Məhkəmə qərarları › İş №2(103)-7990/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7990/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7990/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Zaur Abıyevin, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması barədə” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin təmirinə və yaxşılaşdırılmasına sərf edilmiş xərclərin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 9 ünvanında yerləşən, sahəsi 67,4 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ilə bağlıdır (bundan sonra – sahə). İddiaçı sahənin mülkiyyətçisidir, o, sahəni cavabdehə icarəyə verib. Tələb və onun həlli: İşdə iki iddia var: iddiaçının ilk iddiası və cavabdehin qarşılıqlı iddiası. İlk iddiada tələb olunub ki, cavabeh sahədən çıxarılsın. Qarşılıqlı iddiada tələb olunub ki, sahənin yaxşılaşdırılmasına cavabdeh tərəfindən çəkilmiş xərcin əvəzi kimi 10.000 manat iddiçıdan alınaraq cavabdehə verilsin. Qətnamə ilə qət olunub ki, hər iki iddia rədd olunsun. Şikayət və izahatlar: Qətnamədən yalnız iddiaçı apelyasiya şikayəti verib. Apelyasiya şikayətində tələb olunub ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh və onun vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Qətnamənin yalnız ilk iddiaya aid hissəsi yoxlanılır. Belə ki, apelyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı qarşılıqlı iddianın rədd edilməsindən, yəni qətnamənin qarşılıqlı iddiaya aid hissəsindən narazı deyil. İlk iddiaya aid hissədə qətnamə ləğv edilməli və ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk iddianın əsası ondan ibarətdir ki, cavabdeh xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqını ödəməkdən imtina edib. Həmin müqaviləyə (iş v. 6) görə cavabdeh hər ay 200 manat icarə haqqı ödəməlidir. İddiaçı izahatında bildirib ki, iddianın verildiyi tarixə qədər cavabdeh 1.400 manat icarə haqqı ödəyib. Müqavilənin bağlandığı tarixdən (xx.xx.2018-ci ildən) iddianın məhkəməyə verildiyi tarixədək (xx.xx.2019-cu ilədək) olan müddət 4 ay 6 gündən ibarətdir. İddianın əsası və iddiaçının izahatı nəzərə alındıqda belə nəticə hasil olur ki, cavabdeh nəinki 4 ayın icarı haqqını, hətta 7 ayın icarə haqqını ödəyib. Belə ki, ödənilən pulu (1.400 manatı) aylıq icarə haqqının məbləğinə (200 manata) böldükdə 7 ay əmələ gəlir. Ona görə də ilk iddia təmin edilə bilməz. İlk iddia başqa əsasla həll edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə iddianın əsası da nəzərdə tutulur, çünki iddianın əsası iddianın strukturuna daxil olan elementlərdən biridir. Məhkəmə iddianın əsasını dəyişmək hüququna malik deyil, Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə görə bu hüquq iddiaçıya aiddir. Əgər məhkəmə mübahisəni həll edərkən iddianın əsasından kənara çıxarsa, yəni iddiaçının istinad etmədiyi əsasla onun tələbini təmin və ya rədd edərsə, bu, prosesin çəkişmə prinsipinin və cavabdehin müdafiə olunmaq hüququnun pozulmasına səbəb olacaq. Belə ki, çəkişmənin predmetini yalnız iddiaçının nəyi (əşyanı və s.) tələb etməsi deyil, həm də hansı əsasla (hansı müqavilə üzrə və s.) tələb etməsi təşkil edir. İddia ərizəsinin surəti cavabdehə ona görə təqdim olunur ki, iddiadan müdafiə oluna bilsin. Cavabdehin müdafiə oluna bilməsi üçün ondan nəyin (əşyanın və s.) tələb edildiyini bilməsi kifayət deyil, həm də hansı əsasla (hansı müqavilə üzrə və s.) tələb edildiyini bilməlidir. Cavabdeh iddianın əsasını bilmədən iddiadan müdafiə oluna bilməz: iddianın əsasına etirazını bildirə bilməz, iddianın əsasını təkzib edən sübutlar təqdim edə bilməz və s. İddianın əsası isə iddia ərizəsində göstərilir, cavabdeh iddia ərizəsinin məzmunu ilə tanış olaraq iddianın əsasını bilir və buna müvafiq olaraq özünün müdafiəsini təşkil edir. İlk iddia ərizəsində qeyd olunub ki, cavabdeh xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqını ödəmir. Başqa hər hansı əsasa istinad olunmayıb. Tərəflərin arasında digər müqavilənin bağlanması, digər razılaşmaların olması və digər bu kimi halların mübahisənin həllində əhəmiyyəti yoxdur, çünki iddia ərizəsində onlara istinad olunmayıb. İlk iddia rədd olunarkən Mülki Məcəllənin 685.2.1-ci maddəsindəki norma tətbiq olunmalıdır. Həmin maddəyə görə kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. İlk iddia mahiyyətinə görə kirayə müqaviləsinin ləğvini nəzərdə tutur, yəni iddiaçı cavabdehin sahədən çıxarılmasını tələb etməklə faktiki olaraq kirayə müqaviləsinin ləğv edilməsini istəyir. İcarə münasibətinə əmlak kirayəsi haqqında müddəaların tətbiq edilməsi Mülki Məcəllənin 700.3-cü maddəsinə görə mümkündür. Müəyyən olunur ki, iddianın məhkəməyə verildiyi tarixə qədər cavabdeh xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsini gecikdirməyib. İcarə hüququ dövlət reyestrində qeyd alınmayıb, lakin bu halın hazırkı mübahisənin həllində əhəmiyyəti yoxdur. Birinci, həmin hal iddianın əsasına aid deyil. İkinci, iddia ərizəsində istinad olunan icarə müqaviləsi 2 il müddətinə bağlanılıb. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Bu o deməkdir ki, müddəti 11 aydan artıq olan icarə müqaviləsi ilə müəyyənləşdirilən icarə hüququ qeydə alındığı andan əmələ gəlmiş sayılacaq. Belə ki, Mülki Məcəllənin 14.3-cü maddəsinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Odur ki, 11 aydan artıq olan müqavilə üzrə icarə hüququnu dövlət reyestrində qeyd aldırmaq istəyən şəxs müqaviləni yazılı formada bağlamalıdır, əks təqdirdə icarə hüququ əmələ gəlməyəcək. Lakin göstərilən qaydaya əməl edilməməsi icarə müqaviləsinin etibarsızlığına səbəb olmur, icarə müqaviləsi əqd kimi etibarlı sayılır. Əqd ilə müəyyənləşdirilmiş hüququn qeydə alınmaması əqdin etibarsızlığına səbəb olmur. Əqdin etibarsızlığına əsas kimi götürülən istənilən hal əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmalıdır, hüququn qeydə alınması əqd bağlandıqdan sonraya aid olan halıdır. Üçüncü, mübahisə icarə hüququnun müdafiəsi barədə olduğu halda reyestr qeydinin əhəmiyyəti var. Hazırkı işdə mübahisə icarə hüququnun müdafiəsi barədə deyil, icarə predmeti olan əşyanın qaytarılması barədədir. Beləliklə, birinci instansiya məhkəmə ilk iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ilk iddiaya aid hissədə ləğv edilməli və ilk iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması barədə” ilk iddiasına aid hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması barədə” ilk iddiası rədd olunsun. Ekspertiza xərci kimi 126 manat İddiaçı Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar