Məhkəmə qərarları › İş №2(103)-7995/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7995/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7995/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı “xxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 47\L-12 saylı lizinq müqaviləsinin obyekti olan bir ədəd “xxxxxxxxxxxxxxxxxxx” markalı yük avtomobilinin MMC-dən alınaraq özünün mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxx” MMC ilə arasında xx.xx.2012-ci il tarixdə 47/L-12 saylı lizinq müqaviləsi və X2 arasında xx.xx.2012-ci il tarixdə 42 saylı alqı-satqı müqaviləsi bağlanaraq bir ədəd “SHACMAN” SX3314DM366 markalı yük avtomobili tərəfindən lizinqə götürülmüş, lizinqin ümumi dəyəri 67 000 manat təkil etmiş, lizinq ödənişlərini bir müddət həyata keçirsə də, sonradan müəyyən müddət öhdəliyini icra edə bilməmiş, bu səbəblə “xxxxxxxxxxx” MMC Yasamal Rayon Məhkəməsinə müraciət edərək ondan və digər zamin şəxslərdən lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın tutulmasını və lizinq obyektinin qaytarılmasını xahiş etmiş, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsilə iddia qismən təmin olunaraq cəmi 27 037 manat məbləğində pul vəsaitinin MMC-nin xeyrinə tutulması qət olunmuşdur. “xxxxxxxxxxx” MMC həm lizinq obyektinin dəyərini hər ay onun əmək haqqına tutmaların yönəldilməsi yolu ilə ondan almasına baxmayaraq, lizinq obyekti olan maşını ona qaytarmamışdır. Yasamal Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə maşının qaytarılması tələbini təmin etmədiyindən, hesab edir ki, avtomobil MMC-dən alınaraq ona qaytarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu, iddiaçı ilə xx xxxxxx 2013-cü il tarixdə bağlanmış lizinq müqaviləsi üzrə onun 22 000 manat ilkin ödəniş həyata keçirməklə 45 000 manat lizinq ödənişi ödəməli olduğunu, lakin sonradan avtomobili qanunsuz olaraq başqasına verdiyini, tam yararsız hala düşən avtomobili həmin şəxsdən alıb evakuatorla gətirdiklərini, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ödənilməyən lizinq ödənişlərinin və mükafatın iddiaçıdan tutulduğunu, sonradan avtomobilin tərəflərindən başqa bir şəxsə satıldığını və satışdan əldə olunan 4500 manatın iddiaçının qətnamə ilə təsbit edilən borcundan çıxıldığını, xx.xx.2019-cu il tarixdən etibarən iddiaçının maaşından qətnamənin icrası qaydasında 4954,63 manat tutulduğunu, hazırda onun 17 582,63 manat borcunun qaldığını, lizinq müqaviləsi üzrə ödənişlər tam həyata keçirilmədiyi üçün iddiaçının avtomobil üzrərində mülkiyyət hüququnun yaranmadığını, buna görə də iddiasının əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, “xxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixdə 47/L-12 saylı lizinq müqaviləsi bağlanaraq ümumi dəyəri 67 000 manat olan “Shacman” markalı yük avtomobili yararlı vəziyyətdə 36 ay müddətinə İddiaçı lizinqə verilmiş, o, müqavilədə müəyyən olunmuş şərtlərlə lizinq obyektini qəbul edərək lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı 22 183 (iyirmi iki min yüz səksən üç) manat əsas, 4854 manat faiz (mükafat) borcu olmaqla cəmi 27 037 manatın tutularaq “xxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması qət edilmiş, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. İddiaçı da məhz həmin qətnaməyə istinad etmiş, lizinq ödənişlərinin ondan tutulmasına baxmayaraq avtomobilin ona qaytarılmamasının qanunsuz olduğunu irəli sürmüşdür. Kollegiya iddiaçının həmin arqumentinin əsassız olduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə görə, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan lizinq ödənişlərini tam ödədikdən sonra lizinq obyektinə mülkiyyət hüququ əldə edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı lizinq müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmiş, bu səbəblə də ondan müvafiq dövr üzrə lizinq ödənişləri və mükafat borcu tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı mübahisəsi gedən avtomobilin “Öhdəliyin ötürülməsi haqqında” xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə X1 verildiyi, bunun müqabilində həmin şəxsin 4500 manat ödəniş həyata keçirdiyi, həmin ödənişin iddiaçının MMC-nə olan borcundan çıxıldığı müəyyən olunmuşdur; sözügedən müqavilənin etibarlılığı mübahisələndirilmədiyi təqdirdə isə avtomobilin həmin şəxsdən geri alınması mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı “xxxxxxxxxxx” MMC-nə hazırda 17 582,63 manat borcu qalmışdır və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.3-cü bəndinin mənasına görə, onun avtomobil üzərində hüquq iddia etməsi müqavilə şərtlərinə də uyğun deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2401/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar