mərtəbəsində ümumi sahəsi 132,4 kv.m olan 3 otaqdan ibarət 17 saylı mənzili 18 iyul 2007-ci il tarixli müqavilə əsasında almış, binada təmir işləri aparmağa icazə verildikdən sonra 2014-2015-ci illərdə mənzildə təmir işləri aparılmasına başlamış, mənzilin təmiri bitənə yaxın, yəni 27 fevral 2017-ci il tarixdə MTKya ərizə ilə müraciət edərək mənzilin oğlu X2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. 01 mart 2017-ci il tarixdə müqavilə oğlu Fərhadın adına rəsmiləşdirilmiş, hal-hazırda da həmin mənzildə oğlu ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda Azərbaycan Respublikasında olmadığından, məhkəmə iclasında iştirak edə bilmir və apellyasiya şikayətinə onun iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli 2(004)-8995/2015 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12 avqust 2005-ci ildən 9 fevral 2018ci il tarixədək qüvvədə olmuş redaksiyada 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi 18 iyul 2007-ci il tarixdə F.Əhmədzadənin X9 ilə MTK arasında müqavilə bağlanmış, həmin müqavilə üzrə şərtləşdirilmiş məbləğ tam olaraq ödənilmiş və bu barədə MTK tərəfindən ona maliyyə arayışı verilmişdir. Daha sonra həmin mənzil təmir edilmiş, F.Əhmədzadənin valideynlərinin 27 fevral 2017-ci il tarixli ərizələri əsasında müqavilə onun adına rəsmiləşdirilmişdir. Hazırda da F.Əhmədzadə həmin mənzildə yaşayır. Lakin Cavabdeh mübahisəli mənzilə dair heç bir hüququ qalmadığı təqdirdə 29 yanvar 2008-ci il tarixdə mənzili İddiaçı satmışdır. Mənzilin 18 iyul 2007-ci il tarixdə Aybəniz Əhmədovaya satılmasını hal-hazırda Cavabdeh da etiraf edir. Bundan əlavə, mənzil faktiki olaraq Aybəniz Əhmədovaya və Fərhad Əhmədzadəyə təhvil verilmiş, mənzil təmir olunmuş, hal-hazırda həmin mənzildə Fərhad Əhmədzadə ailəsi ilə birlikdə yaşayır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunan hallar Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli 2(004)- 8995/2015 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmetinin təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar