Məhkəmə qərarları › İş №2(103)-7976/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7976/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7976/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2021-ci il il tarixli, 2(011)-1109/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ümumilikdə 54.000 (əlli dörd min) ABŞ dolları və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə avtomaşın almaq istəmişdir. Bu barədə dostlarına və tanışlarına bildirib məsləhətlər almışdır. Çoxdan tanıdığı, bəzi işgüzar münasibətləri olduğu qonşusu Cavabdeh söhbət əsnasında avtomaşın almaq istədiyini soruşub hansı maşının yaxşı olub-olmaması barədə bəzi məsləhətlər vermişdir. Bir neçə gün sonra Cavabdeh bildirmişdir ki, o və şirkəti hər cür bizneslə məşğul olur, o cümlədən xaricdən sifarişlə avtomaşın alıb gətirib yerində sifarişçinin adına keçirirlər. O, hər gün işə gedirdi və bilirdi ki, taxta işi ilə məşğul olurlar. İddiaçı ona bildirmişdir ki, onun bildiyinə görə taxta işi ilə məşğul olurlar. Cavabdeh bildirmişdir ki, onların xariclə əlaqəsi var və orada nümayəndələri var. Avtomaşın və digər şeylər də gətirirlər. Nəhayət, iddiaçı Cavabdeh çoxdan tanıdığı qonşusu olduğunu, kənardan bəzi iş birlikləri olduğunu nəzərə alıb iddiaçı üçün 26.000 ABŞ dolları dəyərində 2019-cu il buraxışlı Toyota RAV4 2.0L markalı avtomobilin onun tərəfindən xaricdən alınıb gətirilməsinə razılaşmışdır. Bunun üçün aralarında 15.03.2019-cu il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh ilə 26.000 ABŞ dolları dəyərində 2019-cu il buraxışlı Toyota RAV4. 2.0L markalı avtmobili xaricdən gətirib onun adına sənədləşdirəcəyi barədə razılaşmışlar. Müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə cavabdehlik daşıyaraq öhdəsinə götürmüşdür ki, 26.000 ABŞ dolları məbləği İddiaçı aldıqdan sonra getdiyi yerdə başqa işləri də olduğu üçün 3 ay müddətinə göstərilən tipli və markalı avtomaşını xaricdən gətirib İddiaçı adına sənədləşdirəcək. Avtomaşın təhvil-təslim edilərkən İddiaçı Cavabdeh 2000 ABŞ dolları ödəyəcək. Müqaviləyə əsasən Cavabdeh hər hansı maliyyə və ya digər problemi olarsa, həmin avtomaşını və ya ödənilmiş 26.000 dolları və hər gecikmiş ay üçün 5 faiz üstünə gəlməklə ödəyəcək. Müqavilənin bəndlərinə əsasən pulu alan tərəf AR Cinayət Məcəlləsinin 178-ci maddəsinin 178.1, 178.2.3, 178.2.4-cü maddələrinə əsasən cavabdehliyini dərk etdiyini və qəbul etdiyini bildirir. Həmin müqaviləyə əsasən müqavilə imzalanan gün Cavabdeh İddiaçı 26.000 ABŞ dolları aldığını imzası ilə təsdiq etmişdir. Cavabdeh tərəfindən müqavilədə göstərilən 26.000 ABŞ dolları məbləğ alındıqdan bir müddət keçdikdən sonra məlum olmuşdur ki, Cavabdeh heç vaxt avtomaşın alveri ilə məşğul olmamış, iddiaçını aldatmaqla pulunu mənimsəmişdir. İddiaçı pulu ondan tələb edəndə bildirmişdir ki, həmin pulla Qazaxıstandan arpa alıb İrana göndərmişdir. İranlılar da pulu vermir. Uzun müddətdir ki, Cavabdeh pulu tələb etsə də o, ya gizlənir, ya da telefona cavab verməməklə yayınır. Artıq müqavilənin şərtlərinə əsasən 3 ay icra müddəti bitdiyindən və icra müddətindən 22 ay (bir il 10 ay) keçməsinə baxmayaraq, Cavabdeh müqavilə şərtlərinə uyğun hərəkət etmir və gizlənərək pulu geri qaytarmır. Cavabdeh etibardan sui-istifadə edərək onu aldadıb pulunu ələ keçirməklə ona qarşı dələduzluq etməklə ona böyük maddi ziyan vurmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(011)-1109/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 26.000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və ödənilmiş dövlət rüsumuna görə 30 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması, mübahisənin faktiki hallarına istinad edilməməsi və yanlışlığa yol verilməsi ilə və digər əsassız hallarla çıxarılmışdır, iddiaçı tərəfindən aldadılaraq imzaladığı 15.03.2019-cu il tarixli müqaviləni mahiyyəti və məzmunu ondan gizlədilmişdir. Belə ki, o, iddiaçıdan sələmə 26.000 ABŞ dolları götürmüş, bir xeyli müddət hər ay iddiaçıya 1200 ABŞ dolları faiz ödəmişdir. Bunları nəzərə almaq istəməyən iddiaçı daha sonra ona özündən 26.000 ABŞ dolları borc almasına dair borc müqaviləsi bağlatmış və həmin pulu tam şəkildə ödəməsini tələb etməyə başlamış, bununla bağlı iddiaçının təşəbbüsü ilə aralarında məhkəmə işi olmuşdur. Xətai rayon məhkəməsinin 26.08.2019-cu il tarixli 2(011)-6229/2019-007 nömrəli icra sənədi üzrə tərəfindən iddiaçıya 26.000 ABŞ dolları məbləğində vəsait ödənilmiş və 31.08.2020-ci il tarixdə icra sənədinə xitam verilmişdir. Hələ 15.03.2019-cu il tarixdə iddiaçı ilə onun arasında 26.000 ABŞ dolları məbləğində pul vəsaitinə görə mübahisə gedirdi və bununla bağlı aralarında məhkəmə işi başlanmışdı. Belə alınır ki, o, iddiaçıya 26.000 ABŞ dolları borclu olduğu və həmin borcla bağlı aralarında mübahisə getdiyi bir vaxtda iddiaçı özü üçün avtomaşın alıb gətirzdirməsi üçün ona daha bir 26.000 ABŞ dolları vermiş olur. 15.03.2019-cu il deyilən bir tarixdə iddiaçı şəhərin «20 Yanvar» metrostansiyası yaxınlığında onu avtomaşına dəvət etmiş, əlində bir kağız parçası göstərmiş, bu sənədin onun özünə əvvəldən borclu olduğu 26.000 ABŞ dolları ilə bağlı olduğunu bildirmiş, bu 26.000 ABŞ dollarını verə bilməyəcəyi təqdirdə, ona avtomaşın verməli olacağını bildirərək həmin sənədə imza etdirmişdir. Orta məktəbi kirill qrafikalı Azərbaycan əlifbası ilə bitirməsi, sonradan təhsilini davam etdirməməsi, bir müddət Rusiya Federasiyasında olması, latın qrafikası ilə yazıb-oxumağı bacarmaması səbəbindən iddiaçı tərəfindən ona imza etdirilmiş kağızın məzmunundan tam məlumatsız olmuş, müqavilə deyilən bu sənədə kirill qrafikası ilə ad-familiyasını qeyd edərək imza etmmişdir. Bu kimi hallar nəzər alınaraq iddiaçı tərəfindən təqdim edilmiş 15.03.2019-cu il tarixli müqavilənin işin faktiki halları ilə uyğun gəlmədiyi, iddiaçı tərəfindən aldadılaraq həmin müqaviləni imzalaması kimi faktlar bir daha tərəfindən qabardılmış və bu səbəbdən həmin sənədin hazırkı iş üzrə sübut növü kimin qəbul edilə bilməzliyində israrlı olmuş və hazırda da bu qənaətdədir. Digər tərəfdən o, əgər 15.03.2019-cu il tarixdə iddiaçıdan həqiqətən əlavə 26.000 ABŞ dolları məbləğində vəsait almış olsa idi, iddiaçı bu məsələni hüquqmühafizə orqanlarına etdiyi ilkin şikayətlərində, həmçinin məhkəməyə birinci mülki iş üzrə vermiş olduğu ilkin iddia ərizəsində mütləq surətdə göstərməli idi. Bundan başqa, tərəfindən internet resurslarında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 2019-cu il buraxlışılı Toyota RAV4, 2.0L markalı avtomaşının bazar satış qiyməti 26.000-28.000 dolları təşkil edir. Bakı şəhərində bu avtomaşının satış qiyməti 26.000-28.000 ABŞ dolları təşkil etdiyi halda, iddiaçının həmin qiymətə xarici ölkədən avtomaşın gətirmək üçün ona həmin məbləği vermiş olması heç də inandırıcı görünmür. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, izahatında göstərmişdir ki, o, iddiaçı ilə yaxın münasibətdə olmuş, hətta onun evinə gəlib-getmişdir. Aralarında inam-etibar olmuşdur. O, iddiaçıya həqiqətən də iddiaçıdan sələmə götürdüyü pulla bağlı ona 26.000 ABŞ dolları borclu olmuş, biznesləri zəiflədiyi üçün onun pulunu ödəməkdə çətinlik çəkmişdir. Bundan sonra aralarında narazılıqlar olmuş, iddiaçı onun barəsində müxtəlif orqanlara şikayətlər etmişdir. Lakin o, heç vaxt borcunun olmasından imtina etməmiş, bunu iddiaçının özünə də bildirmişdir. İddiaçı Bakı şəhəri Xətai rayon məhkəməsində ona qarşı 26.000 ABŞ dolları tələbinə dair iddia irəli sürdükdə də o, iddianı etiraf etmiş, həmin qətnamədən şikayət verməmiş, qətnamə qüvvəyə mindikdən sonra isə onu icra edərək borcunu tam olaraq ödəmişdir. Məhz bu səbəbdən də o, iddiaçı ilə həmin məhkəmə çəkişməsindən bir neçə ay əvvəl görüşüb borcunu müzakirə edərkən iddiaçının ona 26.000 ABŞ dolları borcla bağlı hazırlayıb gətirdiyi kağıza ona inanaraq imza etmişdir. Əslində isə həmin vaxt o, iddiaçıdan ümumiyətlə pul almamışdır. O, heç vaxt avtomobil alqı-satqısı ilə məşğul olmamış, xaricdən avtomobil alıb gətirməmişdir. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında imzalanmış 15.03.2019-cu il tarixli Müqaviləyə əsasən: Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15 mənzil 46-da yaşayan İddiaçı, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15 mənzil 57-də yaşayan Cavabdeh Əiövsət oğlu ilə razılığa gəlir ki, Cavabdeh 26.000 (iyirmi altı min) dollar məbləğində Toyota RAV4 2.0 L 2019-cu il buraxılışlı avtomobili xaricdən alıb gətirib Bakı şəhərində İddiaçı təhvil verir. - Cavabdeh müqavilə üzrə cavabdehlik daşıyaraq öhdəliyə göturür ki, 26.000 dollar məbləği İddiaçı aldıqdan sonra 3 ay müddətinə göstərilən tipli, markalı maşını xaricdən gətirib X1 adına sənədləşdirəcək. - Maşın təhvil-təslim edilərkən İddiaçı Cavabdeh 2000 (iki min) dollar ödəyəcək. - Cavabdeh müqavilə üzrə hər hansı maliyyə və ya digər problemi olarsa, həmin maşını və ya ödənilmiş 26.000 dolları və hər gecikmiş ay üçün 5 faiz üstünə gəlməklə ödəyəcək. - Pulu alan tərəf Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin 178.1, 178.2.1, 178.2.3, 178.2.4-cü maddələrinin cavabdehliyini dərk edir və qəbul edir. - Müqavilə yerinə yetirildikdən sonra müqaviləyə xitam verilməsi barədə tərəflərin iştirakı ilə akt tərtib edilir. İş materiallarında surəti olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2(011)-6229/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə verilən borcun qaytarılması” tələbinə dair iddiası təmin edilərək, 26000 dollar məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2(011)-6229/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı 20.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc olaraq aldığı 31.740 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra, iddiada göstərilən 30.000 ABŞ dollarından cavabdehin ona 4000 dollar qaytardığı və hal-hazırda 26.000 ABŞ dolları əsas borcu qaldığı üçün cavabdehdən 26.000 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2(011)-6229/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, 03.09.2015-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 30.000 ABŞ dolları məbləğində borc vermiş, sonuncu krediti 03.09.2016-cı il tarixində qaytarmağı öhdəsinə götürmüş, lakin borcunu tam şəkildə ödəməmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilərkən müəyyən edilmişdir ki, iddiaçı 03.09.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 03.09.2016-cı il tarixdə qaytarması şərti ilə 30.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh həmin borcun 4.000 ABŞ dollarını qaytarsa da, borcun 26.000 dollarını qaytarmamışdır. İddiaçı 20.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun cavabdehdən özünün xeyrinə tutulmasını tələb etmiş və iddia təmin edilmişdir. İddiaçı cavabdehlə aralarında cavabdehin onun üçün 26.000 ABŞ dolları dəyərində 2019-cu il buraxışlı Toyota RAV4 2.0L markalı avtomobilin xaricdən alınıb gətirilməsi barədə razılaşma olduğunu, bunun üçün aralarında 15.03.2019-cu il tarixli müqavilənin imzalandığını iddia etsə də, 20.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən üç ay müddətinə bağlanmış və qüvvədə olma müddəti 15.06.2019-cu il tarixdə bitmiş 15.03.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini icra etməmiş cavabdehə qarşı tələb irəli sürməməsini əsaslandıra bilməmişdir. Cavabdeh kirill qrafikalı Azərbaycan əlifbası ilə təhsil almasını, sonradan təhsilini davam etdirməməsini, bir müddət Rusiya Federasiyasında olmasını, latın qrafikası ilə yazıb-oxumağı bacarmaması səbəbindən iddiaçı tərəfindən ona imza etdirilmiş kağızın məzmunundan tam məlumatsız olmasını, iddiaçı tərəfindən aldadılaraq imzaladığı 15.03.2019-cu il tarixli müqavilənin mahiyyəti və məzmununun ondan gizlədildiyini, iddiaçıdan sələmə 26.000 ABŞ dolları götürməsini, iddiaçıya 26.000 ABŞ dolları borclu olduğu və həmin borcla bağlı aralarında mübahisə getdiyi bir vaxtda iddiaçının özü üçün avtomaşın alıb gətirtməsi üçün ona daha bir 26.000 ABŞ dolları verməməsini, 15.03.2019cu il tarixdə iddiaçının bir kağız parçası göstərib bu sənədin onun özünə əvvəldən borclu olduğu 26.000 ABŞ dolları ilə bağlı olduğunu bildirməsini, bu 26.000 ABŞ dollarını verə bilməyəcəyi təqdirdə ona avtomaşın verməli olacağını bildirərək həmin sənədə imza etdirməsini göstərir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Tərəflər mübahisələndirmirlər ki, onlar arasında 2015-ci ildə bağlanmış borc müqaviləsinə görə cavabdehin iddiaçıya 26.000 ABŞ dolları borcu olmuşdur. Həmçinin, müəyyən edilir ki, hazırkı iddia tələbinin əsası kimi iddiaçının istinad etdiyi 15 mart 2019-cu il tarixli müqavilənin qüvvədə olduğu 3 aylıq müddət tamam olduqdan cəmi 5 gün sonra iddiaçı Bakı şəhəri Xətai rayon məhkəməsinə 26.000 ABŞ dolları borc tələbinə dair iddia ilə müraciət etmiş, həmin iş üzrə Cavabdeh borcu məhkəmə iclasında etiraf etmiş və həmin qətnamə onun tərəfindən icra edilərək 26.000 ABŞ dolları İddiaçı ödənmişdir. İddiaçı Müsaddiq Cahangirov həmin borc müqaviləsi ilə hazırkı işdə tələbinin əsası kimi istinad etdiyi müqavilənin bir-biri ilə əlaqəli olmadığını, borc məbləğlərinin eyni olmasının təsadüf olduğunu bildirir. Cavabdeh isə buna etiraz edərək onun 15 mart 2019-cu ildə iddiaçıdan pul almadığını, yalnız əvvəl mövcud olmuş 26.000 ABŞ dolları borcun qaytarılması ilə bağlı onların arasında söhbət olduğunu və həmin borc məbləğinin etirafı etmək məqsədi ilə müqaviləni imzaladığını bildirir. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi 15 mart 2019-cu il tarixli müqavilə bağlanarkən cavabdehin ona 03.09.2015-ci il tarixli borc müqaviləsi üzrə 26.000 ABŞ dolları borcunun olmasını, borc müddəti başa çatmasından 2 il 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, borcu qaytarmadığını və bununla bağlı aralarında narazılıq olmasını nəzər alaraq, həmin vəziyyətdə iddiaçının cavabdehə yenidən 26.000 ABŞ dolları pul verməsini ağlabatan saymır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında uzun müddət tanışlıq münasibətlərinin olduğu halda, cavabdehin avtomobil alveri ilə məşğul olduğunu bildirərək onu aldatması barədə dediklərini də ağlabatan hesab etmir. Bununla yanaşı, 15 mart 2019-cu il tarixli müqavilənin cəmi üç ay müddətinə bağlandığını və həmin müqavilənin qüvvədə olma müddəti bitdikdən cəmi 5 gün sonra iddiaçı tərəfindən cavabdehə qarşı müqavilədə göstərilən məbləğdə borcun qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılmasını nəzərə alaraq, məhkəmə kollegiyası tərəflər arasında həmin müqavilə üzrə pul verilmədiyi, yalnız 03.09.2015-ci il tarixli müqavilə üzrə qalıq borcla bağlı razılaşma olduğu və iddiaçı tərəfindən tərtib edilmiş sənədi məhz bu borcla bağlı olduğuna inanaraq imzaladığı barədə cavabdehin dəlillərini işin həqiqi hallarına uyğun hesab edir. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilir ki, cavabdehin 26.000 ABŞ dolları müqabilində 3 ay müddətinə xaricdən avtomobil gətirib iddiaçının adına sənədləşdirməyə dair iradə ifadəsi olmamış, 15.03.2019-cu il tarixli müqaviləni, 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc barədə olmasına inanaraq imzalamış və bu müqavilə üzrə ona pul verilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının dəlillərinin işin hallarına uyğun olması halında belə tərəflər arasındakı müqavilə əhəmiyyətsiz olmuşdur. Belə ki, iddiaçıya görə, müqavilədə nəzərdə tutulanlara əsasən cavabdeh 26.000 dollar məbləği aldıqdan sonra 3 ay müddətinə göstərilən tipli, markalı maşını xaricdən gətirib onun adına sənədləşdirməli idi. Bu hal isə cavabdehin müqavilədə göstərilən avtomobili gətirərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsini ehtiva etməklə, hazırkı müqavilə ilə tərəflərin gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürdüklərini təsdiq etmiş olur ki, belə olan halda da ilkin müqavilə etibarlı olması üçün onun notariat qaydasında təsdiq edilməsi zəruri idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına uyğun olmadığından apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2021-ci il il tarixli, 2(011)-1109/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar