Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7995/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2312/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzil ilə əlaqədar keçrilmiş hərrac və onun nəticələri barədə 04/02 nömrəli protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli 2(105)-35/2019 saylı Qətnaməsi (‘Qətnamə”) ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 14582/2019 saylı, 06.10.2016-cı il tarixli qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun tutulması (24,504.31 ABŞ dolları) və ipoteka predmetinin ilkin satış qiymətinin (45,000.00 manat) müəyyənləşdirilməsi hissəsində dəyişdirilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (‘İddiaçı”) Qətnamənin alınması ilə bağlı ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmiş və Qətnaməni rəsmi olaraq 22.05.2020-ci il tarixdə alaraq, 21.07.2020-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(105)-35/2019 saylı qərardadı ilə qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.11.2020-ci il tarixli, 2(102)-5453/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Qətnaməsi qüvvəyə minməmişdən əvvəl, 26.02.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmaqla hərracıntəşkili barədə 2(105)-35/2020 saylı icra sənədini hazırlayıb Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi 02.03.2020-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul etmişdir. 26.10.2020-ci il tarixdə icra sənədi üzrə ipoteka predmetinin açıq hərracda satışının təşkil olunması məqsədi ilə Sumqayıt şəhəri üzrə İcra idarəsi Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh”) sifariş göndərmişdir. İddiaçı 11.12.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək, məhkəmə qərarının qüvvəyə minməməsi səbəbindən hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq, 27.11.2020 və 14.12.2020-ci il tarixlərində Cavabdeh tərəfindən qanunsuz olaraq iki hərrac keçirilmişdir. Cavabdeh 16.12.2020-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair təklifi Sumqayıt şəhəri üzrə İcra idarəsinə və ‘Xalq Bank” ASC-nə göndərmişdir. İddiaçı 30.12.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 26.02.2020-ci il tarixli hərracın təşkili barədə 2(105)-35/2020 saylı icra sənədinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə isə, öz növbəsində, 15.01.2021-ci il tarixdə bildirmişdir ki, “qətnamədən verilmiş apelyasiya və kassasiya şikayəti ilə bağlı icra hərəkətlərinin dayandırılması icra qurumuna aid edilmişdir”. Bununla da, Sumqayıt Apelyasiya Məhkəməsinin İddiaçının məktubunu belə bir formada əsaslandırması daha əvvəl qəbul etmiş olduğu qərar ilə ziddiyyət təşkil edir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(105)-35/2019 saylı qərardadı ilə qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilmiş və şikayət aidiyyəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı 15.01.2021-ci il tarixdə təkrar olaraq Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli 2(105)-35/2019 saylı qətnaməsindən kassasiya şikayəti verdiyini və həmin qətnamənin qüvvəyə minməməsi səbəbindən hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi 599/41 saylı, 18.01.2021-ci il tarixli hərracın dayandırılması haqqında bildiriş ilə cavabdehə müraciət edərək, hərracın dayandırılmasını xahiş etmişdir. İddiaçı 12.01.2021-ci il tarixdə şikayət ərizəsi ilə Sumqayıt şəhəri Regional Ədliyyə idarəsinə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra idarəsinin qanunsuz icra hərəkətlərinin dayandırılması və barələrində tədbir görülməsini tələb etmişdir. Bu ərizəyə cavab olaraq Sumqayıt şəhəri Regional Ədliyyə İdarəsi 06/125 saylı, 26.02.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən İddiaçının ərizəsi əsaslı hesab olunmuş və 18.01.2021- ci il tarixdə hərracın dayandırılması ilə bağlı cavabdehə məktub göndərilmişdir. İddiaçı 18.03.2021-ci il tarixdə cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh Hərracın yekunları barədə 04/02 saylı protokolu İddiaçıya təqdim etmişdir. Həmin Protokolda tarix olaraq 14.01.2021ci il qeyd edilmişdir. Maraqlısı odur ki, cavabdeh tərəfindən təqdim edilmiş protokol nə Sumqayıt şəhəri üzrə İcra idarəsi, nə cavabdeh, nə də ki "xxxx" ASC tərəfindən imzalanmamışdır. Qanunsuz olaraq təşkil edilmiş hərracın nəticəsində iddiaçı həmin hərracda iştirak edə hilməmişdir. Halbuki, iddiaçı hərracda iştirak edib həmin əmlakı özü də əldə edə bilərdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2312/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanlanmış 26.02.2021-ci il tarixli 06/125 nömrəli məktubun surətindən görünür ki, 26.10.2020-ci il tarixdə icra sənədi üzrə ipoteka predmeti üzrə Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin açıq hərracda satışının təşkil olunması məqsədi ilə "xxxx" MMC-yə sifariş göndərilmişdir. 15.01.2021-ci il tarixdə icra idarəsinə daxil olmuş ərizədə iş üzrə Ali Məhkəməyə kasassiya şikayəti verildiyindən hərracın keçrilməsinin dayandırılması xahiş olunmuşdur. Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən ərizə əsaslı hesab olunmuş və 18.01.2021-ci il tarixdə hərracın dayandırılması ilə bağlı "xxxx" MMC-yə məktub göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin "xxxx" MMC-yə və İddiaçı ünvanlanmış 18.01.2021-ci il tarixli 599/41 nömrəli məktubun surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmaqla hərracın təşkili barədə 26.10.2020-ci il tairxdə 46/41 saylı məktubla müraciət olunmuşdur. Hazırda iş üzrə kassasiya şikayəti verildiyi üçün Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin hərracının dayandırılması xahiş olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 11.08.2020-ci il tarixli 2(105)-35/2019 saylı qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(105)-35/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(105)-35/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.12.2020-ci il tarixli 2(102)-5453/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 26.10.2020-ci il tarixli 46/41 nömrəli "xxxx" MMC-nə ünvanlanmış hərracın keçrilməsi haqqında sifairşin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-35/2020 saylı, 26.02.2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 2(105)-35/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14582/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qətnaməsi kredit müqaviləsi üzrə əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilərək cavabdeh İddiaçı 13.03.2015-ci il tarixli, **********99415 saylı kredit müqaviləsi üzrə 24504,31 ABŞ dolları məbləğində əsas borc (manat məzənnəsi ilə) tutularaq ASC “Xalq” Bankına verilməsi və ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəlibinanın 21 nömrəli mənzilin açıq hərracdakı ilkin satış qiyməti 45.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 05.11.2020-ci il tarixli 01/2136 nömrəli hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin №46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubu və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 35/2020 saylı, 26.02.2020-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinə dair 27.11.2020-ci il tarixdə saat 11:00-dan 17:00-dək hərracın keçrilməsi vaxtı müəyyən edilmiş və ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilmişdir. Bildirişlə bağlı “FM express” kuryer xidmətləri üçün 169161 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 11.11.2020-ci il tarixdə saat 18:55-də poçt qəbzini imzalayaraq qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 02.12.2020-ci il tarixli 01/2452 nömrəli hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin №46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubu və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 35/2020 saylı, 26.02.2020-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinə dair 14.12.2020-ci il tarixdə saat 11:00-dan 17:00-dək hərracın keçrilməsi vaxtı müəyyən edilmiş və ilkin satış qiyməti 45.000-15%=38.250 (otuz səkkiz min iki yüz əlli) manat müəyyən edilmişdir. Bildirişlə bağlı “FM express” kuryer xidmətləri üçün 169971 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 08.12.2020-ci il tarixdə saat 18:52-də poçt qəbzini imzalayaraq qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC-nin 16.12.2020-ci il tarixli 01/2606 nömrəli "xxxx" ASC-nə və digərlərinə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin № 46/41 saylı 26.10.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 21 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 16.12.2020- ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 28.687,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 01-07 dekabr 2020-ci il tarixli birja yenilikləri qəzetinin 225 nömrəli sayından və 16 dekabr 2020-ci il tarixli birja yenilikləri qəzetinin 227 sayından görünür ki, hərracın keçirilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan "xxxx" Sumqayıt filalının X2, İddiaçı, X3 və X4 ünvanlanmış 17.03.2021-ci il tarixli 33 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(105)-35/2019 saylı, 22.08.2019-cu il tarixli qətnaməsi ilə ASC “Xalq” Bankı (“Bank”) və İddiaçı arasında bağlanmış 13 mart 2015-ci il tarixli **********99415 saylı kredit müqaviləsi üzrə bankın tələblərinin təmin edilməsi üçün 13 mart 2015-ci il tarixli **********99415 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mülkiyyət hüququ üzrə X1 məxsus Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1/28 nömrəli binanın 1ci mərtəbəsində 41.1 kv.m ümumi, 23.1 kv.m yaşayış, 18.0 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 21 nömrəli mənzilə tutma yönəldilməsi və həmin mənzilin dəyərindən bankın iddia tələbinin ödənilməsi qərara alınmışdır. Bank tərəfindən qeyd edilən mənzil qanunverciliyə uyğunolaraq 10.02.2021-ci il tarixdə əldə edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin əmlak üzərində bankın mülkiyyət hüququnu təsdiq edən elektron çıxarış alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 22.08.2019-cu il tarixli qətnaməsi və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə istinad edərək yaşayış evini 30 gün müddətindən gec olmayaraq tərk edilməsi tələb edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş 22.12.2012-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1977-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan poçt qəbzinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən daşınmaz əmlaka hərracın keçrilməsi tarixi barədə məlumatlı olmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, hərrac təşkilatı icra məmurunun sifariş əsasında hərracı keçirdiyi üçün yalnız sifarişçinin ona ünvanladığı tələbləri yerinə yetirməkdə məsuldur və nə tələbkarın, nə də borclunun tələbi, yaxud xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Buna görə də kollegiya iddiaçının, apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verdiyi üçün hərracın dayandırılmalı olması barədə arqumentini əsaslı hesab etmir – çünkü sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilməmişdir. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü digər arqumentlərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC, Sumqayıt şəhər icra və probasiya şöbəsinin sifarişi əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2019-cu il tarixli il tarixli icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 45 000 manat müəyyənləşdirilmiş mənzil 28.687,50 manata tələbkara ("xxxx" ASC-nə) təklif olunmuşdur. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə bildirişlər İddiaçı qeydiyyatda olduğu ünvanına göndərilmiş, iddiaçı həmin bildirişləri imzalayaraq almış, “Birja Yenilikləri” qəzetinin müxtəlif tarixli buraxılışlarında mənzilin ilkin satış qiyməti 45.000 manat olmaqla 27.11.2020-ci il tarixdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə məlumat dərc edilmiş, həmin tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından, 14.12.2020-ci il tarixdə satış qiyməti 38.250 manat olmaqla təkrar hərraca çıxarılacağı barədə elan yerləşdirilmiş, daha sonra təkrar hərracın baş tutmadığı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2312/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7995/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7995/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver