Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-795/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh nümayəndələri X7 və X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacsız təbii qazdan istifadə halları aşkar edilmiş, bu barədə tərəfindən ünvan 1 ünvanı üzrə aktlar tərtib edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına (abonent kodu **********10000) hesablanmış 9.482,68 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə yaşayır və bu ev onun rəsmi mülkiyyətindədir. Bu ünvana dair evə çıxarış alan zaman ASAN xidmət mərkəzində borcunun olmadığı deyilib və axrıncı dəfə 91 manat ödəniş edib. Aprel ayında evə bildiriş gəlib ki, 9.482,68 manat məbləğində borc hesablanmışdır, halbuki heç bir əlavə xətt çəkilməyib. "Azəriqaz" İB mənzildən kənarda quraşdırılmış sayğacdaki pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair sübut təqdim etməmişdir. O, davamlı olaraq ödənişləri edir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İB-nin İddiaçı qarşı xx.xx.2023-cü il tarixli aktda İddiaçı qaz sayğacına müdaxilə etdiyi göstərilir. Lakin Cavabdeh İB kənar müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi barədə sübut təqdim etməmişdir. Kənar müdaxilə ilə qaz sərfiyyatını az göstərmək üçün xüsusi bilik və bacarıq tələb olunur. Eyni zamanda Aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir.Bu səbəbdənlərdən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış borc silinməlidir.
6. Məhkəmə öz «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin 2(003)-225/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 9482,68 (doqquz min dörd yüz səksən iki manat altımış səkkiz qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı barəsində 2022-ci ilin dekabr, 2023-cü ilin fevral və 2024-cü ilin fevral aylarında 3 akt tərtib olunmuşdur. Hər akt sayğacdankənar qoşulma ilə bağlıdır. Bununla bağlı fotoşəkilləri iddiaçı özü məhkəməyə təqdim etmişdir. Həmin aktlara əsasən cəmi 9.108,18 manat dəymiş ziyan hesablanmışdır, lakin orada iddiaçı debitor borcunu da əlavə etmiş və həmin borcu da sayğacdankənar qoşulma ilə bağlı dəymiş ziyan kimi qələmə vermişdir. Birinci instansiya məhkəməsi də iş üzrə kifayət qədər araşdırma aparmadan iddia ərizəsində qeyd olunanları əsas götürərək iddianı təmin etmişdir. İş üzrə 374,50 manat sərfiyyat borcudur, qalan 9.108,18 manat isə 3 akt üzrə hesablanmış dəymiş ziyanla bağlıdır. İddiaçı barəsində 2022-ci ildən etibarən 3 akt tərtib olunmuşdur. Sərfiyyat borcu 2021-ci ilin 8-ci ayından iddia qaldırılan tarixə qədər hesablanmışdır. Akt üzrə hesablanmış məbləğ 9.108,18 manatdır, məhkəmə isə 9.482,68 manat silmişdir, iddia tam təmin edilmişdir. Məhkəmə debitor borcunu da silmişdir. Aktlar üzrə 2022-ci ildə 3.958,74 manat, 2023-cü ildə 1.468,80 manat, 2024-cü ildə 3.680,64 manat borc hesablanmışdır, onların cəmi 9.108,18 manatdır.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, rəyin yekun hissəsinə əsasən debitor borc tərəfindən hesablanmış debitor borca nisbətdə daha az göstərir. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20.427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 21.433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 22.442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23.448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 24.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
25.1.3-cü və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 26.3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 27.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 28.4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 29.4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 30.6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
31.11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyatakeçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 32.13-cü maddəsinin 8-1-ci bəndinə (qüvvəyə mindiyi tarix 2022-ci il mayın 1-i) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
33.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
36. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə halları aşkar edilmiş, bu barədə tərəfindən ünvan 1 ünvanı üzrə aktlar tərtib edilmişdir.
37. Birinci instansiya məhkəməsi Cavabdeh İB-nin İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktı nəzərə alaraq, bu aktın həqiqiliyini şübhə altına salmış, iddiaçının abonent koduna hesablanmış 9.482,68 manat borcun silinməli olması qənaətinə gəlmişdir.
38. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna hesablanmış borcun yaranma əsaslarını araşdırmayan birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından onun bu cür yanaşması maddi və prosessual qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz.
39. Belə ki, məhkəmə kollegiyası iddiaçının **********10000 abonent hesabı üzrə mövcud borcun yaranması əsasları ilə əlaqədar müvafiq quruma, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə müracət etmişdir.
40. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavaba əsasən, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qazdan istifadəyə görə abonent İddiaçı 2022-2024-cü illər ərzində 3 aktla 9089,28 manat məbləğində əlavə borcun hesablanaraq onun abonent hesabına daxil edildiyi, bundan əlavə, iddiaçının qaz paylayıcısına 570,60 manat istehlak (sayğacdan keçən qazın dəyəri) olduğu, bu borcdan 293,30 manat ödənildiyi müəyyən edilmişdir.
41. Göründüyü kimi iddiaçıya məxsus abonent koduna ünvanda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə görə 3 akt əsasında, o cümlədən 30 dekabr 2022-ci il tarixli ******* saylı akta əsasən 3.939,84 manat, 28 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən 1.468,80 manat və 29 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən 3.680,64 manat məbləğində borc hesablanmışdır.
42. Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
43. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il mayın 1dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə syğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
44. Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə yaranır.
45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, istehlakçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız qazpaylayıcı müəssisəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktlar əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir.
47. Məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli olan halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri mümkün sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı qaz paylayıcısına vurulmuş zərər olaraq 3 akt əsasında hesablanmış borc ona məxsus **********10000 saylı abonent kodundan silinməlidir.
48. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı cavabdeh verdiyi izahat ilə qaz paylayıcısına vurulmuş zərər olaraq hesablanmış məbləğin – 2022-ci il üzrə 3.958,74 (18,90+3.939,84) manat, 2023-cü il üzrə 1.468,80 manat və 2024-cü il üzrə 3.680,64 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin verdiyi izahata əsasən silinməli olan borc məbləğinin 9.108,18 manat təşkil etdiyi qənaətinə gəlir.
49. Hazrkı iş üzrə müəyyən edilmiş digər hallardan da görünür ki, iddiaçının silinməsini tələb etdiyi məbləğin qalan hissəsi onun sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi borcdur. Belə ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən cavabdeh təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, iddiaçı isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
50. İddiaçı cavabdehin alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılması ilə əlaqədar göstərdiyi xidmətlərdən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Belə olan halda iddiaçı yaşadığı evdə qazın verilməsi üzrə xidmətlərdən istifadəsi nəticəsində yaranmış borcun iddia ərizəsində istinad etdiyi əsaslarla silinməsini tələb edə bilməz.
51. Belə ki, cavabdeh tərəfindən müvafiq xidmətlərin göstərilməsi iddiaçı-istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir.
52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2225/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı məxsus **********10000 saylı abonent koduna hesablanmış 9.108,18 (doqquz min yüz səkkiz manat on səkkiz qəpik) manat məbləğində borc silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev