Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-798/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 31 saylı notariat kontoruna və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, vəsiyyətnamə, mirasda məcburi pay, vərəsəlik şəhadətnaməsi, subyektiv hüquq, preyudisiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçının və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçının Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 31 saylı notariat kontoruna və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, həmin şahadətnamə əsasında aparılmış reyestr qeydinin və verilmiş çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X7 ilə X12 xx.xx.1934-cü il tarixdə nikaha daxil olmuş, nikahdan sonra qadına “Aslanova” soyadı verilmiş, onların nikahlarından 1936-cı ildə Tofiq, 1938-ci ildə Aslan, 1945-ci ildə Mədinə, 1947-ci ildə Elmirə, 1949-cu ildə Nizami adını verdikləri övladları dünyaya gəlmişdir.
2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet döngəsi 2 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi Bakı şəhər Sovetinin texniki İnventarlaşdırma bürosu tərəfindən 07 aprel 1983-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır.
3. X7 xx.xx.1983-cü il tarixdə tərtib etdiyi və notarial qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet döngəsi 2 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evini nəvələri Cavabdeh2, Cavabdeh1 və X6 bərabər hissələrdə olmaqla vəsiyyət etmişdir.
4. X7 28 may 1990-cı il tarixdə vəfat etmişdir.
5. 02 may 2003-cü il tarixdə X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet döngəsi 2 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinə dair vəsiyyət üzrə vərəsəlik işi açılmış, X9 və Cavabdeh1 öz vərəsəlik paylarından qardaşları Cavabdeh2 xeyrinə imtina etdiklərindən xx.xx.2003-cü il tarixdə sözügedən əmlakın ½ hissəsinə sonuncunun adına “Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi”, ½ hissəsinə isə X5 adına “Məcburi paya dair” şəhadətnamə verilmişdir.
6. X10 ünvan 3 ünvanında yerləşən 5 saylı evin məcburi pay şəklində ona qalmış ½ hissəsini xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır.
7. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet döngəsi 2 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2003-cü il tarixdə verdiyi qeydiyyat vəsiqəsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır.
8. X10 13 noyabr 2008-ci il tarixdə vəfat etmişdir.
9. İddiaçı X6, Cavabdeh1 və Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuşdur.
10. İddiaçı Cavabdeh2 qarşı “miras əmlakdan məcburi payın müəyyən edilməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 31 saylı notariat kontoruna və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 5 ünvanında yerləşən miras mülkə dair Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən Cavabdeh2 10 sentyabr 2003-cü il tarixdə verilməklə reyestrdə 2V-33 nömrə ilə təsdiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, atası X7 28 may 1990-cı il tarixdə, anası Aslanova (Qerxert) Alvina İvanovna 13 noyabr 2008-ci il tarixdə vəfat etmiş, anası ömrünün son günlərinə kimi ünvan 7, ev 5-də yaşamış, atası isə Mərdəkan qəsəbəsi, Pioner 9-da qeydiyyatda olmuşdur. Valideynlərinin nikahlarından beş övladları olmuş, Xəzər Rayon Məhkəməsində xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “mirasın qəbul edilməsi müddətinin bərpası” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Bundan sonra 31 saylı notariat ofisinə müraciət etmiş, notarius ona yazılı imtina məktubu verərək bildirmişdir ki, mübahisəli ünvan xx.xx.2003-cü ildə 2V-33 saylı reystrlə Cavabdeh2 vəsiyyət üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətmə əsasında özəlləşdirilmişdir, vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməlidir. Həmin vaxtdan məhkəmə qaydasında pozulmuş hüquqlarının bərpa olunması üçün çalışır. Bakı şəhəri 31 saylı notariat ofisinə atasından qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi döngə 2, ev 5-ə dair mirasın qəbul edilməsinə dair məhkəmə qətnaməsini təqdim edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə təqdim etmiş, notariat ofisi 21 aprel 2022-ci il tarixli “notariat hərəkətləri aparmaqdan imtina edilməsi haqqında” qərar qəbul etmiş, imtinaya səbəb kimi isə Cavabdeh2 verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında verilmiş şəhadətnaməni göstərmişdir. Cavabdeh2 vərəsələrin dairəsini notariusdan gizlədərək miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, daha sonra isə öz adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi döngə 2, ev 5-ə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Cavabdeh2, X9 və Cavabdeh1 qardaşdırlar, X1 Fuadın xeyrinə vərəsəlikdən imtina etmişdir, lakin Cavabdeh1 nədənsə öz xeyrinə imtina etmişdir. Əldə edilən sənədlərdən görünür ki, qardaşı oğlu Bakı şəhəri 31 saylı notariat ofisinə ərizə ilə müraciət edərkən mərhumun ondan başqa vərəsələrinin olmamasını bildirmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Pioner küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayır, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sovet küçəsi döngə 2, ev 5-də yalnız mərhum anası yaşayıb və qeydiyyatda olub. 1964-cü ildən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 100-1 -ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.
13. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı vərəsə kimi tanınmış və onun miras əmlakdan məcburi pay almaq hüququnun olduğu müəyyən edilməklə mirası qəbul etməsi müddəti bərpa olunmuşdur. Notariat işində iddiaçının adı olsa da, vərəsələr cərgəsində adı gizlədilmişdir.
14. Birinci instansiya məhkəməsində verdikləri izahatlarda cavabdehlər iddianın əsassız olduğunu bildirmişlər.
15. Məhkəmənin 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə görə, mirasdan məcburi pay almaq hüququ olan şəxslərin dairəsi miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar təsbit edilmişdir və iddiaçı qeyd edilən şəxslər dairəsinə aid olmamaqla iddia tələbi üzrə onun subyektiv hüququ mövcud deyildir.
17. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527-ci, 528-ci, 538-ci maddələrinə, Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarına istinad etmişdir.
18. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, qanuni qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almadığını, ətraflı əraşdırma aparmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
20. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.
21. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayətin əsassız olduğunu bildirmiş, işə baxılmasının vaxtı (yeri) barəsində məlumatlandırılmış digər cavabdehlərin nümayəndələri isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
01 sentyabr 2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
23. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
24. Maddə 538. Vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
37. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
39. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
40. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mərhum atasından miras qalmış və miras qoyan tərəfindən cavabdehlərə vəsiyyət olunmuş ünvan 7 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinə münasibətdə məcburi pay hüququ olsa da, notarius tərəfindən həmin əmlaka dair xx.xx.2003-cü il tarixdə vərəsəlik şəhadətnaməsi verilərkən müvafiq hüququ nəzərə alınmamış, beləliklə də hüquqları pozulmuşdur.
41. Qeyd olunmalıdır ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin) qanunla məhdudlaşdırılmasıdır.
42. Sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.
43. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
44. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.
45. X4 mirasının açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 538-ci maddəsində (§ 24) nəzərdə tutulurdu ki, vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqlarına (o cümlədən övladlığa götürülənlərə), habelə əmək qabiliyyəti olmayan ərə (arvada), valideynlərə (övladlığa götürənlərə) və ölənin himayəsində olanlara məxsusdur.
46. Yuxarıda qeyd olunduğu kimi (§ 10), iddiaçının ünvan 7 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinə münasibətdə məcburi pay hüququnun olmadığı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
47. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 28,32) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
48. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21 oktyabr 2019-cu il il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
49. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hal, onun tələbinin qanuni əsasının dispozisiya şərti ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri, tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2123/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə