Məhkəmə qərarları › İş №2(103)-797/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-797/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-797/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(008)-4365/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 22 may 2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh2 1 saylı əlavədə göstərilmiş məhsulu nisyə satılaraq verməyi, alıcı əmlakın dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.

2. 22 may 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 22 may 2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz öhdəsinə götürmüşdür.

3. "xxxx" MMC tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, 22 may 2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh2 "xxxx" MMCdən “Honor” markalı mobil telefon üçün ödənilməmiş əsas borcu 538,4 manat, cərimə borcu 80,7 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 619,1 manat təşkil edir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində məhkəmə iddiası qaldırılacağı barədə xəbərdar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 may 2023-cü il tarixli 01419725 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 17 aprel 2024-cü il tarixə yaranmış 538,4 manat əsas, 80,7 manat cərimə borcu olmaqla, cəmi 619,1 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia işin yuxarıda göstərilən halları ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla, cəmi 749,99 manat ödəməyi öhdəsinə götürsə də müqavilənin şərtlərini pozaraq borcu qaytarmamışdır.

7. Cavabdehlərin etirazının əsasını o təşkil etmişdir ki, tərəflər arasında olan razılaşmaya görə iddiaçı onlardan pulu hər ayın 22-si yox, daha sonra almalı idi. Çünki o, pensiyasının hər ayın 30-u alır. Amma buna baxmayaraq, iddiaçı bu razılaşmaya əməl etmədən həmin pulu hər ayın 22- də tələb edib və yalançı borc yaranıb. Kreditlə alınan mallar İddiaçı MMC tərəfindən onlara gətiriləndə şifahi olaraq bildirmişlər ki, pulu hər ayın 30-u ödəyə bilərlər. Sonradan telefon vasitəsilə təkrarən onlara bildirilmişdir ki, məsələ həll olunacaq.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e- 2(008)-4365/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

9. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 22 may 2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda zamin Cavabdeh1 da borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər nisyə alqı-satqı və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə cavabdehin etirazında göstərdiyi dəlilə münasibətdə qeyd etmişdir ki, nə qədər ki, tərəflər arasında yazılı müqavilə var, onların münasibətləri həmin müqavilə əsasında tənzimlənir. İddiaçının nümayəndələrinin şifahi olaraq hər hansısa vəd verməsi hazırda iddia ərizəsinin təmin olunmamasına əsas verə bilməz. Çünki Cavabdeh2 müqaviləyə əlavə olunmuş ödəniş qrafikində ödənişlərin hər ayın 22-si tarixində həyata keçirilməsinə dair razılıq bildirərək, aylıq ödənişləri razılaşdırdıqları vaxt həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 470, 472, 600, 601-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətlərinin dəlillərinə görə onlar tərəfindən istehlakçıya dəymiş maddi və mənəvi ziyanın bizə ödənilməsi və digər tələblərə dair iddia ərizəsi məhkəməyə təqdim olunsa da, əsassız olaraq geri qaytarılmışdır. İddiaçı MMC-nin sürücüsü Coşqun Paşazadə xx.xx.2023-cü il tarixdə həmin telefon cihazını onların evinin qarşısına gətirmişdir. Lakin, kredit müqaviləsi 30-xx.xx.2023-cü il tarixə yazılmadığı üçün onlar telefon cihazını qəbul etməmiş, kredit və zaminlik müqaviləsində 30-xx.xx.2023-cü ili tarixi yazılmasını xahiş etmişlər. İddiaçı MMC-nin sürücüsü Coşqun Paşazadə xx.xx.2023-cü il tarixdə həmin telefon cihazını bizim evimizə yenidən gətirib, 3 manat Şirkət üçün, 1 manat özü üçün, cəmi 4 manat çatdırma haqqı ödəməyi tələb edərək, həmin telefon cihazını, xx.xx.2023-cü il tarixli Mədaxil qəbzini, ödəniş cədvəlini və Zəmanət talonunu onlara versə də kredit və zaminlik müqaviləsini verməyib, İddiaçı MMCnin rəhbərliyinin tövsiyyəsini bildirərək deyib ki, iyun ayının 22-də ödənilməli 50 manat kredit pulunu 30-xx.xx.2023-cü il tarixdə ödəsəniz, ilkin ödəniş tarixi sistemə 30-31 tarixi düşəcək və buna görə hər ayın sonunda 50 manat kredit pulunu ödəyəcəksiniz. Onlar razılaşaraq telefon cihazını almış, iyun ayının 22-də ödənilməli 50 manat kredit pulunu 31.05. 2023-cü il tarixdə ödəmiş, iyul, avqust, sentyabr və oktyabr aylarının kredit pulunu 30.-07-08-09-10. 2023-cü il tarixlərdə, cəmi 250 manat pulu tam ödəmişlər, borcuları qalmasa da, 5 aylıq 250 manat pulun ƏDV qəbzini ala bilməmişlər, əksinə onlardan qanunsuz cərimə pulu tələb edirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. Apellyasiya şikayətinin dəlillərini əsasən apellyatorlar tərəfindən istehlakçıya dəymiş maddi və mənəvi ziyanın bizə ödənilməsi və digər tələblərə dair iddia ərizəsi məhkəməyə təqdim olunsa da, həmin iddia ərizəsinin əsassız olaraq geri qaytarılması və bu iddia ərizəsində göstərilən xüsusatlar təşkil edir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı qərardad mövcud olduğundan bu dəlillər apellyasiya araşdırmasının predmetini təşkil edə bilməz.

20. Şikayətin digər dəlilləri ondan ibarətdir ki, cavabdehlər müqaviləni bağlayarkən onların şərti ödənişin hər ayın 30-31-də aparılması barədə olub və bununla bağlı şifahi razılaşma əldə edilməsinə və bu tarixlərdə ödəmə aparılmasına baxmayaraq onlara cərimə hesablanmışdır. Lakin iş materiallarında olan və Cavabdeh2 özü tərəfindən imzalanmış ödəniş cədvəlindən görünür ki, ödənişlərin aparılması hər ayın 22-də nəzərdə tutulmuş və cavabdeh də müqaviləni və ödəniş cədvəlini imzamaqla bununla razılaşmışdır.

21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(008)- 4365/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2(008)- 4365/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar