Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-795/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs Oqtay Zərbəliyevin vəkili və nümayəndəsi Ülvi İsmayılovun iştirakı ilə, İddiaçı cavabdehlər “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyi və Cavabdeh2 qarşı “behin iki mislinin ödənilməsi və xidmət haqqının qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı və işdə iştirak etməyə cəlb olunmayan X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Münasibətlər: Mübahisə 14.04.2020-ci il tarixli “Beh haqqında” razılaşma ilə bağlıdır (iş v. 21). Həmin razılaşmada İddiaçı beh verən, Cavabdeh2 isə beh alan kimi göstərilib. Razılaşmada qeyd olunub ki, beh alan Bakı şəhəri, Nizami rayonu, Naxçıvani küçəsində yerləşən, ümumi sahəsi olan 74,5 kv.m olan mənzili 60.000 manata beh verənə satmağı, beh verən isə həmin mənzli almağı öhdəsinə götürür. Alqı-satqı müqaviləsi 14.05.2020-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməlidir. Beh verən 17.000 manat beh verir, beh alan isə onu qəbul edir. Eyni şəxslərin arasında tərtib olunmuş 14.04.2020-ci il tarixli başqa sənəddə (iş v. 20) İddiaçı tərəfindən Cavabdeh2 xidmət haqqı kimi 600 manat ödənildiyi qeyd olunub və hər iki şəxs həmin sənədi imzalayıb. Hər iki sənədin üzərinə “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyi ifadəsi yazılıb, habelə sənədlərin üzərinə eyni ifadə olan möhür vurulub. Möhürdə üçüncü şəxs X2 aid olan VÖEN kimi ********** qeyd olunub. “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyi hüquqi şəxs deyil, belə adda təşkilat ümumiyyətlə yoxdur. X3 bu addan istifadə etməklə daşınmaz əmlak bazarında fiziki şəxs kimi fəaliyyət göstərir. O, birinci instansiya məhkəməsində işə baxılarkən işdə iştirak etməyə cəlb edilməyib, buna baxmayaraq qətnamədən apellyasiya şikayəti verib, apellyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, behin 2 misli, yəni 34.000 manat, habelə zəhmət haqqı kimi ödənilmiş 600 manat cavabdehlər “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyi və Cavabdeh2 tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, cavabdeh tərəf iddiaçını aldadıb, belə bir mənzil yoxdur, iddiaçıya mansard satmaq istəyirlər, cavabdeh tərəf pulu qaytarmaq üçün vaxt istəyib, vaxt bitsə də pulu qaytarmayıb. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, 34.000 manat və 600 manat cavabdeh “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyindən tutularaq iddiaçıya verilsin, iddianın Cavabdeh2 qarşı yönəlmiş hissəsi təmin edilməsin. Şikayət və izahatlar: İki apellyasiya şikayəti verilib. İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə tam ləğv edilsin və iddia Cavabdeh2 qarşı olan hissədə tam təmin edilsin. İşdə iştirak etməyə cəlb edilməyən X1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya icraat zamanı o, üçüncü şəxs kimi tanınıb. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxs Oqtay Zərbəliyevin vəkili və nümayəndəsi Ülvi İsmayılov isə üçüncü şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh kimi tanınmış “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyi isə hüquqi şəxs deyil, belə adda təşkilat ümumiyyətlə yoxdur, o, cavabdeh ola bilməz. Qətnamənin yoxlanılması: Qətnamənin cavabdeh “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə aid hissəsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş ayrıca qərardadla ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Belə ki, Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyi adında hüquqi şəxs və ya təşkilat yoxdur. Mövcud olmayan cavabdehə qarşı iddiaya məhkəmədə baxılmalı deyil. Qətnamənin qalan hissəsi - Cavabdeh2 aid hissəsi ləğv edilməli və həmin tələb qismən təmin olunmalıdır. Belə ki, beh haqqında razılaşma əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 491.1-ci maddəsinə görə beh - müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Göründüyü kimi, behin 2 məqsədi var: 1) müqavilənin bağlanması təsdiq etmək; 2) müqavilənin icrasını təmin etmək. Alqı-satqısı nəzərdə tutulan mənzilin beh alana - Cavabdeh2 məxsus olduğu müəyyən edilmir. Bundan başqa, həmin mənzilin ünvanı dəqiq deyil. Mənzilin ünvanı beh haqqında razılaşmada “Nizami rayonu, ünvan 1b, iddia ərizəsində isə “20 mərtəbəli binanın 18-ci mərtəbəsində 75 kv.metrdən ibarət mənzil” kimi göstərilib. Cavabdeh2 ona məxsus olmayan və ünvanı dəqiq olmayan mənzilə dair alqı-satqı müqaviləsi bağlamaq səlahiyyətinə malik olmadığına görə, belə bir alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmək və onun icrasını təmin etmək məqsədilə beh müqaviləsi də bağalaya bilməzdi. Ona görə də beh haqqında razılaşma Mülki Məcəllənin 491.1-ci maddəsinin tələbinə ziddir, əhəmiyyətsiz əqd olaraq etibarsız sayılır. Beh müqaviləsi etibarsız olduğuna görə iddiaçı behin 2 mislinin ödənilməsini tələb edə bilməz, çünki behin 2 mislinin ödənilməsinini tələb etmək hüququ etibarlı beh müqaviləsindən əmələ gələn hüquqdur. Odur ki, Cavabdeh2 etibarsız əqd üzrə aldığı 17.000 manat pulu geri qaytarmalıdır, bu qayda Mülki Məcəllənin 337.5-ci maddəsinin göstərişindən irəli gəlir. O cümlədən cavabdeh xidmət haqqı kimi aldığı 600 manatı da geri qaytarmalıdır. Belə ki, xidmət haqqı – göstərilən xidmətin əvəzidir. Cavabdeh iddiaçıya xidmət göstərməyib, cavabdehin ona aid olmayan və və ünvanı olmayan mənzili iddiaçıya satmaq öhdəliyini üzərinə götürməsi xidmət sayılmır. Göstərilməyən xidmətə görə haqq alına bilməz. 600 manatın geri qaytarılmasının hüquqi əsasını Mülki Məcəllənin 439.4-cü maddəsinin göstərişi təşkil edir. Həmin maddəyə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Tərəflərin arasında xidmət göstərilməsi barədə öhdəlik olmadığına görə 600 manat öhdəlikdən kənar ödənilmiş pul sayılır. Öhdəliyin olması üçün xidmət göstərilməsi barədə müqavilə bağlanmalıdır. Müqavilənin bağlanması üçün isə müqavilənin mühüm şərtləri barədə razılıq əldə olunmalıdır. Predmetə dair şərt mühüm şərtdir. Xidmət göstərilməsi barədə müqavilənin predmeti - xidmətdir. Əgər predmet barədə razılaşma yoxdursa, deməli, müqavilənin mühüm şərti barədə razılaşma yoxdur. Bu isə o nəticəni verir ki, xidmət göstərilməsi barədə müqavilə bağlanmayıb. Bu qayda Mülki Məcəllənin 405.1-ci maddəsindən irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. 17.600 (on yeddi min altı yüz) manat Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddianın Cavabdeh2 qarşı yönəlmiş qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pul Cavabdeh2 alınaraq İddiaçı verilsin. Üçüncü şəxs Oqtay Zərbəliyevin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ayrıca qərardadı ilə təmin edilib, Xətai Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qətnaməsi “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə aid hissədə ləğv edilib və həmin hissədə iş üzrə icraata xitam verilib. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-795/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-795/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver