Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7973/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X4 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış SZN000053 nömrəli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən X1 Şahlar Ramazan oğluna 12 ay müddətinə, hər ay 291 manat ödəmək şərti ilə, dəyəri 3492 manat olan “750 əyyarlı qızıl qarnitur”u satmışdır. Həmin Müqavilənin 2.4.4-cü bəndinə əsasən Alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən 1 ədəd qiyməti 3492 manat olan olan “750 əyyarlı qızıl qarnitur” Cavabdeh təhvil verilmişdir. 04.2021-ci il tarixli tələbin güzəşti barədə R758/21 №-li Faktorinq müqaviləsinə və həmin Müqaviləyə əlavə olunan xx.xx.2021-ci il tarixli Sazişə əsasən X2 Cavabdeh qarşı xx.xx.2021-ci il tarixdə bağlanmış SZN000053 nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı QSC-yə 1737 manat əsas borcu və 260,55 manat cərimə borcu olmaqla, cəmi 1997,55 manat borcu vardır. «İddiaçı MMC -nin hazırkı adı İddiaçı QSC-dir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli, SZN000053 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1737 manat əsas, 260,55 manat cərimə borcu, 39,98 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, X4 ilə Cavabdeh arasında bağlanmış SZN000053 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3492 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə12 ay müddətində, ayda 291 manat ödəməyi öhdəsinə götürüb. "xxxx" MMC ilə fiziki şəxs X4 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X2 Cavabdeh qarşı olan 3492 manat məbləğindəki tələb hüququ "Ferrum Kapital” MMC-yə keçmişdir. "Ferrum Kapital” MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Eyni zamanda tələb hüququnun "Ferrum Kapital” MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Cavabdehin bugünə 1737 manat əsas borcu, 260,55 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-5844/22) iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2021-ci il tarixli SZN000053 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1737 manat əsas, 100 manat cərimə, 36 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 1873,4 manat borcun tutularaq, iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hisssədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 450.1, 462.1, 465.2, 600.2, 601.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci yanvarın sonundan əmək qabiliyyətimi itirməyinə və əmək haqqının 60% qədərini almağına baxmayaraq, yaranmış belə çətin və ağır durumda bacardığı qədər, yəni imkan daxilində yanvardan etibarən bir neçə dəfə ödənişlər edib. Ödənişləri tam həcmdə və vaxtlı-vaxtında ödəməməyi üçün üzürlü səbəbləri olub. xx.xx.2022-ci il tarixindən bugünədək işsizdir və ödəniş etmək üçün heç bir imkanı yoxdur. Himayəsində işləməyən həyat yoldaşı və iki azyaşlı uşaq var.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.
15. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
16. Maddə 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
17. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
19. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Apellyasiyya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün deyil, icra mərhələsində qətnamənin hissə-hissə icra olunması barədə ərizənin verilməsi üçün əsas ola bilər. Bundan əlavə, apellyasiya şikayətinin dəlillərindən də görünür ki, apellyator borcun mövcudluğunu, habelə qətnamə ilə müəyyən edilmiş məbləği mübahisələndirmir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.