Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7969/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4188/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin 2(001)-153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Şirkətinin Cavabdeh qarşı «şirkətin ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və sair» tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən cavabdehin (nümayəndəsi və vəkili Vəkilla birgə) verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti cavabdeh tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçı şikayətində məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, hansı maddi hüquq normalarının pozulduğunu, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalara uyğun tərtib etməmiş, 6-cı qrafada hansı maddi hüquq normalarının pozulduğunu və bunun nədə ifadə olunduğunu göstərməmiş, həmin qrafada prosessual hüquq normalarını sadalamış, 9,10,11-ci qrafalarda isə göstərilməli olanları isə “işin halları” qrafasında qeyd etmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4188/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7969/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7969/2022
25.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver