Məhkəmə qərarları › İş №2(103)-80/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-80/2025

14.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-80/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 Şirkətinin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı “X8 Şirkəti”nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-79/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı şirkətinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 2406 saylı Cavabdeh torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında adına və istifadəsinə verilməsi haqqında qərarı ilə müəyyən olunur ki, X4 ərizə ilə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsini xahiş etmiş və Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisinin istifadəsində olan 600 m² torpaq sahəsinin 200 m² hissəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh adına keçirilmişdir.

2. “X11 Bi.Vi.” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə bağlanmış, 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında Sazişdən müəyyən olunur ki, Saziş üzrə Əməliyyat şirkəti qismində İddiaçı şirkəti fəaliyyət göstərir. 3.Torpaq sahəsinin coğrafi kordinatlarından müəyyən olunur ki, tikili 1. 398806,334 4478866,554; 2. 398820,610 4478864,413; 3. 398818,468 4478852,993; 4. 398804,907 4478855,848 koordinatlarda yerləşən torpaq sahəsi 901-İİQD №-li xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli № 296 Sərəncamı əsasında İddiaçı şirkətinə ayrılan torpaq sahəsində yerləşir

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı “X8 Şirkəti” Cavabdeh qarşı özbaşına tiklidən çıxarılma, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qanuni istifadəsinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 10 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, Cavabdeh şirkətin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X11 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X11 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X8 şirkətləri arasında imzalanmış X3 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən X8 şirkətinə (Şirkət) neftqaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (Hökumət) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının olması mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında” (xx.xx.2005-ci il tarixli 901-İİQD M-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən isə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafıq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə, sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Bundan başqa, cavabdeh tərəfindən Dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi zəbt olunaraq üzərində özbaşına tikili inşa edilməklə qanunvericiliyin tələbləri pozulmuşdur.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-79/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi qənaətdə göstərib ki, X11 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında» Saziş («Saziş») imzalanmış, 15 may 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində X8 şirkəti fəaliyyət göstərir. Daha sonra araşdırma zamanı tədqiq olunmuş sübutlarla cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudları (1. 398806,334 4478866,554; 2. 398820,610 4478864,413; 3. 398818,468 4478852,993; 4. 398804,907 4478855,848 koordinatlar) daxilində özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin inşa etdiyi tikilinin Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratmasını bildirsə də, hazırkı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehin uzun müddət yaşadığı yaşayış evinin cavabdehin öz hesabına sökülərək torpaq sahəsindən çıxarılmasını xahiş edir. İddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin yaşayış yeri olduğundan, neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab etmişdir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı “X8 Şirkəti”nin apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edib göstərir ki, məhkəmə iddiaçıya qarşı birmənalı olaraq qərəzli mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda və ərazi Şirkətə məxsus olduğu halda, yalnız cavabdehə Şirkət tərəfindən kompensasiya ödənilməklə iddianın təmin edilməsinin mümkün olduğunu bildirmiş və bu əsasla da Şirkətin qanuni iddiasını təmin etməmişdir. Mübahisəli torpaq sahəsinin vətəndaş X2 adına ayrılması və sonradan həmin torpaq sahəsinin Cavabdeh adına keçirilməsi barədə Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 1541 saylı, xx.xx.2006-cı il tarixli və 2406 saylı, xx.xx.2006-cı il tarxli Qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, cavabdehin həmin arqumenti “Azərbaycan Respublikasının 901-İİQD saylı,29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “X7 haqqında Saziş” qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Beləliklə də Binəqədi Rayon Məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, Cavabdeh arqumenti olan Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin müvafiq qərarları öz qüvvəsini itirdiyi üçün onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istənilən torpaq sahəsinin təyinatı hər hansı qurumun və ya təşkilatın deyil, yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəyişdirilə və ya müəyyən edilə bilər. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X7 haqqında Saziş”ə və “X6”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. Həmçinin analoji iş üzrə Ali Məhkəmənin 2(102)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinatları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımı şəkildə qiymətləndirilməmişdir. Beləliklə, məhkəmənin qətnaməsində göstərdiyi bu əsaslar tam qanunsuz və qərəzlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qeyri-qanuni dəlillərinə hüquqi don geyindirilməklə onun əsassız arqumentlərini əsaslı hesab etmiş, lakin, məhkəmə gedişatı zamanı Şirkətin (nümayəndəsinin) təqdim etdiyi dəlillərə heç bir əhəmiyyət verməmişdir. Bununla da, Şirkətin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsinin “mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması yalnız bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər” fikrinə münasibətdə qeyd edilir ki, iddiaçı Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayaraq, həmin Sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərə tutulmamşdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərədə tutulmuşdur. Lakin göründüyü kimi hazırki iş üzrə torpaq sahəsinin mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Yəni torpaq sahəsi müvafiq Beynəlxalq Sazişlə Şirkətin istifadəsinə verildiyi üçün Şirkətin özünə aid olan torpaq sahəsinə görə cavabdehə kompensasiya ödəməsi absurd fikirdir. Binəqədi Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, onun özbaşına tikili inşa etməsi ilə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatları pozulur və eyni zamanda sənaye təyinatlı ərazidə inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Həmçinin Binəqədi rayon məhkəməsinin qətnamədə qeyd etdiyi mövqeyi tamamilə yanlışdır ona görə ki, Şirkətin əsaslı iddiasının təmin edilməsi üçün Azərbaycan Respublikasının kifayət qədər qüvvədə olan Qanunvericilik norması olduğu halda, məhkəmə cavabdehin özbaşına və qanunsuz, eləcə də iddiaçı Şirkətin hüquqlarını pozan əməllərinin leqallaşdırılması üçün presedent hüququ yönümündə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarına istinad etməsi özü əsassız və qanunsuzdur. Yəni, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində presedent hüququ nəzərdə tutulmadığı halda, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi əsassız olaraq bu hüquqa istinad etməklə sözügedən qətnaməni qəbul etmişdir. Belə ki, məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında iddiaçı “X8 Şirkəti”nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilib iddianın təmin edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ I. Maddə Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. II. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 22.1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Hazırki iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır.

23. Məhkəmə tərkibi hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə Cavabdeh yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində inşa edilən tikilinin İddiaçı Şirkətinin ərazisi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən etmək üçün mütəxəssis rəyi alınmaqla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

24. Ekspertiza əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilib ki, qeyd olunan torpaq sahəsinə texniki baxış üçün "X8" şirkətinin nümayəndəsi ilə birgə ünvanda oldu, lakin giriş-çıxış qapısının bağlı olduğundan sözügedən torpaq sahəsinə daxil olmaq mümkün olmadı. Sahəyə vizual olaraq baxış keçirildi. Torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil). Sahənin qeydiyyatı barədə məlumat yoxdur.

25. Məhkəmə tikinti texniki ekspertizasının, 24 fevral 2025-ci il tarixli rəyində qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 21,06.2024cü il tarixli, 3-21-3-30/2-23256/2024 nömrəli mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, baxış zamanı təqdim olunmuş sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olduğu (Binəqədi Oil) müəyyən edilmişdir. Baxış zamanı təqdim olunmuş torpaq sahəsinin yaxınlığında neft quyusu aşkar olunmamışdır.

26. Əvvəla, Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi rayon 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901 saylı Qanunu ilə təsdiq edilmiş, «Azərbaycan Respulikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında» Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşməsi iş materialları, o cümlədən apellyasiya baxışı zamanı alınmış mütəxəssiz və ekspert rəyi ilə mübahisəsiz olaraq təsdiq olunur. Cavabdeh tərəf mübahisəli torpaq sahəsinin həqiqətən də Bələdiyyəyə məxsus olmasına, Bələdiyyənin bu torpağa dair sərəncam vermək səlahiyyətinin olmasına, ümumiyyətlə bu kateqoriyalı torpağın fərdi yaşayış sahəsinin tikilməsi üçün ayrılmasının qanunvericilikdə nəzərdə tutulmuş imkanlarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, əgər cavabdeh iddia tələbinə etiraz edərsə, yəni mübahisəli torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsində və sahibliyində olduğunu bəyan edərsə bunu sübut etməlidir. Çünki bu halların sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin cavabdeh ümumiyyətlə məhkəmə iclaslarında iştirak etmir.

27. Cavabdeh tərəfindən inşa olunan tikilinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Bu hal özü də iddianın təmin edilməsi üçün əsas idi. Çünki qeyd olunan sahələrdə yaşamaq üçün ev (özbaşına tikili) inşa olunması özü-özlüyündə təhlükəli olmaqla yolverilməzdir. Belə ki, bu hal da onu təsdiq edir ki, neft quyularının və neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi hər hansı bir hüquqla Bələdiyyəyə məxsus olsa belə, həmin ərazilərdə fərdi yaşayış evi tikilməsi üçün torpaq sahəsi ayrıla bilməzdi. Birinci instansiya məhkəməsi bir tərəfdən mübahisəli tikilidə yaşamağın texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğunu, digər tərəfdən isə tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılmasının müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilməsini, çünki iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəyini göstərsə də, gəldiyi qənaət düzgün olmamışdır. Çünki “Əhmədova Azərbaycana qarşı” olan Avropa Məhkəməsinin qərarında Konvensiyanın 8-ci maddəsinin pozuntusu müəyyən edilsə də istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

28. Mübahisəli torpaq sahəsində tikilinin aparılmasına icazə verən hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, hazırkı iddianın rədd edilməsi üçün deyil, təmin olunması üçün əsas olmalı idi. Lakin birinci instansiya məhkəməsi bu halı da nəzərə almamışdır.

29. İddiaçı şirkəti hazırki iddia ilə, o cmlədən analoji işlər üzrə minlərlə iddialarla iddiaçı qismində məhkəmələrə müraciət etmiş və bununla bağlı hər üç instansiya məhkəməsindən keçmiş, qanuni qüvvəyə minmiş çoxsaylı məhkəmə aktları mövcuddur. İddiaçı Sazişin pay iştirakçısı olub-olmadığından asılı olmayaraq, dövlət tərəfindən seçilmiş podrat şirkətidir və bununla bağlı ona səlahiyyət verilmişdir. Qeyd olunduğu kimi, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması, eyni zamanda onun iddiaçı kimi iştirak etdiyi minlərlə qanuni qüvvəsini almış məhkəmə aktının qanuniliyini də şübhə altına ala bilər.

30. Apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Çünki mübahisəli torpaq sahəsinin neft sənayesinə aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyi pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadan düzgün olmayan yekun nəticəyə gəlinmişdir.

31. Göstərilənlərlə yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. Belə ki, ilk növbədə tikililərin sökülməsi və cavabdehin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələ müzakirə edilməlidir. Apellyasiya baxışı zamanı tikililərin sökülməsi və cavabdehin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçı tərəfindən heç bir dəlil irəli sürülmədi. Buna görə də qətnamənin icra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi üçün qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edilməlidir.

32. Bununla yanaşı, Cavabdeh qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda, Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilir.

33. Şərh olunanlara əsasən İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-79/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməli; Cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazisindəki 1 saylı mədənin 5-ci sahəsində (1. 398806,334 4478866,554; 2. 398820,610 4478864,413; 3. 398818,468 4478852,993;

4. 398804,907 4478855,848 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli, torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalı və ödənilmiş 10(on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli; qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.2, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-79/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazisindəki 1 saylı mədənin 5-ci sahəsində (1. 398806,334 4478866,554; 2. 398820,610 4478864,413; 3. 398818,468 4478852,993;

4. 398804,907 4478855,848 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün, torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılsın və ödənilmiş 10(on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar