Məhkəmə qərarları › İş №2(103)-798/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-798/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-798/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının vəkili X7, Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, “xxxx” MMC- yə və Bakı şəhəri Cavabdeh3nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə, “xxxx” MMC-yə və Bakı şəhəri Cavabdeh3nə qarşı qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsini Cavabdeh1 ASC -nin mülkiyyətinə verilməsi ilə əlaqədar “xxxx” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.02.2009-cu il tarixli 2(005)-228/2009 saylı icra sənədinə əsasən cavabdeh İddiaçı 01.05.2007-ci il tarixli, 707 saylı kredit müqaviləsinə əsasən yaranmış 50.000 (əlli min) manat məbləğində borcun Cavabdeh1 ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi icra olunması üçün Bakı şəhəri Cavabdeh3nə göndərilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə 06.03.2009-cu il tarixdə 6227 manat, 21.04.2009-cu il tarixdə 5000 manat, 01.06.2009- cu il tarixdə 5000 manat, 19.08.2009-cu il tarixdə 10.000 manat və 30.12.2009-cu il tarixdə 10.000 manat cəmi 36227 manat pul ödənilmişdir. İddiaçı Cavabdeh1 ASC-yə 13.773 manat borcu qalmışdır. Borcun ödənilməsi Cavabdeh1 ASC-nin təqdim etdiyi 23.09.2013-cü il tarixli məktubunda öz əksini tapır. Lakin həmin məktubda əsassız olaraq İddiaçı Banka 13773 manat deyil, 36947 manat borcun qaldığı göstərilmişdir. Daha sonra icra məmuru qalan borcun ödənilməsini təmin etmək məqsədi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin 1/4 hissəsinə yönəldilməsi barədə təqdimatla müraciət etmiş və həmin təqdimat təmin edilmişdir. Daha sonra həmin əmlak “xxxx” MMC tərəfindən 60.000 manat dəyərində qiymətləndirilmişdir. Halbu ki, həmin əmlakın dəyəri göstərilən məbləğdən 3-4 dəfə artıqdır. Daha sonra, icra məmuru tərəfindən 12.09.2018-ci il tarixdə hərracın keçirilməsi barədə sifariş məktubu göndərilmişdir. Həmin məktubda hansı məbləqdə borcun qalması barədə məlumat göstərilməmişdir. “xxxx” MMC tərəfindən 2 dəfə 29.10.2018-ci il və 03.12.2018-ci il tarixlərdə hərrac keçirilmiş və hər ikisidə baş tutmamışdır. Həmin hərracların keçirilməsi barədə ümumiyyətlə xəbəri olmamışdır. Bundan sonra, 28.12.2018-ci il tarixdə əmlakı Cavabdeh1 ASC-yə borcu 13773 manat olduğu halda, 36947 manat qismində Bankın mülkiyyətinə keçirilmişdir. Cavabdeh3 İcra məmuru əmlakını tələbkarın xeyrinə dəyərindən qat-qat aşağı qiymətə qiymətləndirmə şirkətində sifariş əsasında qiymətləndirmiş, “xxxx” MMC isə əmlakı tələbkarla əlbir olaraq hərrac keçirərək, faktiki olaraq tələbkarın tələb etdiyi pulun dəyərindən aşağı qiymətə formal olaraq hərrac keçirərək Cavabdeh1 ASC-nin adına sənədləşdirilmişdir. Hərraclar keçirilərkən KİV-də verilməli olan elanlar və tərəflərə verilməli olan bildirişlərlə bağlı normalar da kobud şəkildə pozulmuşdur. İşin hallarından açıq-aşkar görünür ki, hazırkı hərrac prosesi qanunla müəyyən edilmiş qaydada hər hansı borcun ödənilməsinə deyil, başqa şəxsin əmlakının hərrac adı altında qanunsuz yollarla ələ keçirilməsinə yönəlmişdir.Eyni zamanda icra və probasiya şöbəsi əmlakın açıq hərradan satışı ilə bağlı “xxxx” MMC-yə hərrac sifarişi verməzdən əvvəl qanunvericiliyin tələblərinə müvafiq olaraq ipoteka qoyan qismində onun əmlakının məhz həmin hərrac təşkilatında satışa çıxarılması ilə bağlı razılığını və ya mövqeyini müəyyən etməyə cəhd göstərməmiş, hərrac sifarişi verilərkən əmlakın hərracdan satışı ilə bağlı ipoteka saxlayanın və ipoteka qoyanın seçimini öyrənməyə və bununla bağlı qarşılıqlı razılığa nail olmağa çalışmamış, hərrac sifarişi verməzdən əvvəl və sonra məlumatlandırılmamışdır. Göründüyü kimi hərracın təşkilatçısı ilkin hərracın baş tutması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanın ipoteka qoyulana müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə almaq ehtimalını nəzərə almadan, belə müqavilənin baş tutubtutmadığını aydınlaşdırmadan, bunun üçün tərəflərin mövqeyinin müəyyən edilməsi üçün onlara müvafiq bildiriş göndərmədən təkrar hərrac təyin etmiş və bununlada “İpoteka haqqında” Qanunun tələblərini pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında olan 165/F saylı 11.02.2020-ci il tarixli qiymətləndirmə rəyinə əlavə edilmiş foto şəkillərdən də aydın görünür ki, həmin ünvanda yaşayış üçün şərait ümumiyyətlə mövcud deyil. Bundan başqa, mülki iş materiallarında “xxxx” MMC tərəfindən İddiaçı göndərilmiş bildirişlərdə, “ünvan tam deyil” qeydi ilə hərracı təşkil edən quruma qaytarılmışdır. Göstərilənlərdən də, açıq aydın görünür ki, İddiaçı qeydiyyatda olan ünvanda yaşamamış və ümumiyyətlə ona hərracın keçirilməsi barədə bildirişlər təqdim edilməmişdir. İddiaçı mülkiyyətində olan daşımaz əmlakın və çıxarışda tam adı Bakı şəhəri, Nərimanov rayonu. Sabit Rəhimov küçəsi, ev 113 ¼ hissə kimi qeyd edilmişdir, yəni hərraca İddiaçı məxsus əmlakın ¼ hissəsi deyil, tam şəkildə çıxarılmışdır. Həmçinin, əmlakın dəyərini müəyyən etmək məqsədi ilə verilmiş qiymətləndirmə rəyində Bakı şəhəri, Nərimanov rayonu. Sabit Rəhimov küçəsi, ev 113 ¼ hissəsinin qiyməti 240.000 manat göstərilmişdir. Göstərilənlər, mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlak yanında DƏDRX tərəfindən verilmiş məktubda da öz əksini tapmışdır. Bundan başqa, hərracın sifarişində də, nöqsanlar mövcuddur, belə ki, İddiaçı Banka 13773 manat borcu olduğu halda, 36947 manat borcun qaldığı göstərilmişdir. Bundan başqa, məhkəmə əsassız olaraq helə hesab etmişdir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamışdır. Bildirmək istəyir ki, mülki qanunvericilikdə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi mövcuddur. “xxxx” MMC tərəfindən tərtib edilmiş 28 dekabr 2018-ci il tarixli, 65/02 nömrəli protokol isə hərracın nəticəsini təcəssüm edən sənəddir. Bundan başqa, əgər protokolun etibarsızlığı qanunvericilikdə nəzərdə tutulmamışdır, məhkəmə hansı əsaslarla iddia ərizəni icraata qəbul etmişdir və iddiadan MPM-nin 261.0.1-ci maddəsi əsasında imtina etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, hakim tərəfindən qanunvericilik normaları səhv təfsir edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinin dəillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2009-cu il tarixli 2(005)-228/2009 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qərardadından görünür ki, həmin mülki iş üzrə cavabdeh İddiaçı 01.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 50.000 manat borcun 20.08.2009-cu il tarixədək ödənilməsini öhdəsinə götürmüşdür. Həmin məbləğdən 7000 manat məbləğində borc hissəsi isə İddiaçı 10.03.2009-cu il tarixədək ödəməlidir. İş materiallarında olan 20 fevral 2009-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər 01.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 50.000 manat borcun 20.08.2009-cu il tarixədək iddiaçı “xxxx” ASC-yə cavabdeh İddiaçı tərəfindən ödənilməsi yerinə yetirilmədiyi təqdirdə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin 1/4 hissəsinin açıq hərraca çıxarılmasına dair tərəflər razılığa gəlmişlər. Nərimanov Rayon Məhkəməsinin 20.02.2009-cu il tarixli 2(005)- 228/2009 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 29.10.2018-ci il tarixdə saat 11:00-da, daha sonra 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə bildirişlər İddiaçı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “X13” MMC tərəfindən göndərilmişdir. “Birja yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən elanlar yerləşdirilmişdir. 01/2 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 29.10.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən olunmuşdur. 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə ilkin satış qiyməti 60000 (altmış min) manatdan 15% azaldılaraq 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. Hərracın yekunları barədə 65/02 nömrəli, 28.12.2018-ci il tarixli protokola əsasən, ipoteka predmeti İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə tələbkar 38250 manat qiymətlə onu əldə etmək hüququnu bildirmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı öz ünvanını ünvan 1şdir. Bu səbəbdən 29.10.2018-ci il tarixdə saat 11:00- da, daha sonra 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya göndərilmişdir. 20 fevral 2009cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər 01.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 50.000 manat borcun 20.08.2009-cu il tarixədək iddiaçı “xxxx” ASC-yə cavabdeh İddiaçı tərəfindən ödənilməsi yerinə yetirilmədiyi təqdirdə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin açıq hərraca çıxarılmasına dair tərəflər razılığa gəlmişlər. Göstərilən əsaslardan göründüyü kimi İddiaçı hərrac barədə məlumatlı olmuşdur. “Birja yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən elanlar yerləşdirilmişdir. 29.10.2018-ci il tarixdə saat 11:00- da keçiriləcək hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat, 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinə ilkin satış qiyməti 60000 (altmış min) manatdan 15% azaldılaraq 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir. Digər tərəfdən iddiaçı əmlakın dəyərinin qiymətləndirməsi barədə rəyin ləğv edilməsi tələbilə deyil, yalnız 65/02 saylı 28 dekabr 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur (269.5. maddə). Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun Həmin qanunun 28.12.2018-ci il tarixədək qüvvədə olan 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.” Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43- cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” MMC tərəfindən təyin edilmiş hərraclar barədə “Birjanews.az” qəzetində elanlar verilsə də, iş materiallarından göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin hərracının keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmamışdır. Göründüyü kimi, hərracın keçirilməsi barədə «xxxx» MMC tərəfindən iddiaçıya məlumat verilmədiyindən, hərracın keçirilməsi üçün əsaslar yaranmamışdır. Bundan başqa kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsindən görünür ki, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Kollegiya qeyd edir ki, hərrac mərkəzi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinə təqdim edilmiş “xxxx” MMC-nin 165/F saylı 11.02.2020-ci il tarixli ekspertiza qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ¼, X1 ¼, X6 ¼, X5 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin İddiaçı düşən hissəsinin ümumi sahəsi 64 kv.m və 0.014 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin 2018-ci ildən 2020-ci il fevral ayına bazar qiymətinin dəyəri 240.000 (iki yüz qırx min) manat dəyərləndirilmişdir. İşin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin ƏEM/A nömrəli, 12 aprel 2021-ci il tarixli ekspertiza qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin hazırki bazar dəyəri 180.000 manat, likvid dəyəri isə 171.000 manat təşkil edir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 113 saylı fərdi yaşayış evinin ¼ hissəsinin 60.000 manat müəyyən edilməsi, həmin əmlakın nə real bazar dəyərini, nə də likvid dəyərini əks etdirir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləinin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya qeyd edir ki, “xxxx” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolu əqd olmadığından, hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan qanunun anologiyasına müraciət edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri tədbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi qənaətinə gəlindiyindən məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMCdən tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, “xxxx” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolu etibarsız hesab edilməli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC- dən tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin İddia tələbi təmin edilsin. “xxxx” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolu etibarsız hesab edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC- dən tutularaq, “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar