Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7964/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh2 Muxtar oğlunun iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2021-ci il tarixli “borc öhdəliyi haqqında” müqavilənin tələblərinin yerinə yetirilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması və Cavabdeh1 MTK-ya 18.03.2022-ci il tarixinə kimi Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m. olan 4 otaqlı mənzilinə dair hər hansı əməliyyatların aparılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda, iddia ərizəsinə iddianı təmin etmə tədbiri barədə ərizə əlavə edərək, iddianın təmin etmə tədbiri kimi Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17- də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m. olan 4 otaqlı mənzilinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim M.Bağırova, iş № 2(009)-1784/2021) ərizə qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m. olan 4 otaqlı mənzilinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh2 06.07.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 1adının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddianı hazırlarkən bir çox vacib məsələni məhkəmədən gizlətmişdir. Belə ki, İddiaçı hazırda Zərdab şəhəri, ünvan 2 ünvanda yaşamır. Faktiki olaraq Azərbaycan Respublikası 6 saylı X1 ağır və təkrar cinayətlər törətməklə təhlükəli residiv olaraq cəza çəkməkdə davam edir. O, iddiaçı ilə makler vasitəsilə razılaşdıqdan sonra əvvəlcə beh vermiş, daha sonra ödəniş etmişdir. Sonradan ona məlum olmuşdur ki, iddiaçı Mahir adlı mühasib ilə əlbir olaraq insanların etibarını qazanmaqla külli miqdarda əmlak ələ keçirmək, talamaq məqsədilə onları aldadaraq etibarını qazanaraq bütün əmlaklarını ələ keçirmişlər. İddiaçı dövlətdən qaçıb gizləndiyi kimi ondan da qaçmışdır. Ona məlum olmuşdur ki, iddiaçı 6 saylı cəzaçəkmə müəssisəsində cəzasını davam edir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7964/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7964/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver